Doğru deyiblər ki, Vətən torpağı şəhid vermədən azad olunmaz. Şəhidlər bir ailənin, kəndin və qəsəbənin deyil, bütün Azərbaycanın övladlarıdır. Onların məzarları hər birimizin and yeridir.
Şəhid Natiq Əhmədov kimi qorxmaz, vətənsevər oğullar mərdliklə döyüşdülər, meydanda hünər göstərib erməni işğalçılarını torpaqlarımızdan qovdular. Onlar Vətən torpaqlarının bütövlüyü, xalqımızın xoşbəxt, firavan gələcəyi naminə canlarından keçdilər. Qəhrəman oğulların adları, xatirələri yüz illər keçsə də, xalqımızın yaddaşında yaşayacaq.
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Natiq 1997-ci il mart ayının 9-da Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində dünyaya göz açıb. Üç bacının tək qardaşı kimi böyümək məsuliyyətini artırmaqla yanaşı, onu daha da gücləndirmişdi. Bacılarının hər cür qayğısına qalmağı uşaqlıqdan qardaş borcu bilən Natiq dar günündə Vətənə oğulluq borcuna da sadiq qaldı.
2020-ci il sentyabrın 29-da könüllü olaraq Vətən müharibəsinə qoşulur. Gedərkən yalnız bacılarına xəbər verir, atasına isə bu barədə heç nə bildirmir. Lakin Natiqin atası Namiq həkim “Təcili yardım”da işlədiyindən, əsgər gedənlərin tibbi müayinəsi ona da həvalə olunubmuş. Namiq həkim əsgərlərin arasında oğlunu təsadüfən görür. Bundan heç də təəccüblənmir. Çünki uşaq vaxtlarından onu vətənpərvər böyütmüşdü. Namiq həkim o anları belə xatırlayır: “Həmin gün xəstəxanada növbətçi idim. Gecə saat 1-də Natiqi yoldaşları ilə birgə döyüşə özüm yola saldım. Sonra cəbhədən tez-tez zəng edirdi. “Ata, salamatlıqdır, irəliləyirik. Hər şey yaxşı olacaq, erməniləri torpaqlarımızdan qovacağıq”, – deyirdi. Oktyabrın 11-i sübh tezdən mənə zəng etdi ki, Hadrut istiqamətində hücuma keçirik. Orada ola bilər ki, əlaqə saxlaya bilməyim. Ağır döyüşlər gedir, haqqını halal elə. Amma narahat olma, sən mənimlə həmişə fəxr edəcəksən”.
Natiq Əhmədov elə oktyabrın 11-də Hadrut döyüşləri zamanı şəhid olur. Uşaq yaşlarında anasını itirən Natiqin şəhadəti anasının vəfatı gününə təsadüf edir. O, oktyabrın 13-də dəfn edilir. Məzarı Binə Şəhidlər xiyabanındadır.
Hüseyn Qurbanov Natiqin döyüş yoldaşı olub. Müharibə zamanı birgə addımlayıblar. Çalışdıqları qədər bir-birini düşmən gülləsindən qoruyublar. Müharibənin qələbə ilə başa çatmasını səbirsizliklə gözləyiblər. Hər ikisinin həyatda böyük arzuları olub.
Hüseynin yaddaşına Natiqin şəhid olma anı ömürlük həkk olub. O günü belə xatırlayır: “Hadrut istiqamətinə dağa qalxıb hücuma keçəndə, ermənilər bizi artilleriya zərbəsinə tutdu. Axırıncı top mərmisi Natiqin yanına düşdü. Mən gəlib Natiqə çatanda çoxlu qan itirmişdi, heç cür kömək edə bilmədim. Başını qollarımın arasına aldım, dil-dodağını islatdım, astaca silkələdim ki, danış mənimlə! Beş-altı saniyə üzümə baxdı, bircə kəlmə dedi: “Anamın yanına gedirəm”. Mən bölüyə çatanda komandirin ilk sualı bu oldu ki, “Natiq haradadır?”. Dedim, Natiq artıq yoxdur, dizlərimi yerə qoyub hönkürərək ağladım...”.
Döyüş yoldaşı onun qolundakı qanlı saatını və şəhid olduğu yerin torpağını yadigar olaraq götürür, qisasını alacağına söz verir və yaralandığı günə qədər Natiqin silahı ilə döyüşür.
Natiq komandiri olan Eldar Bəhramlı üçün çox əziz əsgər olub. Eldar kövrək xatirələrini belə dilə gətirir: “Qısa müddətdə onun necə qorxmaz bir igid olduğunu gördüm. İnana bilməzdim ki, onu itirəcəyəm. Bölüklə Hadruta girəndə şəxsi heyətə baxdım, uşaqların çoxu yox idi. Mənim gözüm Natiqi axtarırdı... İki-üç gün görmədiyim əsgəri sonra yenidən görəndə, elə bil dünyanı sənə verirdilər. Öz-özümə fikirləşdim ki, Natiq haradadırsa, gəlib çıxacaq. Onun ölümü mənə çox təsir etdi”.
Prezident İlham Əliyevin sərəncamları ilə çavuş Natiq Namiq oğlu Əhmədov ölümündən sonra “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Vətən üçün canından, qanından keçən Natiqin yaxınları üçün ən böyük təsəlli odur ki, şəhidlərimizin qanı yerdə qalmayıb.
Müşfiq MİRZƏ
XQ