Cəbrayıl rayonundakı Mehdi Mehdizadə adına tam orta məktəbdə payon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Diqqət, uşaqlar!” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Məlumatı DİN mətbuat xidməti verib.
Tədbirin məqsədi məktəblilərdə yol hərəkəti qaydalarına əməl etmə bacarıqlarını artırmaq, uşaqlarda təhlükəsiz davranış mədəniyyətini formalaşdırmaq olub.
DYP əməkdaşları şagirdlərə piyada keçidlərindən düzgün istifadə, işıqfor siqnallarının mənası, yol nişanlarının əhəmiyyəti və nəqliyyatda təhlükəsiz davranış barədə əyani şəkildə məlumat veriblər. Onlara gündəlik həyatda diqqətli olmağın və qaydalara əməl etməyin vacibliyi izah olunub.
Tədbirin sonunda şagirdlərə yol hərəkəti təhlükəsizliyi ilə bağlı yaddaş vərəqələri və bukletlər paylanılıb.
P.Əmircanov
XQ