Türk dövlətləri ortaq qiymət standartları yaradır

post-img

Xəbər verildiyi kimi, iyunun 1-də Bakıda Türk Dövlətləri Qiymətləndiri­cilərinin Üçüncü Beynəlxalq Forumu keçirilib. Məclisdə türk dövlətləri qiymətləndirmə birliklərinin rəhbər və nümayəndələri, qonaq qismində Rusiya, Gürcüstan və Belarus qiymətləndirmə şirkətlərinin rəhbər və təm­silçiləri, Azərbaycanın İqtisadiyat, Maliyyə, Kənd Təsərrüfatı nazirlikləri­nin, eləcə də Azərbaycan Mərkəzi Bankının nümayəndələri və deputatlar iştirak ediblər. Forum türk dövlətləri qiymətləndiriciləri arasında əmək­daşlığı keyfiyyətcə yeni mərhələyə çatdırmaq məqsədi daşıyıb. 

Toplantıda çıxış edən Azərbay­can Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc tədbirin gün­dəliyi, müzakirə ediləcək məsələlər, eyni zamanda qurum qarşısında du­ran vəzifələr və perspektivlər barədə məlumat verib. Bildirilib ki, Türk Döv­lətləri Qiymətləndirmə Birlikləri Şura­sının əsas məqsədi qardaş dövlətlər arasında əməkdaşlığın artırılmasına töhfə vermək, təlim-tədris və təcrübə mübadiləsini həyata keçirmək, vahid məlumat bazası və türk dövlətləri qiymətləndiricilərinin milli standartla­rının formalaşmasına nail olmaqdır. 

Tədbirdə AQC sədrinin hesabat məruzəsi dinlənilib. Qurum rəhbəri bildirib ki, Türk Dövlətləri Qiymətlən­diricilər Birlikləri Şurası strukturlaş­mış bir təşkilatdır və ayrı-ayrı sahələr üzrə fəaliyyətini tənzimləyən təsisat­lar çərçivəsində fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qiymətlən­diricilər Cəmiyyətinin fəaliyyətində mühüm dəyişikliklərin baş verdiyini vurğulayan qurum rəhbəri bu sırada beynəlxalq əlaqələrin güclənməsinin xüsusi yer tutduğunu diqqətə çat­dırıb. Ölkəmizdə iqtisadi sektorla­rın kordinasiyalı fəaliyyətinin təmin olunması məqsədilə assosiativ ticari birliklərin fəaliyyətinin yüksəldildiyini diqqətə çatdıran V. Orucun sözlərinə görə, dövlət dəstəyi assosiativ təşki­latların qarşısında yeni imkanlar açıb və iqtisadi təşkilatların fəaliyyətində canlanma yaranıb. 

Diqqətə çatdırılıb ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ölkə­mizin ilk assosiativ təşkilatlarından biridir və belə təşkilatların daha zəif olduğu bir dövrdə, ötən əsrin son­larında fəaliyyətə başlayıb. V.Oruc, həmçinin deyib ki, bu sahədə baş verən mütərəqqi dəyişikliklər AQC-dən də yan ötməyib. Bu da qurumun fəaliyyətində mühüm dəyişikliklərin baş verməsinə səbəb olub. 

Maliyyə nazirinin müavini Azər Bayramov çıxışında Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının önəmindən bəhs edib. O deyib ki, 700-dən çox qiymətləndirmə şirkəti­ni və 1000-dən çox qiymətləndirici­ni özündə birləşdirən bu platforma qardaş xalqlar və qonşular arasında qarşılıqlı faydalı əməkdaşlığa mü­hüm töhfələr verir. Azərbaycan Pre­zidenti İlham Əliyevin türk dövlətləri arasında bütün sahələrdə, o cümlə­dən iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini daim vurğuladığını xatırladan nazir müavini hazırda türk dövlətləri arasında iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. 

Bu baxımdan türk dövlətləri çər­çivəsində birgə fəaliyyət modelinin, eləcə də qiymətləndiricilərin Bakı forumunun önəmi vurğulanıb. “Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına daxil olan ölkələr arasında iqtisadi münasibətlərin yüksək səviy­yədə olması sevindirici haldır. Son illər qiymətləndirmə ilə bağlı qəbul edilmiş qanunlar və onların uğurlara tətbiq edilməsi nəticəsində qiymət­ləndirmə sahəsi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, qiymətlən­dirmənin sivil bazasının formalaşdı­rılmasına nail olunub”, – deyə nazir müavini əlavə edib. 

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli isə çıxı­şında qeyd edib ki, iqtisadiyyatın digər sahələrində olduğu kimi, aq­rar sektorda da qiymətləndiricilərin fəaliyyətinə ehtiyac var. Bu sektorda həyata keçirilən layihələr, infrastruk­turla bağlı görülən işlərdə qiymət­ləndirilmələrin aparıldığını diqqətə çatdıran aparat rəhbərinin sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərimizdə “yaşıl” iqtisadiyyat tətbiq olunur ki, bu da qiymətləndi­ricilərin fəaliyyətinin genişlənməsin­də xüsusi əhəmiyyət daşıyır. Azər­baycanda 119 min hektarda müasir suvarma sisteminin quraşdırıldığını söyləyən A. Cəfərli əlavə edib ki, 60 min hektarda isə pivot suvarma, damcılı sistem tətbiq olunur.

Forum çərçivəsində Türk Dövlət­ləri Qiymətləndiricilərinin İdarə Heyə­tinin iclası keçirilib və mühüm qərarlar qəbul edilib. Toplantıda qiymətləndir­mə sektorunda qlobal problemlər mü­zakirə olunub, ortaq türk qiymətlən­dirmə standartları barədə müzakirələr aparılıb. Müzakirələr zamanı səs­ləndirilən fikirlər əsasında müəyyən adımların atılacağı qərara alınıb. Fo­rum iştirakçıları tərəfindən səsvermə yolu ilə AQC sədri Vüqar Oruc Türk Dövlətləri Qiymətləndiriciləri Birliyinin rəhbəri seçilib. 

Qeyd olunub ki, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının növbəti – 4-cü forumu gələn il 2025-ci ildə Özbəkistanda keçiriləcək. Yeri gəlmişkən, AQC-nin sədri Vüqar Oruc forumdan sonra jurnalistlərə bildirib ki, gələn il Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası­na rəhbərlik Türkiyəyə keçəcək. O deyib ki, həllini tapmalı bir sıra tex­niki məsələlər var ki, hazırda bu is­tiqamətdə işlər görülür. Bu baxımdan növbəti forumda şuraya üzv ölkələr olaraq qiymətləndirmə sektoru ilə bağlı problemlər müzakirə ediləcək.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Türk Dövlətləri Qiymətləndir­mə Birlikləri Şurasının yaradılması ilə bağlı Azərbaycan, Türkiyə, Qa­zaxıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti arasında razılıq əldə olunub. 2023-cü ilin aprel ayında isə Bakıda keçi­rilən zirvə görüşündə bu razılıq rəsmi şəkildə qəbul edilib. Bir ay sonra isə Qazaxıstanda təsis konfransı keçi­rilib. Türk Dövlətləri Qiymətləndiri­cilərinin birinci və ikinci forumları isə müvafiq olaraq Ankara və Türküstan şəhərlərində baş tutub.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat