Bu ilin yanvar–iyul aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 101 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7 faiz, qeyri-qida məhsulları üzrə 101,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 102,7 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, bu ilin iyul ayında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni ayına nisbətən 102,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 102 faiz, qeyri-qida məhsulları üzrə 101,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,3 faiz olub. Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz olub.
İyulda ayrı-ayrı qida məhsullarından əvvəlki aya nisbətən daha çox artım qoyun və toyuq əti, kolbasa məmulatları, yumurta, kərə və zeytun yağları, limon, albalı, gilas, göyərti, pomidor və xiyarın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib. İyulda qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz olub. Qeyri-qida mallarından daha çox artım “Aİ92” markalı avtomobil benzini, dizel yanacağı və zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 102 faiz təşkil edib. Əhaliyə göstərilən ödənişli xidmətlərdən artım əsasən bərk məişət tullantılarının daşınması, metro, avtobus və taksi nəqliyyatı ilə sərnişindaşıma, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.
Xatırladaq ki, inflyasiyanın azalması cari ilin əvvəlindən davamlı prosesə çevrilib. 2024-cü ilin yanvar ayında ölkədə illik inflyasiya 1,7 faiz təşkil edib. Bu göstərici 2023-cü və ondan əvvəlki illərin yanvar aylarında müvafiq olaraq 12,5 faiz və 13,6 faiz olub. Həmin vaxt ölkədə illik inflyasiyanın kəskin enmə səbəbi ilə bağlı İqtisadiyyat Nazirliyinin məlumatında bildirilirdi ki, 2023-cü il ərzində respublikamızda inflyasiyada əvvəlki illə müqayisədə azalma davam edib. Belə ki, ötən ilin dekabr ayında cəmi məhsul və xidmətlər üzrə illik inflyasiya əvvəlki ilin müvafiq göstəricisinə nəzərən 12,3 faiz bəndi azalaraq 2,1 faiz təşkil edib. 2023-cü ilin dekabr ayında ərzaq məhsulları üzrə illik inflyasiya 0,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 2,7 faiz, ödənişli xidmətlər üzrə isə 3,7 faiz olub. İnflyasiyada səngimə 2024-cü ildə də davam edib və cari ilin yanvar ayında bu göstərici 1,7 faizə enib.
Ticarət tərəfdaşları üzrə inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri inflyasiyaya azaldıcı təsir göstərib.
Həmin vaxt Maliyyə Nazirliyinin məlumatında isə bildirilirdi ki, qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdırmaqla inflyasiyaya azaldıcı təsir göstərir. Zəruri gündəlik tələbat məhsulları üzrə daxili istehsalı təşviq etmək, eyni zamanda, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərini minimallaşdırmaq məqsədilə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında”, eləcə də “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” sərəncamlarında nəzərdə tutulan kompleks tədbirlərin icrası da inflyasiyanın azalmasını şərtləndirir.