Özünün daxili imkanlarına, zəngin təbii sərvətlərinə əsaslanan Azərbaycan artıq 30 ildən artıqdır ki, müstəqil iqtisadi siyasət yürüdür, bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış edir. Bu isə ölkəmizi regionda və dünyada mühüm tərəfdaşa və nüfuz sahibinə çevirir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü iqtisadi strategiyanın uğurla davam etdirilməsi, qlobal enerji layihələrinin reallaşdırılması nəticəsində ötən illər dünyada baş vermiş maliyyə böhranlarının, COVİD-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan sosial-iqtisadi inkişaf tempini qoruyub saxlaya bilmişdir.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun olaraq inamla davam etdirilməsinin nəticəsidir ki, son 20 ildən artıq bir müddətdə ölkəmizdə taleyüklü məsələlərin həlli, genişmiqyaslı sosial-infrastruktur layihələrinin icrası mümkün olub. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin daha da artırılması, vergi və gömrük sahəsində həyata keçirilən mühüm tədbirlər ölkəmizin dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin edib. Bunun nəticədir ki, son 20 il ərzində ölkəmizdə ümumi daxili məhsul (ÜDM) 6,2 milyard dollardan 78,7 milyard dollara çatıb. Bu da ÜDM-in real həcminin 4 dəfə artması deməkdir. Təsadüfi deyil ki, Dünya Bankı Azərbaycanı 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil edib.
Son illər Azərbaycanın sosial-iqtisadi tərəqqisini sürətləndirmək məqsədilə yerli və xarici investisiyaların təşviqi istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Beynəlxalq təşkilatların da birmənalı olaraq təqdir etdikləri bu siyasətin nəticəsidir ki, ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi ildən-ilə artır. Müqayisə üçün deyək ki, 2002-ci ildə iqtisadiyyata yönəldilən investisiyaların həcmi 2,8 milyard dollar idisə, 2022-ci ildə bu göstərici 17,1 milyard dollar təşkil edib. Bütövlükdə isə, son 20 il ərzində 154,1 milyard dolları xarici investisiya olmaqla ölkə iqtisadiyyatına 310,4 milyard dollar vəsait yənəldilib.
Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş olduqca aydın, özündə konkret hədəfləri ehtiva edən, ölkə qarşısında duran əsas məsələlərin həlli üçün mühüm vasitə sayılan məqsədyönlü Dövlət İnvestisiya Proqramının icrası uğurla davam etdirilir. Sözügedən proqramda ölkənin iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafını təmin etməklə yeni iş yerlərinin yaradılması kimi mühüm məsələlərin həlli ilə yanaşı, bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi də nəzərdə tutulur. Ötən müddətdə ölkə əhalisinin firavan həyatının təminatına hesablanmış bir sıra sosial-infrastruktur layihələri icra olunub.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədinin ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdan ibarət olduğunu vurğulayıb. Dövlət başçısı deyib ki, son illər ərzində Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırıb. Ötən müddətdə respublikamızda elektrik enerjisi, avtomobil və dəmir yolları, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələrin səmərəsi getdikcə artır.
Elektroenergetika sahəsinin infrastruktur imkanlarının təkmilləşdirilməsi məqsədilə 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Bunun da nəticəsində əvvəllər elektrik enerjisini idxal edən Azərbaycan elektrik enerjisi ixrac edən dövlətə çevrilib. Ötən müddətdə özünün karbohidrogen ehtiyatlarından səmərəli şəkildə istifadə edən ölkəmiz əhalinin və iqtisadiyyatın “mavi yanacaq”la təminatını xeyli yaxşılaşdırmağa müvvəffəq olub. Bu sahədə reallaşdırılan infrastruktur layihələri regionlarda qazlaşdırmanın səviyyəsini 96 faizə çatdırmağa imkan yaradıb. Son illər Azərbaycanın içməli su sektorunda da mühüm infastruktur layihələri həyat keçirilib. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq respublikanın 33 şəhər və rayon mərkəzində içməli və tullantı su, o cümlədən 13-də içməli su şəbəkələrinin, 20-də isə tullantı sutəmizləyici qurğularının tikintisi yekunlaşıb. Bütün bunlara baxmayaraq, qlobal iqlim dəyişiklikərinin səbəb olduğu quraqlıq şəraitində Azərbaycanın su təsərrüfatında müxtəlif layihələrin icrasını zərurət yaranır. Yeri gəlmişkən, Şirvan suvarma kanalının təməlqoyma mərasimində diqqəti bu vacib məsələyə yönəldən dövlət başçısı İlham Əliyev deyib: “Növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələri olacaqdır... Artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir”.
Beynəlxalq nəqliyyat dəhlizlərinin qovuşduğu əlverişli geosiyasi məkanda yerləşən Azərbaycan özünün yol infrastruktrunu da dünya standartlarına səviyyəsində yenidən qurub. Ötən müddətdə ölkəmizdə yeni magistral dəmir və avtomobil yolları çəkilib, çoxsaylı körpü və tunellər inşa olunub. Bununla yanaşı, 9 hava yeni limanı tikilib və ya yenidən qurulub. Hazırda isə Laçın hava limanının tikintisi sürətlə davam etdirilir. Ölkədə həyata keçirilən uğurlu sosial siyasətin nəticəsi olaraq son 20 il ərzində əsas hissəsi regionlara aid olmaqla 3600-dən çox məktəb, 760-a yaxın tibb müəssisəsi tikilib və ya təmir olunub, 43 olimpiya kompleksi, stadionlar və digər idman qurğuları inşa olunub.
Hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərində özünün maliyyə imkanları hesabına iri miqyaslı tikinti-quruculuq və bərpa işləri həyata keçirir. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayış evlərinin inşası ilə yanaşı, infrastruktur, suvarma və enerji layihələri icra olunur, dəmir yolları, tunellər və hava limanları tikilir.
Artıq dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasının əsas iştirakçısına çevrilmiş Azərbaycan “yaşıl iqtisadiyyat”a keçid və “yaşıl texnologiya”ların tətbiqi istiqamətində irəliləyişlərə nail olmaq üçün sənayenin strukturunun yenilənməsi istiqamətində ciddi addımlar atır. Karbon emissiyalarının azaldılmasına mühüm töhfə verməyə çalışan Azərbaycan özünün zəngin bərpaolunan enerji potensialını hərəkətə gətirmək məqsədilə paytaxtda və regionlarda, xüsusən də işğaldan azad olunmuş ərazilərdə günəş və külək elektrik stansiyalarının tikintisini planlaşdırır. İlkin addımlar isə onu deməyə əsas verir ki, Azərbaycan yaxın illərdə “yaşıl iqtisadiyyat” sahəsində reallaşdırılan infrastruktur layihələrinin icrasına görə də dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcək.
Mirbağır YAQUBZADƏ
XQ