Rəqəmsallaşma idarəetmədə inqilabi yeniliklər yaradır

post-img

Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi, eləcə də müasir texnoloji sahələri dəstəkləyən rəqəmsal cəmiyyətin inkişafı sahəsində aparılan islahatlar ölkəmizin dünya dövlətləri arasında mövqeyini getdikcə yüksəldib.

Bundan başqa, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” kimi sənədlərdə iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası istiqamətində müəyyən layihələrin həyata keçirilməsi qarşıya mühüm vəzifələr kimi qoyulub. Bakıda “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən ikigünlük “INMerge İnnovasiya Sammiti”ndə bu barədə geniş bəhs edilib, müasir texnologiya və biznesin gələcəyini formalaşdıran rəqəmsallaşma və transformasiya ilə bağlı dəyişikliklərin, əsasən, neft-kimya və emal sənayelərində gerçəkləşdirildiyi diqqətə çatdırılıb.

Sammitdə bildirilib ki, rəqəmsal hökumətin ən mühüm komponentlərindən biri dövlət qurumları arasında məlumat mübadiləsini gücləndirən “Rəqəmsal körpü” layihəsidir: Hazırda rəqəmsal transformasiyanı daha da sürətləndirmək üçün bu sistemdə təkmilləşdirmələr həyata keçirilir. Bu cür layihələrin davamlı olacağı nəzərdə tutulur.

Rəqəmsal sənəd dövriyyəsi Azərbaycanda sənədsiz idarəetməyə doğru daha bir addımdır. Çünki ölkəmiz COP29-a evsahibliyi missisiyasını öz üzərinə götürməklə davamlı, innovativ təcrübələrə üstünlük verir. Bu kontekstdə rəqəmsal sənəd dövriyyəsi sistemi sayəsində hər ay 500 min vərəqdən çox kağıza qənaət edilir. Yəni, bu, hər il 2 min ağac qənaətinə bərabərdir. Hazırda özəl sektorun da rəqəmsal sənəd dövriyyəsində aktiv iştirakı təşviq edilir.

Təbii ki, son illərdə Azərbaycan Dövlət Neft Şirkəti də qətiyyətlə, usanmadan innovasiyalara doğru uğurlu addımlar atıb. Şirkət rəqəmsallaşmanın tətbiq dairəsini genişləndirmək məqsədilə Azərbaycan İnvestisiya Şirkəti ilə saziş imzalayıb. Bu sazişlə Cəbrayıl rayonunda 240 MVt-lıq Günəş Elektrik Stansiyasının tikintisini nəzərdə tutan “Şəfəq” layihəsinin həyata keçirilməsini, “yaşıl” enerjinin Sənqəçal terminalına daxil edilməsini və Dövlət Neft Şirkətinin bu layihə ilə regionda emissiyalarını 11 faiz azaltmasını şərtləndirən amillər sırasında rəqəmsallaşma önəmli ter tutub.

Sammitdə ən çətin sahənin rəqəmsal təhlükəsizliklə bağlı olduğu vurğulanıb: “Bu, nəzərə alınması mühüm olan bir məsələdir. Məsələn, Dövlət Neft Şirkəti rəqəmsal təhlükəsizlikdə xüsusi diqqəti kibertəhkükəsizliyə ayırır. Belə ki, biznesin dayanıqlı olması üçün kibertəhkükəsizliyin təmin edilməsi ən vacib amillərdən biridir”.

Bildirilib ki, Azərbaycanda transformasiya mühüm önəm daşıyır və sənaye transformasiyadan keçir. Geniş mənada hərtərəfli inkişafa, şaxələndirməyə ehtiyac var. Bu məsələdə ən mühüm amil IV sənaye inqilabıdır. İlkin olaraq strategiyada sənayenin transformasiyası ilə biznesin birləşdirilməsi nəzərdə tutulur. Burada da ən mühüm addımlarından biri hüquqi çərçivə ilə birliktə növbəti nəsil texnoloji mərkəzin yaradılmasıdır. Bu da, öz növbəsində, Türkiyədə təcrübəsi ilə səsləşir.

Bundan başqa, hökumət Azərbaycan iqtisadiyyatında əlverişli mühit formalaşdırmağa çalışır. Bununla bağlı görülən işlər özündə startaplar üçün proseslərin sadələşdirilməsini ehtiva edir. Burada vergi imtiyazları, eləcə də əqli mülkiyyət hüquqlarının mühafizəsi həm yerli, həm də xarici investisiyaların cəlb edilməsinə töhfə verir.

Sammitdə bu ilin sonuna qədər Azərbaycanın hər bir kəndinin yüksək sürətli internetlə təmin ediləcəyi də diqqətə çatdırılıb. Bu isə o deməkdir ki, artıq kifayət qədər yüksək sürətli internet inklüziv cəmiyyətin formalaşmasına təsir edəcək. Əlçatanlığa gəldikdə, internet paketsiz yanaşma da var ki, bu da əsas hədəflərdən biridir. Əsas məqsəd bütün vətəndaşları əhatə etməkdir. İnternet paketsiz isə “Mygov” və “Sima” kimi platformalara çıxış gerçəkləşdirilir.

Yeri gəlmişkən, Azərbaycan Dünya Bankının rəqəmsallaşma ilə bağlı hazırladığı 2022-ci il üzrə hesabatında yüksək nəticələr əldə edib. Belə ki, 198 ölkəni qiymətləndirən indeksdə respublikamız yüksək rəqəmsallaşma səviyyəsinə görə, birinci pilləyə qalxaraq, yalnız 35 faiz ölkələrin daxil ola bildiyi 69 dövlətdən ibarət qrupda yer alıb.

Hesabatda Azərbaycanın hökumət xidmətlərinin göstərilməsində rəqəmsal texnologiya və innovativ həllərdən istifadə etməsi xüsusi vurğulanıb. Hökumətin rəqəmsallaşması sahəsinin əsas əqamlarını müəyyənləşdirən bu indeksdə Azərbaycan rəqəmsallaşma sahəsində hökumət sistemlərinin təkmilləşdirilməsi, vətəndaşlara təqdim olunan xidmətlər paketinin genişləndirilməsi, vətəndaş iştirakının təmin olunması və rəqəmsal texnologiyalardan istifadənin təşviqi üzrə yüksək qiymətləndirilib.

 

İqtisadiyyat