Hazırda Azərbaycanın torpaq ehtiyat fondu 8,6 milyon hektar təşkil edir ki, bunun da 4,8 milyon hektarı kənd təsərrüfatına yararlı torpaqlardır. Müşahidələr göstərir ki, ötən müddətdə kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı çoxsaylı qanun pozuntularına yol verilib. İndən belə, bu sahədə ciddi nəzarət mexanizmi tətbiq olunacaq, kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə qanunla tənzimlənəcək.
Ölkəmizdə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyini yüksəltmək üçün kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsinin çevik mexanizminin yaradılması, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşasının (quraşdırılmasının) tənzimlənməsi nəzərdə tutulur. Bu məsələ Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layhəsində öz əksini tapıb. Xatırladaq ki, sənəd ölkə Prezidentinin “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” 15 iyul 2021-ci il tarixli fərmanı çərçivəsində hazırlanıb.
Təklif olunan dəyişikliyə əsasən, torpaq sahələrinin mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və icarəçiləri) yay və qış otlaqları, örüş və biçənək sahələri istisna edilməklə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatını dəyişdirmək imkanı əldə edəcəklər. Həmçinin onların müraciəti əsasında bu barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması təmin ediləcək. Kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyası daxilində (kateqoriyası gözlənilməklə) onların məqsədli təyinatının dəyişdirilməsi istehsalçıların mülkiyyətlərində (istifadəsində) olan belə torpaqlardan istifadənin səmərəliliyini yüksəldəcək, bu sahədə daha çevik mexanizmin yaradılması təmin ediləcək, həmçinin reyestrdə qeydiyyatın aparılması ilə aidiyyəti orqanların əkinlər (əkin altında olan torpaqların təyinatı) barədə məlumatlılıq səviyyəsi yüksəldiləcək.
Artıq ölkəmizdə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsinin çevik mexanizminin yaradılması üçün hüquqi baza formalaşdırılıb. Bu məsələ Milli Məclisin iyunun 21-də keçirilmiş iclasında müzakirəyə çıxarılmış Torpaq Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Müzakirələr zamanı diqqətə çatdırılıb ki, hazırda kənd təsərrüfatı yerlərindən birindən digərinə dəyişiklik etmək mürəkkəb bir mexanizmə tabe olduğundan mülkiyyətçilərin təsərrüfat fəaliyyətində tətbiqi çətinlik yaradırdı. Təklif olunan tənzimləmə torpaq istifadəçiləri üçün bu mexanizmi daha dəqiq tənzimləyir, torpaq balansının dürüst məlumatlara sahib olmasını təmin etmək üçün isə bu barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi şərtini müəyyən edir.
Layihəyə əsasən, yay və qış otlaqları, örüş və biçənək sahələri istisna edilməklə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsi torpaq sahələrinin mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və icarəçiləri) tərəfindən həyata keçiriləcək. Belə ki, təklif olunan dəyişikliyə əsasən, torpaq sahələrinin mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və icarəçiləri) yay və qış otlaqları, örüş və biçənək sahələri istisna edilməklə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatını dəyişdirmək imkanı əldə edəcəklər. Həmçinin onların müraciəti əsasında bu barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması təmin ediləcək.
Torpaq Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası yeni qaydada tənzimlənəcək. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəlləyə təklif edilən yeni –13-1-ci maddəyə uyğun olaraq həyata keçiriləcək. Sözügedən maddəyə (kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər) əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər. Həmin tikililərin inşa edilməsinə və quraşdırılmasına torpaq sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə istifadəçisinin və ya icarəçisinin) müraciəti əsasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə veriləcək. Bu məqsədlər üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmayacaq.
Kənd təsərrüfatı təyinatlı torpaq sahəsində layihələndirilən obyektin tikinti layihəsində həmin obyektin inşası üçün müəyyən olunan faiz nisbəti nəzərə alınmaqla torpaq sahəsinin tələb olunan hissəsinin sərhədləri ayrıca göstəriləcək. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tikinti əmsalına cəlb edilməsi və həmin əmsalın tətbiq olunduğu torpaq sahəsi barədə məlumatlar daşınmaz əmlakın dövlət reyestrində və dövlət torpaq kadastrında saxlanılan məlumatlara əlavə edilməsi üçün tikintiyə və istismara icazə verən orqan (qurum) tərəfindən daşınmaz əmlakın dövlət reyestrinə ötürüləcək. Yeri gəlmişkən, inşasına yol verilən tikinti obyektlərinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün istifadəsi halları istisna olmaqla torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən digər məqsədlər üçün istifadəsinə və istismar təyinatının dəyişdirilməsinə yol verilməyəcək.
Bütövlükdə, Torpaq Məcəlləsinə təklif edilən dəyişiklik kənd təsərrüfatı istehsalçılarının və emalçılarının müvafiq maliyyə resurslarına asan çıxışının təmin edilməsinə, infrastrukturun və aqrar biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin sürətləndirilməsinə, kənd təsərrüfatının iqtisadiyyatın mühüm sahələrindən birinə çevrilməsinə, sözügedən sahənin davamlı inkişafına, dövlət xidmətlərinin optimallaşdırılmasına və səmərəli idarəetmə sisteminin qurulmasına, aqrar sahədə keyfiyyət dəyişikliyinə və emal sənayesinin inkişafına, eləcə də kənd yerlərində əhalinin məşğulluq imkanlarının artırılmasına şərait yaradacaq.