ARNDF tərəfindən maliyyələşdirilən layihələrin ölkə iqtisadiyyatına töhfəsi

post-img

Azərbaycan müstəqilliyinin ilk illərində neft hasilatı sahəsində zəngin təcrübəyə,neft sənayesi infrastrukturuna və güclü kadr potensialına malik olmasına baxmayaraq, öz gücü ilə iri neft yataqlarını istismar etmək lazımi maliyyə imkanlarına malik deyildi. Amma ölkə dünya bazarına neft çıxarmalı və nəticədə ondan gələn böyük gəlirləri makroiqtisadi sabitliyin təmin edilməsinə və iqtisadi tənəzzülün aradan qaldırılmasına yönəltməli idi. 

Bu məqsədlə 1994-cü il sentyabrın 20-də dünyanın tanınmış neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında müqavilə (“Əsrin müqaviləsi”) imzalandı. Bundan sonra neft sektoruna böyük məbləğdə xarici sərmayələr yatırıldı.

Əvvəlcə, Azərbaycan nefti xarici bazara Bakı–Novorossiysk, sonra isə Bakı–Supsa kəməri ilə çıxarıldı. Neft və qaz satışından əldə olunan gəlirlərin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin müxtəlif sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi məqsədilə 1999-cu ildə Prezident Heydər Əliyevin qərarı ilə Dövlət Neft Fondu yaradıldı.

Neft Fondunun maliyyə ehtiyatları artıqca maliyyələşən layihələrin sayı da artdı. Maliyyələşdirilən ən mühüm layihələrdın biri Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəməri idi.

Gələcəyə hesablanmış siyasət

Bakı–Novorossiysk və Bakı–Supsa ixrac sistemlərinin yenidən qurulmasına baxmayaraq, onların gücü get-gedə artan həcmlər üçün kifayət deyildi. Daha qlobal bir boru xəttinin tikilməsi zərurəti ortaya çıxdı. ATƏT-in 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən sammitində Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bəyannamə imzalandı. Daha sonra isə layihənin bəzi detallarının dəqiqləşdirilməsi, lazımi maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparıldı.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Bakı–Tbilisi–Ceyhan layihəsində iştirak etmək məqsədilə “AzBTC Co.” törəmə şirkətini təsis edərək layihənin iştirakçıları olan neft şirkətlərinin konsorsiumu tərəfindən yaradılmış “BTC Company” şirkətində 25 faizlik iştirak payı əldə etdi. “AzBTC Co.” şirkəti daxil olmaqla bütün digər iştirakçılar layihənin dəyərinin 30 faizlik hissəsini öz vəsaitləri hesabına, qalan 70 faizlik hissəsini isə beynəlxalq maliyyə institutlarından, ixrac kredit agentliklərindən və kommersiya banklarından cəlb
edilmiş kredit vəsaitləri hesabına maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etdilər.

Azərbaycan dövləti adından Azərbaycan “BTC Co.” şirkətindəki payının maliyyələşdirilməsi Dövlət Neft Fondu tərəfindən həyata keçirildi. Fond bu layihənin maliyyələşdirilməsinə 297 milyon 900 min manat, Azəri–Çıraq–Günəşli layihəsində ARDNŞ-nin iştirak payının maliyyələşdirilməsinə 87,6 milyon manat xərclədi. BTC-nin açılış mərasimi isə 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində keçirildi.

Strateji qaz əməliyyatı

Neft strategiyasının uğurla həyata keçirilməsi, neft sənayesinə geniş sərmayə qoyuluşu, bu əməliyyatlarda müasir texnika və texnologiyanın tətbiqi nəticəsində 1999-cu ildə nəhəng “Şahdəniz-1” qaz-kondensat yatağı aşkar edildi. 2001-ci il martın 12-də Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində “Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və
Türkiyə respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə” imzalandı. Həmin il sentyabrın 29-da Gürcüstan Prezidentinin Bakıya səfəri zamanı “Təbii qazın Gürcüstan Respublikası ərazisindən tranziti, nəql edilməsi və satışına dair Azərbaycan və Gürcüstan respublikaları arasında saziş”in imzalanması baş tutdu. 

“Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan mavi yanacaq Bakı–Tbilisi–Ərzurum xətti ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil oldu. Bu xəttin istismara verilməsi Azərbaycan qazının daha uzaq ünvanlara çatmasına yol açdı. Əslində, Bakı–Tbilisi–Ərzurum kəməri Cənub Qaz Dəhlizinin bünövrəsi, başlanğıcı rolunu oynadı. 2013-cü ildə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin dörd layihəsi – “Şahdəniz”, “Cənub Qafqaz Boru Kəməri”, TANAP və TAP-ın genişləndirilməsi ilə bağlı sərəncam imzaladı.
Azərbaycanın layihədə payının maliyyələşdirilməsinə Dövlət Neft Fondu tərəfindən 1 milyard 530 milyon 300 min manat xərclədi. Cənub Qaz Dəhlizi formatında kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlandı.

Beləliklə, Cənub Qaz Dəhlizi “Şahdəniz–2” layihəsi çərçivəsində hasil edilmiş qazı Avropaya çatdırdı. Hazırda bu dəhlizlə 12-13 milyard kubmetr qaz ixrac olunur. Dəhlizin strateji əhəmiyyəti nəzərə alınaraq 2027-ci ilə qədər bu həcmin 20 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur.

Neft-qaz layihələrinin töhvəsi

Dövlət Neft Fondunun maliyyələşdirdiyi bu layihələr ölkəmizin dünyanın enerji daşıyıcıları bazarına sürətlə çıxışını təmin etdi. Azərbaycanın öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi.

Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi (bu layihələr artıq regional müstəvidən çıxıb və qlobal xarakter daşıyır) kəmərlərinin istifasdəyə verilməsi Azərbaycanın geosiyasi mövqeyinin möhkəmlənməsinə, çoxmilyardlı xarici investisiyaların axınına, gəlirlərinin artmasına, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsinə şərait yaratdı. Ölkəmiz, eyni zamanda, başqa ölkələr üçün də tranzit imkanları təmin etdi.

Hər iki kəmər regionu və dünyanı yanacaqla təmin etməklə birlikdə, ölkəmizin təhlükəsizliyini, dünyada mövqeyini möhkəmləndirdi. Kəmərlərin marşrutları boyu yerləşən iştirakçı ölkələrin tranzit rolu artdı. Bu tip layihələr Azərbaycanın iştirakı olmadan Mərkəzi Asiyadan başlayaraq Qafqazı keçməklə Türkiyə və Avropa istiqamətində uzanan enerji layihələrinin reallaşdırılmasınin mümkün olmadığını

göstərdi. Elə buna görədir ki, kifayət qədər böyük bir coğrafi məkanda yeni enerji layihələrinin reallaşmasında Azərbaycan əsas açar rolunu oynayan dövlət kimi qəbul olunur.

Avropa və region ölkələri (Gürcüstan, Türkiyə və c.) layihələrin həyata keçirilməsi ilə enerji təlükəsizliyi baxımından yenı mənbələr, Azərbaycan isə etibarlı, uzunmüddətli və qanunlarla tənzimlənən bazarlar əldə etdi. Bu barədə Prezident İlham Əliyev deyib: “Enerji təhlükəsizliyi məsələləri qeyd etdiyim kimi, ölkələrin milli təhlükəsizlik məsələləridir və Azərbaycan bu sahədə həm bölgədə, həm
Avropada önəmli rol oynayır. Enerji şaxələndirilməsi istiqamətində atılan addımlarımız öz bəhrəsini verir”.

Beləliklə, Azərbaycan iri regional layihələrin təkcə iştirakçısı deyil, həm də əsas təşəbbüskarı, dünyada gedən siyasi proseslərdə önəmli söz sahibidir. Dünyanın nüfuzlu təşkilatları da dövlətimizin mövqeyini nəzərə alır, onlarla hesablaşırlar. Ölkələrimizin ərazi bütövlüyü, suverenliyi dəstəklənir və tanınır.

Bundan başqa, neft və qaz sektorundan əldə edilən gəlirlər iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşməsinə investisiya qoyuluşlarını artırdı. Bu məqsədlə yaradılmış
Azərbaycan İnvestisiya Şirkətin kapitalı Dövlət Neft Fondunun (90 milyon manat) vəsaiti hesabına formalaşdırılır.

Avropa ilə Asiyanı birləşdirən xətt

Dərindən düşünülmüş daxili və xarici siyasət, neft və qaz strategiyası nəticəsində Azərbaycan Qafqaz nəqliyyat dəhlizinin inkişafında və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan dövlətə çevirildi. Dövlət Neft Fondunun maliyyələşdirdiyi Bakı–Tbilisi–Qars dəmir yolunun tikintisinə 748 milyon 600 min manat ayrıldı. Hazırda o, yük və
sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, dünyaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edir. Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa İttifaqı, Mərkəzi Asiya və Cin arasında idxal-ixrac münasibətlərinin, əmtəə, kapital dövriyyəsinə və iqtisadi
əlaqələrin inkişafına təkan verir. Onun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artır. Turizmin inkişafına təkan verilir. Deməli, Dövlət Neft Fondu çox uğurlu bir layihəni maliyyələşdirib.

Bakı keyfiyyətli içməli su ilə təmin olunur

Azərbaycanın Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirdiyi layihələrdən biri də Oğuz–Qəbələ–Bakı su kəməridir. Oğuz rayonu ərazisindən təmiz suyun boru xətti vasitəsilə Bakıya gətirilməsini nəzərdə tutan bu layihə Ümummilli lidet Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 2002-ci ilin dekabrında keçirilən müşavirədə Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı müvafiq göstəriş vermişdi. 

Oğuz-Qəbələ-Bakı su kəmərinin rəsmi açılış mərasi 2010-cu il dekabrin 28-də keçirildi. Bu kəmərlə Bakıya verilən suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğundur. Hazırda kəmərlə Bakı şəhərinə saniyədə 5 kubmetr su verilir.

Layihə üzrə Azərbaycan Respublikası Dövlət Neft Fondundan ümumilikdə 779,6 milyon manat vəsait ayrılıb və layihənin maliyyələşdirilməsi başa çatıb. Bundan başqa, ARDNF Samur–Abşeron suvarma sisteminin yenidən qurulması lsyihəsini də maliyyələşdirib. Layihənin həyata keçirilməsi 469 milyon 600 min manata başa gəlib.

Qara qızılın insan kapitalına çevrilməsi

Əlverişli biznes mühitinin inkişafı mükəmməl təhsil almış və xarici təcrübəni ölkədə tətbiq etməyə qadir olan ixtisaslı kadrların hazırlanmasını tələb edir. Neft fondunun vəsaiti xaricdə təhsil alan neçə-neçə azərbaycanlı gəncə dəstək verib. Bu proses yenə də davam edir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş və Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən “2007–2015- ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası “qara qızılın insan kapitalına çevrilməsi” ideyasının reallaşmasına və ölkəmizdə müasir tələblərə cavab verən kadr potensialının formalaşmasına şərait yaradıb. Bu proqram çərçivəsində Neft Fondunun vəsaiti hesabına xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin sayı hər il artır. Xaricdə təhsil almış Azərbaycan
gənclərinin təcrübəsindən təkcə dövlət sektorunda deyil, eləcə də özəl sektorda istifadə edilməsi ölkədə müasir biznes mühitinin inkişafına və müasir idarəetmə üsullarının geniş tətbiqinə şərait yaradır. Bu da ARDNF-nin maliyyələşdirdiyi növbəti uğurlu layihədir. Xaricdə təhsil üzrə Dövlət Proqramının maliyyələşməsinə 212 milyon 700 min, 2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramının icrasına 65 milyon 600 min, gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramının icrasına 52 milyon 800 min manat vəsait ayrılıb. Beləcə, neft gəlirləri təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafına da yardım göstərir.

Və...

Azərbaycan Respublikasının Dövlət Neft Fondu 2001-ci ildən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün də tədbirlərin həyata keçirilməsinə vəsait ayırır. Bu dövr ərzində Dövlət Neft Fondunun vəsaiti hesabına (2 702,7 milyon manat) ölkəmizin müxtəlif rayonlarında qaçqın və məcburi köçkünlər üçün çoxmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirilib. 

Bundan başqa, Neft Fondu “STAR” neft emalı zavodunun tikintisinə 1 milyard 663 milyon 300 min manat xərcləyib. “STAR” neft emalı zavodu Türkiyənin iqtisadi cəhətdən kifayət qədər güclü hesab olunan qərb hissəsində, İzmir şəhərinə yaxın olan Əliağa liman bölgəsində inşa edilməklə İzmir və İstanbul ərazilərində daxili bazarın tələbatını ödəyəcək. 

Qeyd edək ki, Neft Fondu tərəfindən bu günədək dövlət büdcəsinə 146 milyard 346 milyon, Azərbaycan Respublikasının Mərkəzi Bankına isə 3 milyard 949 milyon manat transfert edilib.

Bu layihələrin həyata keçirilməsi isə Azərbaycanın mövcud enerji strategiyası ilə yanaşı, ümumilikdə xarici siyasətinin kifayət qədər düzgün və uzaq məqsədlərə hesablandığını göstərən başlıca amillərdən sayılır. Neft Fondunun maliyyələşdirdiyi layihələrin uğurla reallaşması ölkədə digər sahələrin inkişafında müstəsna rol oynayıb. Bütün bunlar barədə ölkə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırılır. 

Pünhan ƏFƏNDİYEV

“Xalq qəzeti”


Yazı “ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

 

 

 

 

 

 

 

İqtisadiyyat