Vətən müharibəsinin xronikası: 11 oktyabr

post-img

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

• Ermənistan silahlı qüvvələri Gəncə şəhərini ağır artilleriya atəşinə tutub. Gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 3-ü qadın olmaqla 7 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan çox çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

• Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində mülki əhaliyə qarşı törətdiyi qanlı terror aktı ilə bağlı dünya birliyinə müraciət edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım edib. Paylaşımda deyilib: “Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edir. Bu, humanitar atəşkəs rejiminin, habelə 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulması deməkdir.

Bu gecə saat 2 radələrində Gəncə şəhərinə amansızlığına görə misli görünməmiş zərbə endirilib. Əldə olan məlumata görə, raket atəşi nəticəsində 9 nəfər (o cümlədən 4 qadın) həlak olub, 34 nəfər yaralanıb, çoxsaylı mülki obyektlərə ciddi ziyan vurulub.

Bizim şəhərlərin və kəndlərin atəşə tutulması demək olar ki, dünən bütün gün ərzində davam edib. Humanitar atəşkəs rejiminin qüvvəyə mindiyi andan ermənilər tərəfindən Azərbaycan Respublikasının bir sıra rayonlarına 548 mərmi atılıb.

Döyüş meydanında məğlub olması ilə barışa bilməyən erməni tərəfi məqsədyönlü şəkildə dinc əhaliyə hücum edir.

Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram. Beynəlxalq təşkilatlar, hüquq müdafiə strukturları, kütləvi informasiya vasitələri və ictimai rəyin liderləri Azərbaycanın mülki əhalisinə qarşı bu cür vəhşicəsinə amansızlığı kəskin pisləməlidirlər.

Yerevan beynəlxalq konvensiyalara, habelə BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycana qarşı təcavüzə son qoymağa çağıran qətnamələrinə etinasızlığı dayandırmalıdır.

Rusiyanın vasitəçiliyi ilə Moskvada əldə edilmiş razılaşmalara açıq-aşkar hörmətsizlik nümayiş etdirən Ermənistan Cənubi Qafqazda nəticələri onun üçün dağıdıcı olacaq müharibənin yeni mərhələsinə təhrik edir.

Əziz həmvətənlər!

Bu gün siz xalqımızın birlik, həmrəylik, şəfqət və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirirsiniz. Bu, böyük qürur hissi yaşatmaya bilməz! Həqiqət və ədalət bizim tərəfimizdədir! Biz zəfər çalacağıq! Allah həlak olanlara rəhmət eləsin. Xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun! Qarabağ Azərbaycandır!”.

• İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə oktyabrın 10-u saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tutmağa davam edir.

Düşmənin gecə saat 4 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 kilometrdən çox uzaqda yerləşən iri sənaye şəhəri Mingəçevirə atdığı raketlər Ordumuzun Hava Hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

• İtirdikləri mövqeləri geri qaytarmaq məqsədilə oktyabrın 10-dan 11-nə keçən gecə hücuma keçməyə cəhd göstərən düşmənin qüvvə və vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən məhv edilib. Oktyabrın 10-dan 11-nə keçən gecə bütün cəbhəboyu vəziyyət gərgin sabit olub.

• Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 5 ədəd T-72 tankı, 6 ədəd D-20 və D-30 haubitsası, sursatla dolu 5 yük maşını, 11 ədəd digər avtomobil texnikası, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 5 ədəd 2S1 “Qvozdika” özüyeriyən haubitsası, 8 ədəd hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyası sıradan çıxarılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə canlı qüvvə və döyüş texnikasını cəmləşdirərək yenidən kiçik qruplarla cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Gecə ərzində düşmənə atəş zərbəsi vurulmaqla onun bütün hücum cəhdlərinin qarşısı alınıb.

Əldə olunan məlumata əsasən, döyüş əməliyyatları nəticəsində Ermənistan ordusunun işğal etdiyi ərazilərdəki əsas qüvvələri və ehtiyatlarına ciddi ziyan vurulub, silah-sursat və yanacaq tükənmək üzrədir. Ermənistan hərbi komandanlığı psixoloji gərginlik, şəxsi heyət isə qorxu içindədir. Erməni əsgərlərin komandirlərinə inamı itib.

1-ci, 5-ci və 9-cu motoatıcı alayların döyüş mövqelərini özbaşına tərk edən hərbi qulluqçuların sayı kütləvi hal alıb. Hərbi polis bu cür əsgərlərin məcburən səngərlərə geri qaytarılmasında acizdir.

Məlumata əsasən, canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 1-ci motoatıcı alayın komandirinin müavini polkovnik-leytenant Artak Vanyan da var.

Hazırda qoşunlarımız bütün cəbhəboyu əməliyyat üstünlüyünə malikdir.

• Müdafiə Nazirliyi saat 08:00 radələrində Mingəçevir istiqamətində uçuşlar həyata keçirməyə cəhd edən Ermənistana məxsus pilotsuz uçuş aparatının Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilməsinə dair görüntüləri paylaşıb.

• Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib.

• Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Daşkəsən, Füzuli rayonunun işğaldan azad olunan Horadiz və Tərtər rayonunun Suqovuşan kəndlərinin videogörüntülərini paylaşıb.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 11 oktyabr saat 13:00-a olan məlumata görə, 41 mülki şəxs həlak olub, 205 nəfər isə xəsarət alıb, 1165 ev, 57 çoxmənzilli yaşayış binası və 146 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

XQ

Siyasət