Azərbaycan Pakistanda keçirilən mədəniyyət festivalında təmsil olunub

post-img

Pakistanın Kəraçi şəhərində ilk dəfə Dünya Mədəniyyət Festivalı keçirilir.

Festivalda ölkəmizi Əməkdar artistlər – Beynəlxalq Muğam Mərkəzinin direktoru tarzən Sahib Paşazadə və mərkəzin solisti, nağara ifaçısı Kamran Kərimov təmsil ediblər.

Beynəlxalq Muğam Mərkəzindən bildirilib ki, musiqiçilərimiz festivala “Art Council Pakistan”ın dəvəti ilə qatılıblar.

Açılış günü Azərbaycan sənətçiləri maraqlı proqramla səhnəyə çıxıblar. Onlar Kəraçidəki İncəsənət Universitetində milli musiqi alətlərimizlə bağlı ustad dərsi də keçiblər. Sənətçilərimizin ifasında konsert proqramı alqışlarla qarşılanıb. Proqramda Azərbaycan muğamları, digər musiqi nümunələri ilə yanaşı, Pakistanın görkəmli musiqiçisi Nüsrət Fateh Ali Xanın məşhur “Qavvali” əsəri də səslənib.

“Art Council Pakistan”ın təşkilatçılığı ilə “Sərhədsiz dünyanı yaşayın” devizi altında reallaşan festivalda ABŞ, Fransa, İspaniya, İtaliya, Ukrayna – ümumilikdə 40 ölkədən 450-dən çox sənətçi iştirak edir. Zəngin proqramı olan festival çərçivəsində konsertlər, teatr tamaşaları, sərgilər təşkil olunur, eyni zamanda, sənətin müxtəlif sahələri ilə bağlı seminar, ustad dərsləri keçirilir.

Festival oktyabrın 30-dək davam edəcək.

Mədəniyyət