İlboyu sosial şəbəkələrdə müxtəlif acı xəbərlərə rast gəlirik: “Dənizdə iki nəfər boğuldu. Dəm qazı yenə can aldı. “Gözəgörünməz qatil” bu gecə bir ailəyə faciə yaşatdı”.
Sözsüz ki, həyatını itirənlərə təəssüf hissi keçiririk. Narahatlıq doğuran haldır ki, hər il dəm qazından zəhərlənmələrin və bunun nəticəsində ölüm hadisələrinin sayı artmaqdadır. Bu bəla artıq adi hala çevrilib. Statistikaya görə, ötən il Azərbaycanda 424 dəm qazı hadisəsi qeydə alınıb, bu zaman 483 nəfər zəhərlənib və 44 nəfər həyatını itirib. 2025-ci ilin ilk üç ayı ərzində isə 33 nəfər dəm qazından zəhərlənib. Bu il oktyabr ayının 9-da dəm qazından ilk ölüm qeydə alınıb. Belə ki, Xaçmaz rayonu Qıraqlı kənd tam orta ümumtəhsil məktəbinin İnformatika müəllimi Mehriban Qafarlı gənc yaşlarında dünyasını dəyişməsinə səbəb dəm qazından zəhərlənməsi olub.
İstiliyə tələbatın artdığı bu mövsümdə qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi sonda acı nəticələrə səbəb ola bilər. Payız-qış mövsümündə təbii qazın istifadəsinə tələbat xeyli artır. Havaların soyuması dəm qazı “tor”una düşənlərin də çoxalmasına səbəb olur. Təəssüf ki, hər il eyni xəbərdarlıqlar edilməsinə və tövsiyələr verilməsinə baxmayaraq, faciəvi hallar təkrarlanır.
Qazdan zəhərlənmə və boğulma hallarını yaradan səbəblərdən biri də bu prosesdə əhalinin özbaşına müdaxiləsidir. Belə ki, əhali kustar üsulla hazırlanan, standartlara cavab verməyən sobalardan istifadə edir. Bu da sonda xoşagəlməz hadisələr və faciələrlə nəticələnir.
Bakı küləklər şəhəri olduğundan sobaların mənzildən xaric olan borusu küləyə qarşı olarsa və bu boru qorunmazsa, o zaman həmin boru küləyin təsirindən tüstünü və dəm qazını içəri vurur. Bu da sonda həmin xoşagəlməz hadisələrlə nəticələnir.
Mütəxəssislərin fikrincə, dəm qazından zəhərlənmədən qorunmaq üçün payız-qış mövsümü başlanmazdan əvvəl müvafiq sahənin əməkdaşları tərəfindən sobalara baxış keçirilməli, tüstü bacalarının sazlığı və işə yararlı olması yoxlanılmalı, yalnız bundan sonra cihaz istismara buraxılmalıdır. Qazın tərkibindəki zərərli maddələr havada 3-4 dəqiqə asılı qaldıqda belə orqanizmimiz ondan təsirlənir. Bu hallarda zəhərlənmə həmin mühitdə nə qədər müddət qalmağımızdan asılı olaraq ağır və ya yüngül olur. Zəhərlənən şəxsə düzgün ilkin yardım göstərlilərsə onu həyata qaytarmaq da mümkün olur. Zəhərlənən şəxsi ən birinci olduğu mühitdən uzaqlaşdırmaq, təmiz hava ilə təmas etdirmək mütləqdir. Ağız boşluğunu, nəfəs yollarını selikdən təmizləmək lazımdır və dərhal təcili tibbi yardıma müraciət etmək vacibdir. Quraşdırılan hər bir məişət qaz qızdırıcısı standarta uyğun, onların təhlükəsizlik qurğuları daim saz vəziyyətdə olmalı və istifadəsi zamanı müəyyən olunmuş təhlükəsizlik qaydalarına tam riayət edilməlidir. Mütəxəssislərin digər məsləhəti budur ki, havaçəkən sistem işləməli, nəfəslik açıq olmalıdır. Hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalıdır. Tüstü bacaları isə ildə iki dəfə təmizlənməlidir. Tüstü boruları binaların dam örtüyünün xarici səthindən 70 sm yüksəklikdə olmalıdır. Sobaların korpusunda və tüstü borularında çatlar olmamalı, tüstü borularının təmizlənməsi qış mövsümü başlanmazdan əvvəl həyata keçirilməlidir. Bu qaydalara əməl olunarsa, faciələrə də yol açılmaz.
Dəm qazından qorunma hər bir insanın diqqətində olmalıdır. Qaydalara əməl etməklə həyatımızın təhlükəsizliyinə diqqət yetirməliyik. Qazla ehtiyatlı davranaq ki, həyatımızdan məhrum olmayaq!
Ekspert rəyi
Orxan MUSAYEV
Dəm qazı, yəni karbon monoksid, bir çox insanın həyatını təhlükəyə atan, amma görünməz və qoxusuz bir qazdır. Bu qazın əsas təhlükəsi onun hiss olunmamasıdır. İnsan orqanizmi bu qazı hiss etmədiyi üçün tədricən zəhərlənir. Dəm qazının təsirinə uğrayan şəxslər başgicəllənməsi, başağrısı, halsızlıq və yuxululuq kimi şikayətlərdən əziyyət çəkə bilər. Ancaq bu əlamətlər çox vaxt adi yorğunluq və ya başqa xəstəliklərlə, ciddi zərərlərə yol aça bilər. Bu mənada, dəm qazının qarşısını almaq və təhlükəsizliyi təmin etmək üçün bir neçə vacib addım atılmalıdır. İlk növbədə, qaz qurğularının düzgün işləməsi təmin edilməlidir.
Qaz cihazları, xüsusilə qaz sobaları və suqızdırıcıları mütəmadi olaraq yoxlanılmalı, hər il peşəkar mütəxəssislər tərəfindən texniki baxımdan nəzərdən keçirilməlidir. Qışa yaxın dövrdə havalandırma sistemləri də daha çox işləyir, buna görə də qaz cihazlarının və sistemlərinin düzgün işləməsi həyati əhəmiyyət kəsb edir. Düzgün işləməyən qurğular qaz sızmasına və alovlanma problemlərinə yol açaraq ciddi təhlükələrə səbəb ola bilər. Digər bir vacib məsələ isə tüstü bacalarının təmizlənməsidir. Tüstü bacası qazların və tüstünün evdən xaric edilməsini təmin edir. Ancaq tüstü bacalarında toplanan qaz qalıqları və digər maddələr tıxanmalara səbəb ola bilər. Bacaların tıxanması, qazların və tüstünün geri qayıtmasına, nəticədə isə zəhərlənmə və yanğın riskinin artmasına yol açır. Buna görə də tüstü bacalarının hər il, xüsusilə qış mövsümünə girməzdən əvvəl təmizlənməsi lazımdır. Bacaların təmizlənməsi həmçinin enerji sərfiyyatını optimallaşdırır və cihazların daha səmərəli işləməsinə kömək edir. Bəzən də qaz sobalarının dəm qazı çıxan yerində quş yuva qurur, bundan da ev sahibləri xəbərsiz olur. Bu ilin aprelində Tərtər rayonunda evlərin birində qaz sobasının çıxışında quşun yuva qurması nəticədə bir ailənin dörd üzvü dəm qazından boğularaq dünyasını dəyişdi.
Ən önəmlisi isə evlərdə və iş yerlərində qaz detektorlarının istifadə edilməsidir. Qaz detektorları karbon monoksidin və ya tüstünün toplanmasını erkən aşkar edərək, istifadəçini xəbərdar edir. Bu sadə, amma çox təsirli vasitələr, həyatımızı qorumağa kömək edir. Detektorların quraşdırılması bu gün artıq hər kəsin təmin etməli olduğu bir təhlükəsizlik tədbiridir. Cəmiyyət olaraq, hər bir vətəndaşın bu təhlükəsizlik tədbirlərinə riayət etməsi, ailəmizi qorumaq üçün atılmalı olan ilk addımdır. Tüstü bacalarının müntəzəm təmizlənməsi, qaz qurğularının yoxlanması və detektorların istifadəsi sadə amma həyati vacib tədbirlərdir. Bu tədbirlər həyatımızı qorumağa kömək və cəmiyyətin təhlükəsizliyini təmin edəcəkdir.
Bu kimi təhlükəsizlik məsələlərinə daha çox diqqət yetirməli və bu sahədə məlumatlılıq artırılmalıdır. Bu məsələdə həm dövlətin, həm də hər bir vətəndaşın məsuliyyəti var. Cəmiyyətin hər bir üzvü bu cür təhlükələrə qarşı özünü və ailəsini qorumaq üçün lazımi tədbirlər görməlidir.
Müşfiq MİRZƏ
XQ