O'Brayn əvvəl nə deyirdi, indi nə deyir?
“Biz, həmçinin Mərkəzi Asiyadan Aralıq dənizinə qədər regionda davamlı sülhün bərqərar olması, iqtisadi imkanların genişləndirilməsi səylərini təşviq edirik. Ermənistanla Azərbaycan arasında davamlı sülh yaranarsa, bu imkanlar daha da genişlənəcək. Bu baxımdan biz səylərə töhfə verməkdən məmnunuq”.
Bu fikirlər ABŞ Dövlət Departamentinin rəhbərinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O'Brayna məxsusdur. Cənab O'Brayn bunları Ermənistan–ABŞ Strateji Dialoqunun yekun iclasının açılışında deyib.
ABŞ rəsmisi İrəvana ikitərəfli əlaqələr çərçivəsində müxtəlif sahələrdə yardımın olduğunu təsdiqləyib. Onun sözlərinə görə, son illər erməni xalqı islahatlara can atdığını dəfələrlə təsdiqləyib və baş nazir Nikol Paşinyanın hökuməti ölkənin qlobal iqtisadiyyata inteqrasiyasına imkan verəcək addımlar atır. Bu yerdə dərhal bildirək ki, Ermənistanın iqtisadi inkişaf tempində başlıca pay Rusiyadan gələn gəlirlər hesabınadır.
Amma o da faktdır ki, kollektiv Qərb üçün Cənubi Qafqaz regionunda balanslaşdırma xətti aktualdır və bu mənada İrəvana dəstək ilə əlaqədar müxtəlif formullar işlənir. Çox güman, C.O'Brayn da məhz həmin formullardan söz açır. Daha doğrusu, bilavasitə ABŞ tərəfindən həyata keçirilən addımlardan. Hərçənd, Ağ ev rəsmisi “Ermənistanda iqtisadiyyat son illər aktiv şəkildə inkişaf edir və bu, regionda öz tempi ilə diqqət çəkir” – deyərkən, bu il aprelin 5-də Brüsseldə Avropa İttifaqı–ABŞ–Ermənistan formatı çərçivəsindəki görüşü yada salır. Sözügedən görüşə nəzərən Ermənistanın qlobal iqtisadiyyatdakı payının artırılması üçün geniş perspektivlərin olduğunu vurğulayır: “Ölkələrimiz bu gün gömrük sektorunda məlumat mübadiləsinə dair saziş imzalayacaq. Nəticədə gələcək illərdə ticarət və biznes asanlaşacaq. Bu, Brüsseldə müzakirə edilən məsələlərin bir hissəsidir”.
Sırf erməni xalqının can atması kimi ritorikaya gəldikdə, belə görünür, pafosa əsaslanmaq ABŞ rəsmisinin fərdi ifadə tərzidir. Yəqin, O'Brayn Ermənistanı daha yaxşı tanıyır ki, erməni xalqının demokratik mühitdə daha sərbəst yaşamaq istəyinə dəstək verməkdən söz açır. İnanırıq ki, Dövlət Departamentinin təmsilçisi digər xalqların demokratiya şəraitində ömür sürmək niyyətində olmadıqlarını bildirmək istəmir. Yəni, sözümüz ondadır ki, hər bir xalq layiqli yaşamaq barədə düşünür, təkcə ermənilər yox. Görünür, O'Brayn fikrinə vaciblik libası geyindirir ki, bunu da müəyyən mənada təbii saymaq mümkündür. Eləcə də onun Birləşmiş Ştatların prosesə töhfə verməkdən qürur duyduğunu vurğulamasını.
Daha sonra diplomat fikrini bir qədər dolğunlaşdıraraq deyib ki, Ermənistanda baş verən siyasi proseslər xalqın demokratik istəklərini əks etdirir. Onun sözlərinə görə, Vaşinqton Paşinyan iqtidarının ABŞ-ın qismən köməyi ilə atdığı addımlardan məmnundur. Söhbət qanunun aliliyinin təmin olunması, korrupsiyaya qarşı mübarizənin və cəmiyyətdə plüralizmin gücləndirilməsi sahəsindəki addımlardan gedir: “Biz həm hökumət, həm də yerli səviyyədə çalışarıq ki, bütün bu addımları asanlaşdıraq”.
Bəli, əsas məsələ təhlükəsizlikdir. Dövlət Departamentinin rəsmisi bu baxımdan sülh mühitinin yaranmasını vacib saydığını vurğulayıb. Əslində, onun sülhün təminatı faktoru kimi də iqtisadi amilləri qabartması müsbət haldır. Bu baxımdan yazımızın başlanğıcındakı sitata xüsusi diqqət yetirilməlidir. Həm də ona görə ki, O'Braynın həmin fikirləri Ermənistanın bəzi siyasi dairələrində, eləcə də media orqanlarında birmənalı qarşılanmır. Onlar bildirirlər ki, dövlət katibinin müavininin “Mərkəzi Asiyadan Aralıq dənizinə qədər iqtisadi imkanlar” ritorikası Orta Dəhliz məntiqindən başqa bir şey deyil. O məntiq ki, onda “Zəngəzur dəhlizi” də yer alır. Erməni siyasilər bunu Azərbaycanın və Türkiyənin maraqlarının qorunması kimi qiymətləndirirlər. Bu barədə sonda söz açacağıq.
Hələlik isə qeyd edək ki, C.O'Brayn Amerikanın Ermənistanla ədliyyədən tutmuş müdafiə sisteminə qədər müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu təsdiqləyib. O, Birləşmiş Ştatların ölkə ilə keçən il birgə hərbi təlimlər keçirməsindən də məmnunluğunu dilə gətirib. Habelə, İrəvanın ərzaq təhlükəsizliyi baxımından ehtiyacları ödəmək məsələsinin həllinin zəruriliyindən söz açaraq, Vaşinqtonun bu istiqamətdə də yardıma hazırlığını dilə gətirib: “Əməkdaşlıq keçmişdəkindən daha dərin və güclüdür. Strateji dialoqun strateji komissiya səviyyəsinə yüksəldilməsi planları var ki, bu da daha dərin əməkdaşlığa imkan yaradacaq”, - deyə O’Brayn fikrini tamamlayıb.
İndi isə gələk “Zəngəzur dəhlizi” ilə bağlı məsələyə. Məlum olduğu kimi, C.O'Braynın adı keçən ilin sonlarına doğru məhz bu mövzu əsnasında çəkilmişdi. O da məlumdur ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata zidd olaraq Azərbaycanın Qərb rayonlarından Naxçıvana yol vermək istəmir.
Baş nazir N.Paşinyan və digər erməni rəsmiləri bildirirlər ki, Naxçıvana quru yolu Ermənistanın ərazi bütövlüyü və suverenliyi gözlənilməklə olmalıdır. Yəni, sərhəd və gömrük nəzarəti tətbiq edilməlidir. Azərbaycan məsələnin belə qoyuluşu ilə razılaşmır. Ona görə də Naxçıvana yolun Ermənistan deyil, İran ərazisindən keçməsini məqbul qiymətləndirir və buna dair Tehranla razılıq da var. C.O'Brayn isə ötən il ABŞ Konqresinin Nümayəndələr Palatasında konqresmenlərin suallarını cavablandırarkən bildirmişdi ki, ölkəsi Naxçıvana yolun İran ərazisindən keçməsinə razı deyil. Rəsminin sözlərindən belə çıxmışdı ki, Birləşmiş Ştatlar bütün mümkün imkanları ilə məsələnin reallaşmasına qarşı çıxacaq, hətta bu zaman Bakı təzyiq və sanksiyalarla üzləşəcək.
Əlbəttə, bu bəyanat ölkəmizdə haqlı hiddətlə qarşılanmışdı. Məsələyə Prezident İlham Əliyevin reaksiyası kifayət qədər sərt olmuşdu. Dövlətimizin başçısı bildirmişdi ki, heç bir dövlət Azərbaycanın xarici əlaqələrinə müdaxilə edə bilməz. Doğrudur, sonradan ABŞ-ın hərəkətləri bir qədər fərqli olmuşdu. 2023-cü ilin dekabrında C.O'Brayn İrəvanla yanaşı, Bakıya da səfər etmiş və səfərdən sonra Dövlət Departamenti belə bir məzmunlu məlumat yaymışdı: “Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn dekabrın 6-da Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə müsbət və konstruktiv görüş keçirib. Görüşdə ölkələrimizin dərin tarixi əlaqələri və ikitərəfli münasibətlərin əhəmiyyəti müzakirə olunub”.
Sonda onu da deyək ki, indi Azərbaycan və ABŞ arasında münasibətlər gərgin sayıla bilməz. Bu səbəbdən hazırda ölkənin Dövlət Departamentinin rəsmisinin fikirlərini, o cümlədən, Ermənistana dəstəklə bağlı diqqətə çatdırdığımız mövqeyini qeyri-məqbul saymaq mümkünsüzdür. Hiss olunur ki, Vaşinqton İrəvanla münasibətlərdəki strateji xətti əsas götürür. Bu xətt Vaşinqtonun Cənubi Qafqaz maraqlarına xidmət etsə də, aşkar tərəfkeşlikdən uzaqdır. Eyni zamanda, demək olmaz ki, həmin maraqlar Azərbaycanın mənafelərinin heçə sayılması reallığını doğura bilər.
Erməni siyasilərin “Zəngəzur dəhlizi” xüsusundakı narahatlığına gəlincə isə, hesab edirik ki, burada da Vaşinqtonun strateji davranış xəttinin əlamətləri duyulur. Azərbaycan isə öz prinsipial və qətiyyətli baxışını aydın şəkildə ortaya qoyub. Deməli, belə nəticəyə gəlmək olar ki, O'Braynın Orta Dəhliz məntiqinə eyham vuran “Mərkəzi Asiyadan Aralıq dənizinə qədər regionda davamlı sülhün bərqərar olması, iqtisadi imkanların genişləndirilməsi” fikri, belə demək mümkünsə, regional kompromisin təzahürüdür. Ancaq, bu, hələlik ehtimaldır. Hadisələr hansı səmtə doğru inkişaf edəcəyini zaman göstərəcək. Nəzərə alaq ki, ABŞ rəsmisinin haqqında söz açdığı Azərbaycan–Ermənistan sülhünün əldə edilməsi də gedişatdan və səmimiyyətdən asılıdır.
XQ-nin analitik mərkəzi