AİB ilə logistik əməkdaşlıq yüksəlir

post-img

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktorunun müavini xanım Şiahonq Yanqla görüşüb. Nazir bu barədə öz “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Nəqliyyat, xüsusilə də dəmiryolu və metro sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. Ölkəmizdə ictimai nəqliyyatın inkişafı istiqamətində bank tərəfindən göstərilə biləcək dəstəklə bağlı fikir mübadiləsi apardıq”, – deyə nazir bildirib.

Qeyd edək ki, AİB Azərbaycanla əməkdaşlığında ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi, inklüziv artımın təşviqi ilə bağlı hər zaman önəmli addımlar atıb. Eyni zamanda, COP29-un ev sahibi seçilməsi münasibətilə Azərbaycanı təbrik edib və ölkəmizin “yaşıl” inkişaf gündəliyinin əhəmiyyətini yüksək dəyərləndirib. Bununla bərabər, AİB-in COP29-la bağlı xüsusilə karbon bazarlarının inkişafı sahəsində texniki dəstək göstərməyə hazır olduğu diqqətə çatdırılıb.

Xatırladaq ki, AİB hazırda ölkəmizin nəqliyyat, dəmiryolu və bərpaolunan enerji infrastrukturu layihələrinə böyük maraq göstərir, bu istiqamətdə respublikamızın aidiyyəti dövlət qurumları ilə müzakirələr aparır. Bu maliyyə qurumu ölkəmizdə həyata keçirilən bir sıra infrastruktur layihələrinin, o cümlədən Şimal–Cənub dəmir yolu dəhlizi, su təchizatı, yol şəbəkəsinin genişləndirilməsi kimi təşəbbüslərin gerçəkləşdirilməsinə yüksək töhfə verib.

Onu da deyək ki, AİB-in son illərdəki geniş portfeli də diqqət çəkir. Suvarma və təhsillə bağlı icra olunacaq müəyyən layihələrin icrası, eləcə də özəl sektor, infrastrukturun inkişafı, kiçik və orta müəssisələrə dəstək məsələlərinin həlli ilə əlaqədar görülən işlər də bunun bariz ifadəsidir. AİB ilə ölkəmiz bu gün birgə biznes əməliyyatları strategiyasını uğurla reallaşdırır. Bu strategiya çərçivəsində beynəlxalq bank Azərbaycanla əlaqədar kredit prioritetlərini müəyyənləşdirməyə çalışır. Eyni zamanda, bank respublikamızla əlaqədar mühüm texniki yardım proqramlarında fəal iştirak edir.

Beynəlxalq maliyyə təşkilatı olan AİB 1966-cı ildə yaradılıb. Əsas məqsədi Asiya məkanında, bütövlükdə Şərq ölkələrində iqtisadiyyatın inkişafına yardım göstərməkdən ibarət olan bankın baş ofisi Filippinin Manila şəhərində yerləşir. AİB-ni maliyyələşdirən 67 üzv-ölkə var ki, onlardan 48-i Asiya və Sakit Okeanı regionunda yerləşir.

Azərbaycan Respublikası 1999-cu il oktyabrın 20-də Asiya İnkişaf Bankına üzvlüyə qəbul olunub. 2004-cü ilin noyabr ayından etibarən isə təşkilatın ölkəmizdə nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycanın AİB-in səhmlərində payı 0,447 faiz təşkil edir.

Ötən müddətdə Azərbaycan Respublikası AİB-dən ümumi dəyəri, təxminən, 5 milyard dollardan çox olan kredit, qrant və texniki yardımlar əldə edib. Bu layihələr əsasən maliyyə, dövlət sektorunun idarə edilməsi, kənd təsərrüfatı, enerji, səhiyyə, su idarəçiliyi və nəqliyyat sahələrinə aiddir. Hökumətin Milli İqtisadiyyat Perspektivi üzrə Strateji Yol Xəritəsinə dəstək olaraq AİB-in Azərbaycana qısa və orta müddətli yardımı dövlət sektorunun idarə etməsi, nəqliyyat və enerji, eləcə də şəhər yerlərinin infrastrukturu və özəl sektorun inkişafı sahələrində əməliyyatları ehtiva edəcək.

Azərbaycanla AİB arasında səmərəli əməkdaşlıqdan danışarkən, onu da qeyd etməliyik ki, bank tərəfindən ayrılan investisiya əsasən infrastruktur sahəsinə yönəldilib. Məsələn, elektrik enerjisinin istehsalı, dəmir yolu tikintisi, yol salınması, su və kanalizasiya ilə bağlı çoxsaylı layihələrin gerçəkləşdirilməsi bunun bariz ifadəsidir.

 

İqtisadiyyat