“Hnçak” və sülh… Qəribə səslənirmi?

post-img

Dünən Ermənistanın baş naziri Nikol Paşinyan “Hnçak” sosial demokrat partiyasının səd­ri Ambik Sarafyanı qəbul edib. Görüşdə bir çox məsələlərdən söz açılıb. Məsələn, erməni hökuməti ilə partiya arasında inkişaf etmiş dialoqun mövcudluğu yüksək qiymətləndirilib. Sarafyan deyib ki, Ermənistana səfəri ölkədə gedən prosesləri yerində müzakirə etmək im­kanı baxımından əhəmiyyətlidir. Ən əsası isə “Hnçak” sədri partiyasının Paşinyan iqtidarı­nın sülh gündəmini, mövcud istiqamətdəki addımlarını dəstəklədiyini dilə gətirib. “Hnçak” və sülh? Yəqin ki, bu sual tarixə az-maz bələd olan hər kəsi təəccübləndirəcək. 

Məsələ burasındadır ki, 1887-ci ildə Cenevrədə erməni Nazarbekov qar­daşları tərəfindən yaradılmış “Hnçak” partiyasının 1888-ci ildə dərc olunmuş proqramında Osmanlı dövlətinə qarşı üs­yanlar, kütləvi iğtişaşlar və terror fəaliyyə­ti əsas götürülmüşdü. Məqsəd Türkiyənin şərqində erməni dövlətini qurmaq idi. 

Partiyanın üzvləri, eyni zamanda, Qafqazda da aktiv fəaliyyət göstərmiş­dilər. Məsələn, “Hnçak” üzvləri 1903-cü ilin oktyabrında Qafqaz canişini knyaz Qo­litsinə hücum edib onu ağır yaralamışdılar. Sonuncu bir müddət sonra istefa vermək məcburiyyətində qalmışdı. 1904-cü ildə isə partiya təmsilçiləri Bakıdakı erməni fəhlələrini tətilə sövq etmək üçün kommu­nistlərlə birgə fəaliyyət göstərmişdilər. 

1915-ci ildə “Hnçak”ın Osmanlı impe­riyasındakı fəaliyyəti özünün ən pik həd­dinə çatmışdı. Hətta o həddə çatmışdı ki, 20 partiya üzvü barəsində İstanbulda edam hökmü çıxarılmışdı. Onlar Sasun və Zeytun üsyanlarında aktiv iştrak et­miş, türk əhalisinə qarşı terror həyata keçirmişdilər. 

Birinci dünya müharibəsindən və SSRİ-nin qurulmasından sonra “Hnçak” yalnız ermənilərin sıx yaşadıqları ölkələr­də fəaliyyət göstərmişdi. Qurumun təm­silçiləri 1970–1980-ci illərdə Livandakı vətəndaş müharibəsində aktiv iştrak etmişdilər. Birinci Qarabağ müharibəsi zamanı isə “hnçak”çılar “Metsn Murad” adlı silahlı dəstə yaradaraq Azərbaycana qarşı döyüşlərə qatılmışdılar.

Hazırda Ermənistanla yanaşı, Livan­da, Suriyada, Misirdə, Küveytdə, ABŞ-da, Fransada, Kiprdə, Argentinada, Uruq­vayda və İngiltərədə şöbələrinin fəaliyyət göstərdiyi “Hnçak”ın digər erməni terror təşkilatı “Daşnaksütyun” partiyasından başlıca fərqi onda olmuşdu ki, bu qurum Osmanlı daxilində erməni dövlətini yarat­maq ideyasını ortaya atmışdı. Halbuki, daşnaklar yalnız böyük dəyişikliklər tələb edirdilər. Yəni, “Hnçak” daha qatı müha­fizəkar idi. Onun üzvləri sosial-demok­ratik inqilab ideologiyasının və xüsusən Fridrix Engelsin, Georgi Plexanovun və Leninin fikirlərinin təsiri altında idilər. 

Ümumən, “Hnçak” partiyasının təxri­batçı, terrorçu mahiyyəti barədə çox söz açmaq mümkündür. Ona görə də quru­mun sədrinin hazırda Ermənistanın Azər­baycanla sülh gündəmini dəstəkləməsi qəribə və şübhəlidir. Paşinyanın onu qə­bul etməsi də həmçinin. O Paşinyan ki, son zamanlardakı çıxışlarında Ermənis­tanın keçmişin qalıqlarından uzaq dayan­masının vacibliyini vurğulayır. “Hnçak” erməni varlığının kirli, mənfur və murdar keçmişidir. Yaxşı olar ki, baş nazir Saraf­yanı, yəni partiya sədrini təntənəli şəkildə qəbul edəndə bunu düşünəydi. 

Nikol düşünməli idi ki, Sarafyan er­məni keçmişinin daha bir mənfur qalığı, hazırda “Vətən naminə Tavuş” hərəkatı­nı yaradıb dövlətə demarş xətti yeridən arxiyepiskop Baqrat Qalstanyandan heç nə ilə fərqlənmir. Birinci, sadəcə ikinci­nin qalstuklu variantıdır. Paşinyan isə ikincini, az qala, təhqir həddinə çatacaq səviyyədə aşağılayır, birinciyə ehtiram göstərir. Baş nazir Paşinyan arxiyepiskop Qalstanyanın görüş təklifini məsxərəyə qoyub deyir ki, görüş istəyirsə, qəbula yazılsın. Görəsən, Sarafyan qəbula yazı­lıb gəlmişdi? 

Bəli, “Hnçak” kimi terrorçu və təx­ribatçı keçmişli bir partiyanın liderinin Ermənistanda rəsmi səviyyədə qəbul edilməsi N.Paşinyan administrasiyasının sülh gündəliyinin qeyri-səmimiliyindən xəbər verir. Özü də bu, yalnız Azərbay­cana deyil, eyni zamanda, Türkiyəyə mü­nasibətdə yolverilməz hərəkətdir. Nəzərə alaq ki, “Hnçak”ın təxribatçı fəaliyyəti əsasən Türkiyə ərazisində olub və qu­rumun, bütövlükdə, türk düşmənçiliyinin ən qatı obrazı olduğunu söyləmək üçün faktlar yetərincədir. 

Sonda qeyd edək ki, “Hnçak” sözünün mənası zəng deməkdir. Yəni, partiyanın yaradıcıları hesab edirdilər ki, erməni döv­lətçiliyini yaratmaq üçün zəng çalırlar. İndi Sarafyan erməni dövlətçiliyi üçün zəngin çalındığı bir vaxtda İrəvandadır. Amma bu dəfə söhbət yaradılış yox, süqut zən­gindən gedir. Olmaya baş “hnçak”çı zəngi özü səsləndirməyə gəlib?

XQ-nin analitik qrupu

Siyasət