“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində aprelin 24-də Laçında 30 ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə konfrans keçirilib.
Panel müzakirələrdə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusuna xüsusi diqqət yetirilməklə, regionda davamlı inkişaf üzrə əldə edilmiş mühüm addımlar müzakirə edilib.
“Qarabağda dayanıqlı inkişaf” mövzusunda keçirilən ilk panelin moderatoru ADA Universitetinin prorektoru Fariz İsmayılzadə olub.
Paneldə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevin çıxışları dinlənilib. Daha sonra sual-cavab sessiyası keçirilib.
Davamlı inkişafla bağlı müzakirələrdən sonra iştirakçılar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluq etdiyi “Yaşıl infrastrukturun inkişafı təcrübələri və alternativ və bərpa olunan enerji təşəbbüsləri” mövzusunda ikinci paneldə iştirak ediblər. Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, beynəlxalq ekspert Metyu Brayza, Cenevrə Dövlət Universitetində Qlobal ətraf mühit siyasəti proqramının direktoru Aleksandr Hedjazi, “Tracadero” Forum İnstitutunun rəhbəri Ellen Vasilina və “Methinks” şirkətinin enerji təhlükəsizliyi məsələləri üzrə mütəxəssisi Con Roberts Azərbaycanın ehtiyaclarına uyğunlaşdırıla bilən beynəlxalq praktikadan bəhs ediblər. İqtisadi və “yaşıl inkişaf”a fokuslanan beyin mərkəzləri və akademik institutların nümayəndələri işğaldan azad edilmiş ərazilərimizdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiqindən danışıblar.
Forum, həmçinin iştirakçılara Laçında inkişaf layihələri ilə yaxından tanış olmaq imkanı yaradıb. Səfərin bu hissəsində günün əvvəlində keçirilən nəzəri müzakirələrin praktiki tətbiqləri nümayiş olunub.
Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Metyu Brayza Xəzəryanı dövlətlərin dəniz problemlərini həll etmək üçün toplanacağı Xəzər Dialoq Platformasının təşkil olunmasını tövsiyə edib.
Cenevrə Dövlət Universitetində Qlobal ətraf mühit siyasəti proqramının direktoru Aleksandr Hedjazi Azərbaycanın COP29-a hazırlıq məsələsinə yanaşma tərzinə heyran olduğunu bildirib.
Paneldə çıxış edən “Tracadero” Forum İnstitutunun rəhbəri Ellen Vasilina qlobal səviyyədə təhsilin əhəmiyyətini vurğulayaraq, gənclərə hazırkı qlobal problemlərə hazırlıqlı olmalarını tövsiyə edib, bu istiqamətdə ADA Universitetinin mühüm rolunu vurğulayıb.
“Methinks” şirkətinin enerji təhlükəsizliyi məsələləri üzrə mütəxəssisi Con Roberts paneldə səslənən bütün fikirlərə qoşulduğunu və Azərbaycanda keçiriləcək COP29 tədbirinin bütün dünyaya faydalı olacağına ümidvar olduğunu bildirib.
Panel sessiyasının yekununda iştirakçıların sualları cavablandırılıb.
XQ