İlin birinci yarısında bölgədə 32 SES-in istismara verilməsi nəzərdə tutulub
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının energetika sisteminın bərpa və yenidənqurma layihələrində “yaşıl” və innovativ texnologiyaların, o cümlədən kompozit şüşə lifli ekoloji təmiz dayaqların istifadəsi diqqətdə saxlanılır, belə bir prinsip isə mövcud sahədə təbii qaza qənaət edilməsinə, karbon dioksid emissiyasının azaldılmasına əlverişli imkan yaradır.
Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilən ərazilərdə genişmiqyaslı enerji layihələrinin icrasına başlanılarkən, ilk növbədə, yaşayış məntəqələrimiz düşmən əsarətində olduğu dövrdə dağıdılan kiçik su elektrik stansiyalarının (KSES) bərpasına, eyni zamanda ekoloji normalar daxilində yenilərinin tikilməsinə mühüm önəm verilib.
Bir neçə gün bundan əvvəl Kəlbəcər və Laçın rayonlarında 5 kiçik su elektrik stansiyasının (KSES) istismarı layihəsi çərçivəsində “Malıbəy” KSES-in təməlqoyma mərasiminin keçirilməsi də bunun bariz ifadəsidir. Bununla bağlı reallaşdırılan tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun alternativ və “yaşıl” enerji zonasına çevrilməsi uğurla təmin edilir. Regionda infrastruktur təminatının yüksəldilməsi məqsədilə müasir tələblərə cavab verən elektrik enerjisi təchizatı sistemi formalaşdırılır. “Yaşıl” enerji təchizatında su elektrik stansiyalarının (SES) əhəmiyyətli rolu var. Azad edilmiş ərazilərdəki çayların hidropotensialının yüksək olması da bu sahədə layihələrin səmərəliliyini artırır. Sözügedən istiqamətdə özəl sərmayədarlarla əməkdaşlığa xüsusi önəm verilməsi isə mövcud sahədə layihələrin icrasını daha da sürətləndirir.
“Malıbəy” KSES-in təməlqoyma mərasimində vurğulanıb ki, Kəlbəcər və Laçında KSES-lərin istismarı layihəsi Azərbaycan–Türkiyə qardaşlığının daha bir göstəricisidir. Bu, azad edilmiş ərazilərimizdə özəl sektorla birgə icra edilən ilk SES layihəsidir. Layihənin birinci mərhələsində “Malıbəy” stansiyasının ildə təxminən 7 min evin elektrik enerjisi ilə təmin ediləcəyi nəzərdə tutulur.
Qeyd edək ki, ötən ilin dekabr ayında “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” Şirkətlər Qrupu və “Arges Enerji Team” MMC arasında imzalanmış Birgə İştirak Müqaviləsi əsasında, Həkəri və Tərtər çayları üzərində ümumi dəyəri 25 milyon manat olan 5 KSES istismara veriləcək. Ümumilikdə 13,8 MVt gücündə olan həmin stansiyaların 2025-ci ildə tam istifadəyə verilməsi nəzərdə tutulur. Stansiyaların istismar müddəti 30 ildir. Layihənin icrası 25 yeni iş yerinin yaradılmasına imkan yaradacaq.
Layihə çərçivəsində Laçın rayonu ərazisindən keçən Zabux çayı üzərində I mərhələ üzrə bir neçə gün əvvəl təməli qoyulan “Malıbəy” - 5,1 MVt, II mərhələ üzrə “Qalaça 2” – 3,4 MVt, “Minkənd” – 1,8 MVt, “Qalaça 1” – 1,1 MVt gücündə, III mərhələ üzrə Kəlbəcər rayonu ərazisindən keçən Tərtər çayı üzərində gücü 2,4 MVt olan “Tərtər 1” kiçik su elektrik stansiyalarının tikintisi planlaşdırılır.
Yeri gəlmişkən, Laçın rayonunun Malıbəy kəndində əsası qoyulan eyni adlı KSES özəl sektorun Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk enerji layihəsidir. Bunu stansiyanın təməlqoyma mərasimində çıxış edən iqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib. “Sevindirici haldır ki, bu layihəni Türkiyə ilə birgə icra edirik”, – deyə o qeyd edib.
İyunun 1-də “Malıbəy” kiçik su elektrik stansiyasının (KSES) təməlqoyma mərasimində çıxış edən Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov bu ərazinin “sıfır emissiya” zonası elan olunduğunu, Qarabağ və Şərqi Zəngəzurda güclü “yaşıl enerji” potensialının mövcudluğunu, indiyədək Laçında 9 KSES-in istifadəyə verildiyini, onların ümumi gücünün isə, təqribən, 80 Mvt təşkil etdiyini bildirib.
M.Məmmədovun sözlərinə görə, 2024-cü ilin yayın sonunadək “Merik” və “Ağbulaq” SES-lərinin istismara verilməsi planlaşdırılır. “Ağbulağ”ı Laçındakı su elektrik stansiyaları arasında ən güclüsü adlandırmaq olar. “Ağbulaq-1” və “Ağbulaq-2”nin gücü müvafiq olaraq 14,2 meqavatt və 14,8 meqavatdır. “Merik” KSES-in gücü isə öz növbəsində 3,5 meqavatdır. Bu, yerli çaylar üçün yaxşı göstəricidir. Gələcəkdə başqa yaşayış məntəqələrində də yeni elektrik stansiyaları tikmək planlaşdırılır.
Emin BAĞIROV,
iqtisadi şərhçi
Qarabağ və Şərqi Zəngəzurda 2023-cü ildə “AzərEnerji” tərəfindən 12 yerdə tikilən yarımstansiya və su elektrik stansiyalarının açılışı olub. Belə ki, Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan–Türkiyə–Avropa ölkələrarası beynəlxalq enerji dəhlizi layihəsi çərçivəsində tikilən 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyası istismara verilib. Həmçinin “yaşıl enerji” strategiyasına uyğun olaraq ötən il Kəlbəcər rayonunda 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” KSE-lərin yenidənqurmadan sonra açılışı olub.
Paralel olaraq həmin dövrdə “AzərEnerji” tərəfindən Laçında yeni tikilən 110 kilovoltluq “Qorçu” yarımstansiyasının və “Laçın” şəhər qovşaq yarımstansiyasının açılışı həyata keçirilib. Bununla yanaşı, Laçın rayonunda yenidən qurulan 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” KSES-lər yenidən qurularaq istismara buraxılıb. Prezident İlham Əliyev “AzərEnerji”nin yeni tikilən 10,5 meqavat gücündə “Cahangirbəyli” SES-in açılışında da iştirak edib. Dekabr ayında isə 110 kilovoltluq “Ağdam” qovşaq yarımstansiyasının açılışı həyata keçirilib. 2023-cü ilin ən yadda qalan hadisələrindən biri isə heç şübhəsiz, 19–20 sentyabr antiterror tədbirlərindən cəmi 4 gün sonra Xankəndi və digər ərazilərin Azərbaycan enerji sisteminə qoşulması olub.
Hazırda relyefinə görə ölkənin ən mürəkkəb quruluşuna malik Kəlbəcər və Laçında elektrik təsərrüfatı yenidən qurulması davam etdirilir. Kəlbəcər 35 kV-luq elektrik xətlərinin çəkilişi sürətlə həyata keçirilir. Yenidənqurma çərçivəsində Ağqaya, Milli, Qamışlı və Mərcimək istiqamətində son tamamlanma işləri görülür. Yeni metal dayaqlar basdırılır, müasir tipli, izolyasiyalı kabel xətləri çəkilir. İstisu qəsəbəsində yerləşən 110/35 kV-luq yarımstansiyanın tikinti işləri və 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasından çıxan 110 kV-luq hava xəttinin Kəlbəcərdən İstisuya qədər olan hissəsinin çəkilişi davam etdirilir.
Laçında da yenidənqurma işləri sürətlə aparılır. Laçın şəhəri daxilində yeraltı kabel xətlərinin çəkilişi davam edir. Rayonun Zabux, Cağazur, Qorçu, Qaragöl istiqamətində elektrik şəbəkələrinin yenilənməsi yekunlaşıb və Şəlvə, Qaragöl, Sus, Bəylik, Zağazur, Minkənd istiqamətinə çəkilən 35 kV-luq hava xətti də tamamlanmaq üzrədir. Quşçu kəndində isə yeni “ÖİN-3” kabel hava xəttinin çəkilişinə başlanılıb. Şəhər ərazisində yeni 35/0.4 kV-luq yarımstansiya və rəqəmsal idarəetmə mərkəzinin, eləcə də Minkənd ərazisində yeni 110/35/10 kV-luq yarımstansiyanın tikintisi üçün hazırlıq işləri görülür. Həm Kəlbəcər, həm də Laçında yeni şəbəkənin qurulması və xətlərin çəkilməsi şəhərsalma planına əsasən həyata keçirilir.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin regionun dayanıqlı elektrik təchizatı infrastrukturunun yaradılması və hidroenerji ehtiyatlarından səmərəli istifadə istiqamətində tapşırıqlarına uyğun olaraq regionun sərt, keçilməz iqlim və relyef şəraitinə rəğmən 3 ildən az bir müddətdə ümumi gücü 226 MVt olan 28 SES yenidən qurulub və ya yeni tikilib. Ümumi gücü 44 MVt olan 4 SES-də isə avadanlıqların quraşdırılması və sazlama işlərinə başlanılıb. Nəticədə bütün region üzrə dayanıqlı elektrik təchizatı sxemi yaradılıb və “Yaşıl dünya naminə həmrəylik ili” elan edilən 2024-cü ilin birinci yarısında ümumi gücü 270 MVt olan 32 SES-in istismara veriləcəyi nəzərdə tutulub.
Həmin stansiyalarda il ərzində 600 milyon kilovat-saatdan çox “yaşıl enerji” istehsal ediləcək. Bununla da 160 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon qazının həcminin isə 330 min tondan çox azalması vəzifəsi reallaşacaq.
Yuxarıda qeyd edilənlərdən əlavə, ümumi gücü 37,5 MVt olan 6 KSES layihəsinin icrası ilə bağlı tender prosedurlarının keçirilməsinə başlanılıb. Bu layihələr üzrə stansiyaların 2025-ci ilin birinci yarısında istismara verilməsi planlaşdırılıb.
Vaqif BAYRAMOV
XQ