II MƏQALƏ
Tarixdə həqiqət və sevgi həmişə qalib gəlmişdir. Bunu daim yadda saxlayın.
Mahatma QANDİ
Şərqi Zəngəzurun Laçın qalası
Laçının Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunun şəhəri kimi təqdim edilməsinin siyasi mənası böyükdür. Burada ilk məqam bütövlükdə Zəngəzurun coğrafi məkan və bölgə kimi uzun müddət rəsmi dairələrdə adının hallandırılmaması ilə əlaqəlidir. Çar Rusiyası və sonra Sovet İttifaqı bu adı, ümumiyyətlə, rəsmi ünsiyyətdən çıxarmışdılar. Orada yaşayan aborigen türklərə qarşı hansı amansızlıqlar həyata keçirildiyi haqqında kifayət qədər yazılımışdır və indən belə də yazılacaq. Məsələ bundan ibarətdir ki, 100 ildən çox müddətdə azərbaycanlılar öz doğma yurdlarından olan Zəngəzura rəsmi səviyyədə “Zəngəzur” deyə bilmirdilər. Üstəlik, oradan erməni terroru ilə deportasiya olunmuş çox sayda azərbaycanlı öz haqlarını tələb edə bilməmişlər. Ümumiyyətlə, belə bir deportasiya prosesinin olduğunu dilə gətirmək istəmirdilər.
Azərbaycan müstəqilliyini əldə edəndən sonra da Ermənistan və havadarları çox çalışdılar ki, Zəngəzur “Sünik” kimi hüquqi aspektdə qəbul edilsin. Üstəlik, Şərqi Zəngəzuru da işğal etdilər. Beləliklə, məsələ yalnız “Zəngəzur” sözündə deyildi – əsas olanı bu tarixi Azərbaycan bölgəsini siyasi, hərbi və geosiyasi işğal etməkdən ibarət idi. Bundan başqa, son illərə qədər “Şərqi Zəngəzur”, “Qərbi Zəngəzur” kimi ifadələrlə çox insan tanış deyildi (məhdud dairədə araşdırmaçılar və siyasətçilərdən başqa).
Məsələnin beynəlxalq miqyasda indi də çox aktual bir aspektini vurğulamaq lazımdır. Biz Zəngəzur dəhlizi məsələsi ilə bağlı baş verən geosiyasi prosesləri nəzərdə tuturuq. Məlumdur ki, bu layihənin həyata keçməsinə əngəl olan qüvvələr vardır. Onlar Ermənistan, İran və Qərb dövlətləridir. Həmin qüvvələrin hər biri bu layihəyə mane olmağa çalışırlar. Son zamanlar ABŞ Zəngəzura hətta hərbi kontingent yerləşdirməyə başlamışdır. Bu addım da dolayısı ilə Azərbaycanın Zəngəzura hər hansı tarixi, siyasi və geosiyasi iddiasının olmasını qəbul etmədikləri anlamına gəlir. Bunun əksinə, MDB-nin rəsmi sənədində “Azərbaycanın Şərqi Zəngəzur bölgəsi” ifadəsi keçirsə, onun Azərbaycana aidiyyatı qəbul edilir. Əlbəttə, bu, Azərbaycan rəhbərliyinin böyük siyasi-diplomatik uğurlarından biri kimi qarşılanmalıdır.
İndi rəsmi sənədlərdə vurğulanır ki, Zəngəzurun Azərbaycana tarixi, coğrafi və geosiyasi aidiyyatı vardır. Hətta qəbul edilir ki, bu bölgənin Şərq hissəsi, yəni Şərqi Zəngəzur Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. Deməli, Qərbi Zəngəzurla bağlı da nə vaxtsa, oxşar hadisə baş verə bilər. Onun hüquqi əsaslarının bir aspekti MDB-nin qəbul etdiyi vurğuladığımız sənədlə bağlıdır.
MDB-nin rəsmi sənədləri və Zəngəzur dəhlizi
Eyni zamanda, MDB faktiki olaraq bir təşkilat kimi Zəngəzur dəhlizinin açılmasına yaşıl işıq yandırmış olur. İndiyə qədər Zəngəzur məsələsinə MDB-nin təşkilat olaraq münasibəti açıq ifadə olunmamışdı. Son Moskva sammiti göstərdi ki, artıq MDB təşkilat səviyyəində Azərbaycanın Zəngəzur dəhlizi açmaq məsələsini dəstəkləyir. Laçının Şərqi Zəngəzur bölgəsinin bir şəhəri kimi MDB-nin mədəniyyət paytaxtı seçilməsi onun ilk müjdələrindən biridir. Prezident İlham Əliyev ifadə etdiyi fikirlərdə bu məqamı məharətlə beynəlxalq hüquq normaları çərçivəsində ifadə etmişdir.
Bu mövzuda Prezidentin siyasi və hüquqi məntiqi ilə arqumentləşdirmək qabiliyyəti harmoniya təşkil edir, onlar bir-birini tamamlayırlar. Azərbaycanın dövlət başçısının arqumental əsaslandırması tarixi məqamlarla müasir mərhələdəki faktiki durumun uyğunlaşdırılması ilə xarakterizə olunur. Bunu aşağıdakı cümlələrdən də aydın görə bilərik: “Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar”.
Detallarına varsaq, burada öncə Laçının Azərbaycan şəhəri olaraq Ermənistan tərəfdən işğal ediliyi və bu halın 30 il müddətində saxlandığı vurğulanır. Məsələ başqa məqamlarla yanaşı, həm də ondan ibarətdir ki, Laçının 30 il işğal altında qalmasında məsuliyyət həm də ATƏT-in artıq keçmiş Minsk qrupunun və başqa beynəlxalq təşkilatların üzərinə düşür. Çünki onlar vəd etdikləri kimi ədalətli və nəticəverici vasitəçi ola bilmədilər.
İkinci məqam ermənilərin Laçını tamamilə dağıtmalarının ön plana çəkilməsi ilə bağlıdır və bu sözləri N.Paşinyan da canlı olaraq eşidirdi. Bu isə o deməkdir ki, Ermənistan öncədən Laçının ona məxsus olmadığını bilirdi və yalnız dağıtmaqla məşğul idi. Deməli, Laçın tarixi, coğrafi və geosiyasi mənada həmişə Azərbaycana məxsus olmuşdur.
Üçüncü məqam Laçının ermən işğalından azad olandan sonrakı həyatıdır. Yuxarıda biz bunu dövlətçilik və sərhəd məsələsi kontekstində izah etməyə çalışmışıq. Burada Prezident vurğulayır ki, azad Laçını əsl sahibləri ermənilərin 30 illik dağıntılarına baxmayaraq çox qısa müddətdə bərpa etmişlər və insanlar öz yurdlarına qayıtmışlar.
Bu, bir sivillik, mədəniyyət və yenidənqurma fədakarlığıdır. Azərbaycan dövləti çox sürətlə sərhəd şəhərini həm bərpa etmiş, həm də orada vətəndaşları yerləşdirmişdir. Dövlət belə qurulur, bu mahiyyətdə olur!
Ermənistan dövləti və cəmiyyəti bu keyfiyyətlərdən çox uzaqdır. Onlar dövlət quruculuğu strategiyasını müasir tələblər çərçivəsində əxz edə bilməmişlər. Bu, mənim öncəki əsrlərdə “Ermənistan” adlı dövlətin Cənubi Qafqazda mövcud olduğunu qəbul etdiyim anlamına qətiyyən gəlmir! Əksinə, tarixi faktlar göstərir ki, son min ildə belə adda dövlət mövcud olmamışdır, hər halda, Cənubi Qafqazda!
Şübhə etmirəm ki, indi MDB-nin Laçını Cənubi Qafqazda ilk sərhəd şəhəri kimi bir neçə dövlətin məhz mədəniyyət paytaxtı elan etməsinin kökündə dayanan əsas səbəblər sırasında ilk növbədə Azərbaycan dövlətinin gerçəklikdə “Laçınım, Laçınım, Laçınım mənim” həqiqətini sübut etməsi dayanır! Azərbaycan hakimiyyəti Azərbaycan xalqı və cəmiyyəti həmin həqiqəti tam olaraq dünyaya nümayiş etdirdi. Buna görə də MDB-nin humanitarlıqla bağlı altqurumunun Laçını mədəniyyət paytaxtı statusunda görməsi təbii və normaldır!
Qərbi Azərbaycana Qayıdışın proloqu
Tarixi sözdür. Türkiyə Prezidenti R.T.Ərdoğan, türk dövlətlərinin prezidentləri, Belarus prezidenti A.Lukaşneko, Macarıstanın baş naziri V.Orban da bu fikirdə olduqlarını dəfələrlə ifadə etmişlər. İlk olaraq R.T.Ərdoğan Füzuli Hava Limanında təyyarədən enəndə ətrafa boylanıb baş barmağı ilə “Əla, qardaş!” işarəsini verdiyi anlar yada düşür. Sonra digər türk dövlətləri başçılarının Azərbaycan Prezidentinin təklifi ilə Qarabağa səfərləri zamanı quruculuq işlərindən qardaş kimi ruhlandıqlarını xatırlamaq olar. Daha sonra A.Lukaşenko Qarabağda Prezident İlham Əliyevə “buraların sahibi Sizsiniz!” heyrətini ifadə etməsini məmnunluqla yada salmaq olar. Macarıstanın baş naziri Viktor Orbanın Şuşada ifadə etdiyi yüksək fikirləri də çox əhəmiyyətli hesab edirik.
Bütün bunlar birbaşa “burada yeni həyat başlayıb” deməkdir. Doğrudan da, Azərbaycan Respublikasında və onun ayrılmaz guşəsi olan Qarabağda yeni həyat başlamışdır. Xüsusilə, mərd və qürurlu Laçında bu proses bütün sürəti ilə gedir! Hansı mənada “yeni həyat”dan söhbət gedir?
Öncə, Böyük Qayıdış məqamını vurğulamaq gərəkdir. Vətən savaşında əldə edilən Qələbə ölkəmizi müstəqil dövlət, Azərbaycan xalqını bu yerlərin aborigen toplumu, cəmiyyətimizi milli köklərə bağlı millət, Azərbaycan Ordusunu isə müzəffər ordu kimi tanıtdı.
Azərbaycan dövlətçiliyinin möhtəşəm ruhu və azərbaycanlıların fiziki olaraq öz yurdlarına qayıdışlarının böyüklüyü çox sayda faktorun kompleks halda təzahüründə ifadə olunmaqdadır. Bura müstəqil dövlət quruculuğu, azərbaycançılıq, multikulturalizm, sosial, siyasi, geosiyasi, hərbi, psixoloji, mədəni, ideoloji və digər məqamlar daxildir. Bu səbəbdən Laçının MDB-nin mədəniyyət paytaxtı statusuna yüksəlməsi böyük hadisədir! Dövlətçilik, millilik, dirçəliş və davamlı inkişaf baxımından biz əsl mənada Böyük Qayıdış mərhələsini yaşamaq məsuliyyətini daşıyırıq! Və burada başqa bir maraqlı tarixi-siyasi keçidin başlanğıcını görürük. Mən Qərbi Azərbaycana Böyük Qayıdışa işarəni nəzərdə tuturam.
Şübhə etmirəm ki, Azərbaycanda “yeni həyat”ın mənasında Qərbi Azərbaycana Qayıdış strateji yerdədir. Hətta, bir qədər metaforik ifadə etsək, MDB də bu ideyanı aşa bilməmişdir. Yəni Laçından sonra mədəniyyət paytaxtı kimi Mehrinin elan edilməsi nəzərdə tutulursa, bu, faktiki olaraq tarixi Qərbi Azərbaycan coğrafiyasından kənara çıxmamaq deməkdir.
Əlbəttə, MDB-nin belə bir siyasi və rəsmi niyyəti yoxdur – Azərbaycan cəmiyyətinin də buna ehtiyacı yoxdur. Ancaq tarix tarixdir, fakt faktdır – Mehri Laçın kimi Azərbaycanın qədim məskənlərindən biridir. İndi onun Ermənistan adlanan qondarma ölkənin siyasi xəritəsi tərkibində mədəniyyət paytaxtı kimi təqdim edilməsi, bizim üçün mənəvi, tarixi və dövlətçilik reallıqlarını dəyişmir.
Əksinə, mən Laçından başlanan “mədəniyyət paytaxtı yolu”nu Qərbi Azərbaycana Böyük Qayıdışın önçəsi kimi təsəvvür edirəm! Həm də ona görə ki, bu qayıdış sivil, hüquq və mədəniyyət mahiyyətlidir. Azərbaycan Qafqaz (bəlkə də bütün Avrasiya) tarixndə ilk müstəqil dövlətdir ki, qarşısına sırf sivilizasion, tarixi ədalətli və hüquqi-mədəni mahiyyətli məqsəd qoymuşdur.
Bu prizmada “Göyçə Qərbi Azərbaycanın mədəniyyət paytaxtı elan edilir” xəbərini də eşidə bilərik!
Hər bir halda “burada yeni həyat başlayıb” tezisi çox mənalarda yenilikləri özündə ehtiva edir. Laçın indi sərhəd şəhəri kimi bu aspektdə sonrakı mərhələnin başlanğıcıdır. Daha geniş məkanda və miqyasda Azərbaycan sivilliyi, hüququ və mədəniyyəti yaymaqda qərarlıdır. Azərbaycan dövlətinin tarixi missiyasına bu cür qayıdışından geniş bir coğrafiyanın xalqları faydalanacaqlar. O cümlədən, Laçın kimi başqa şəhərlərimiz də əməkdaşlığın, sülhün, barışın və davamlı inkişafın paytaxtları olacaqlar!
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru