Azərbaycan–Türkiyə iqtisadi əlaqələri ümummilli lider Heydər Əliyevin vurğuladığı “bir millət, iki dövlət” deyiminə və tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanır, eyni zamanda, strateji tərəfdaşlığa söykənən münasibətlər sistemini əhatə edir. Qardaş ölkə ilə iqtisadi əlaqələr dərin tarixi köklər üzərində qurulsa da, bu istiqamətdə əməkdaşlığın daha da möhkəmlənməsi, geniş vüsət alması müstəqilliyimizin əldə olunmasından sonrakı dövrə təsadüf edir.
İki ölkə arasında hazırda tranzit-logistika, gömrük, İKT, ticarət və s. sahələrdə əlaqələrin genişləndirilməsi, Qarabağın işğaldan azad edilməsi ilə əlaqədar yaranmış yeni reallıqlara uyğun olaraq bu coğrafiyada həyata keçirilən bərpa-quruculuq layihələri diqqət mərkəzində saxlanılır. Bütün bunlarla bərabər, Azərbaycan–Türkiyə arasında Preferensial Ticarət Sazişinə əsasən, qarşılıqlı ticarət həcminin və məhsul çeşidinin artırılmasına xüsusi önəm verilir.
Hazırda Türkiyə 15 faizlik pay ilə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. 2023-cü ildə qardaş ölkə ilə Azərbaycanın ticarət dövriyyəsi 7 milyard 650 milyon dollaradək yüksəlib. Bu, 2022-ci illə müqayisədə 30 faiz artım deməkdir. Hədəf yaxın illərdə ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır.
Ötən il Azərbaycanın Türkiyəyə ixracatı 5 milyard 359 milyon dollar, qardaş dövlətdən idxalımız isə 2 milyard 291 milyon dollar olub. Digər tərəfdən, Türkiyə hesabat ilində respublikamızın 3 milyard 348 milyon dollarlıq qeyri-neft ixracatının 23,4 faizini formalaşdırıb.
Bu ilin ilk rübündə isə ölkələr arasındakı ticarət dövriyyəsi 1 milyard 469 milyon dollar olub. Tərəflər qeyri-enerji sektoru üzrə əməkdaşlığı gücləndiriblər. İki ölkə arasındakı sərmayə qoyluşunda da kəskin artımlar müşahidə edilməkdədir.
Qardaş ölkələr arasında ticarət dövriyyəsindən danışarkən, 2020-ci il iyulun 1-də təsdiq edilən Azərbaycan–Türkiyə Preferensial Ticarət Sazişinin mühüm önəmini xatırlatmaq istərdik. Yeri gəlmişkən, bu sazişdən əvvəl Türkiyə Azərbaycan bazarında yüksək tariflər və kvotalar nəticəsində azad ticarət sazişinin üstünlüklərindən yararlanan MDB ölkələri ilə qiymət rəqabətində uduzur və respublikamızla xarici ticarətində mövcud potensialından daha aşağı nəticə göstərirdi. Bu saziş isə 15 məhsul qrupunda tariflərin azaldılması, qeyri-tarif maneələrinin aradan qaldırılması ilə iki ölkə arasında xarici ticarət dövriyyəsini artırdı və ölkələrin qarşıya qoyduqları xarici ticarət dövriyyəsi hədəfinə çatmasını sürətləndirdi. Eyni zamanda, ticarət həcminin böyüməsi iqtisadi əlaqələrin inkişafını və ədalətli rəqabət üçün əlverişli mühitin yaradılmasını təmin etməklə hər iki ölkəyə investisiya qoyuluşunu da şərtləndirdi.
Bu gün Türkiyə Azərbaycanın qeyri-neft sektoruna ən çox investisiya qoyan ölkə olaraq diqqət çəkir. Respublikamız isə Türkiyədə əsasən energetika və kimya sahələrinə kapital axını yaradır.
Azərbaycanın qardaş ölkəyə yönəltdiyi ən böyük birbaşa xarici investisiya “SOCAR Turkey”in icra etdiyi layihələrlə bağlıdır. Bu şirkət ilk olaraq 2008-ci ildə “Petkim”in səhmlərinin satın alınması ilə Türkiyənin energetika bazarına daxil olub. Bu investisiya ilə hazırda tərəfdaş ölkənin neft-kimya xammalı tələbatının 18 faizi qarşılanır.
“SOCAR Turkey” Türkiyənin və regionun enerji təhlükəsizliyinin təminatında mühüm əhəmiyyəti olan bir sıra layihələri reallaşdırıb. Bu investisiyalar əsasən neft-kimya emalı və təbii qaz sektorlarını əhatə edir. Belə layihələrə 6,3 milyard dollar investisiya məbləği ilə qurulan, 2019-cu ildə İzmirin Əliağa limanında fəaliyyətə başlayan və hazırda Türkiyənin ilkin emal olunan neft ehtiyacının 25 faizini qarşılayan “Star” neft emalı zavodu (NEZ) misal göstərilə bilər.
Adıçəkilən NEZ Türkiyənin enerji kəsirinin ən mühüm komponenti olan mayeləşdirilmiş neft qazını, təyyarə yanacağının istehsalını reallaşdırmaqla qardaş respublikaya illik, təxminən, 1,5 milyard dollar qənaət etməyə imkan yaradır.
Yeri gəlmişkən, bir neçə gün bundan əvvəl Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Haliç Konqres Mərkəzində Türkiyə İxracatçılar Məclisinin (TİM) təşkilatçılığı ilə “2023-cü il ixracat çempionları”nın mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Türkiyədə ötən il ərzində ən çox ixracat həyata keçirən ilk 10 şirkətə mükafatlar təqdim olunub.
Qeyd edək ki, TİM tərəfindən açıqlanan “2023-cü il ixracat çempionları” siyahısına əsasən, qardaş ölkənin ən böyük birbaşa xarici investoru və inteqrasiya olunmuş sənaye qrupu olan “SOCAR Türkiyə”nin “STAR” NEZ Türkiyə üzrə ümumi məhsul ixracatı dəyərinə görə 3-cü yerə layiq görülüb.
“STAR” NEZ, həmçinin “Kimyəvi maddələr və məhsullar”ı kateqoriyası üzrə birinci olub. Prezident Rəcəb Tayyib Ərdoğan “STAR” NEZ-in ixracat çempionu mükafatını SOCAR-ın prezidenti Rövşən Nəcəfə təqdim edib. “STAR” NEZ-in “Kimyəvi maddələr və məhsullar”ı kateqoriyası üzrə birincilik mükafatı isə Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat tərəfindən SOCAR prezidentinə təqdim olunub.
Azərbaycan, eyni zamanda, Türkiyənin alternativ enerji sektoruna da investisiya qoyur. Bu sahədə enerji xərclərinə qənaəti və ətraf mühitin qorunmasını hədəfləyən “Petkim” külək enerjisi stansiyası (“Petkim” RES) xüsusi vurğulanmalıdır. “Petkim” RES-in istifadəyə verilməsi ilə İzmirin Əliağa ərazisində buraxılan karbon emissiyaları 120 min ton azalıb və elektrik enerjisi istehsal gücü 22 faiz artıb.
Energetika sahəsində istehsal və emaldan başqa, enerjinin paylanılması, daşınması və kommunikasiya sistemlərinin inkişafı ilə bağlı SOCAR-ın Türkiyədə əhəmiyyətli investisiyaları var. Bu investisiyalara “SOCAR Terminal”, “SOCAR Dağıtım”, “SOCAR Depolama” və bir sıra əhəmiyyətli satınalmalar misal göstərilə bilər.
Emin BAĞIROV,
iqtisadi şərhçi
Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələr çoxtərəfli strateji əhəmiyyətli əməkdaşlığı əhatə edir. Bu, özünü daha çox enerji-nəqliyyat qovşaqlarını nəzərdə tutan layihələrlə büruzə verir. Bu layihələr 1994-cü ildə “Əsrin müqaviləsi” ilə qəbul edilən neft axtarış-kəşfiyyat işləri ilə başlayıb, sonrakı illərdə isə genişlənib.
İki ölkənin tərəfdaş olduğu nəhəng regional layihələrə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP misal göstərilə bilər. Bu layihələr regionda iqtisadi inteqrasiyanın güclənməsində, enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.
Bu beynəlxalq nəqliyyat və enerji layihələri Azərbaycan ilə Türkiyənin regionda mövqeyinin güclənməsində, beynəlxalq daşımalarda məsafə və müddətin qısaldılmasında, ölkələrimizin strateji əhəmiyyətinin artmasında, regional enerji təhlükəsizliyinin təminatında, bu dövlətlərin tranzit və ticarət əməliyyatları ilə yanaşı, digər sahələrdə gəlirlərin çoxalmasında, məşğulluğun həllində və əhalinin rifahının yüksəldilməsində əhəmiyyətlidir.
Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi münasibətlər tarixi-mədəni yaxınlığa və qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır. İkitərəfli iqtisadi əlaqələrdə çoxşaxəlilik və intensivlik müşahidə edilir. Bu əlaqələr ticarət, investisiya qoyuluşları və çoxtərəfli münasibətləri əhatə edən regional layihələrdə özünü daha qabarıq göstərir.
Hazırkı iqtisadi tərəfdaşlıq Türkiyə və Azərbaycanın həm ölkə, həm də region miqyasında nüfuzunun və iqtisadi gücünün artmasında əhəmiyyətli rol oynayır. Türkiyə ilə sıx iqtisadi münasibətimizin böyük inkişaf potensialı var. Hər iki ölkə liderləri tərəfindən mövcud iqtisadi əlaqələrin inkişafı üçün səy göstərilir.
Burada tarixi önəm daşıyan bir məsələyə də toxunmaq istərdim. Prezident İlham Əliyev ayrı-ayrı çıxışlarında azad edilən ərazilərin bərpası prosesindən danışarkən bu məsələdə dost ölkələrin fəaliyyətinə daha çox diqqət yetiriləcəyini xüsusi vurğulayıb. Ölkə rəhbəri bu zaman qardaş Türkiyənin Azərbaycana münasibəti barədə xüsusi danışıb, bu dövlətin Vətən müharibəsinin ilk günlərindən haqq işimizə böyük dəstək verdiyini xatırladıb. Bütün bunlardan sonra təbii ki, qardaş ölkə Qarabağ və Şərqi Zəngəzurun bərpasında da köməyini əsirgəməyib.
Türkiyə şirkətlərinin Qarabağın yenidənqurma işlərində səmərəli iştirakından bəhs edən Prezident İlham Əliyev deyib: “Ümumilikdə, Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan müxtəlif inşaat layihələrində iştirak ediblər. Əlbəttə ki, işğaldan azad edilmiş torpaqlarda da Türkiyə şirkətləri uğurlu fəaliyyət göstərəcəklər”.
Hər iki ölkənin rəhbəri tərəfindən Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat-tranzit, enerji, sənaye, kənd təsərrüfatı, humanitar və digər istiqamətlərdə əlaqələrin inkişaf dinamikası daim təqdir edilib. Türkiyənin Azərbaycanın həm idxalda, həm ixracda, həm də xarici ticarət dövriyyəsində əsas tərəfdaşlarından biri olmasından məmnunluq ifadə olunub.
2023-cü ildə qarşılıqlı ticarətin 31 faiz artaraq rekord 7,65 milyard ABŞ dollarına yüksəlməsi, ticarət dövriyyəsinin həcminin 15 milyard ABŞ dollarına çatdırılması ilə bağlı dövlət başçıları tərəfindən qarşıya qoyulmuş hədəfə nail olmaq üçün hökumətlərin bundan sonra da birgə səy göstərmək əzminin diqqət çəkməsi iki qardaş ölkə arasında əməkdaşlığın ən yüksək səviyyəyə çatmasından xəbər verir. Bu yüksək göstəricilərin əldə edilməsinə isə şübhəsiz ki, Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi, həmçinin iki ölkə arasında imzalanan fəaliyyət planlarının icrası əhəmiyyətli təsir göstərir.
Bütün bunlarla yanaşı, nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolunun tranzit imkanlarının genişləndirilməsi nəticəsində iki ölkə arasında ümumi daşınmış yüklərin həcminin 42,5 faiz artması da mühüm göstərici kimi diqqət çəkir. Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması, Azərbaycan tərəfinin artıq Naxçıvanda müvafiq dəmir yolu xəttinin yenidən qurulması işlərinə başlaması isə ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır.
Nəqliyyat sahəsində gündəlikdə duran bütün məsələlər müsbət məcrada həll edilib. Azərbaycana daxil olan Türkiyə avtodaşıyıcılarından alınan bəzi yol vergiləri və rüsumları ləğv olunub. Eyni zamanda, avtomobil daşımaları üçün mübadilə edilən icazə blanklarının sayı əhəmiyyətli dərəcədə artırılıb.
Azərbaycanla Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən investisiya qoyuluşu, bərpaolunan enerji, kənd təsərrüfatı, su resurslarının idarə edilməsi, xüsusilə Araz və Kür çayları hövzəsinin su ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, iqlim dəyişikliyi ilə mübarizə, COP29-a hazırlıq, səhiyyə, mədəniyyət, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər də bu gün diqqət mərkəzində saxlanılır və yüksək nəticələr gerçəkləşdirilir.
Vaqif BAYRAMOV
XQ