Goranboy rayonunun Qarqucaq və Şəfibəyli kəndlərini birləşdirən Qaraçay çayı üzərində yerləşən və uzun müddətdir yararsız vəziyyətdə olan körpü əsaslı şəkildə yenidən qurularaq vətəndaşların istifadəsinə verilib.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Almaniyada yaşayan, əsli Goranboydan olan xeyriyyəçi iş adamı İlham Qasımovun maliyyə dəstəyi ilə həyata keçirilən yenidənqurma işləri nəticəsində körpü müasir tələblərə cavab verən şəkildə bərpa olunub. Bu təşəbbüs bölgə sakinlərinin gündəlik həyat şəraitinin yaxşılaşdırılması, kəndlərarası nəqliyyat əlaqələrinin daha təhlükəsiz və rahat şəkildə təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Körpünün istifadəyə verilməsi münasibətilə təşkil olunan tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İcra hakimiyyətinin başçısı tədbir zamanı kənd sakinləri ilə səmimi söhbətlər aparıb, onların gündəlik həyatında qarşılaşdıqları sosial problemləri dinləyib və bu məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib.
Layihənin reallaşması Goranboy rayonunda dövlət və vətəndaş həmrəyliyinin bariz nümunəsi kimi dəyərləndirilir. Rayonda bu kimi birgə təşəbbüslərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Goranboy