“Yaşıl artım” milli hədəfdir

post-img

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)  bu il Bakıda keçirilməsi qərarı Azərbaycanın “yaşıl enerji” siyasətinə qlobal dəstəyini ifadə edir. 2024-cü ilin respublikamızda  “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də vurğulanan fikrin bariz ifadəsidir. Neft-qaz ölkəsi olan Azərbaycan bu gün “yaşıl enerji” növlərinin yaradılmasını və “yaşıl enerji”nin dünya bazarlarına nəqlini enerji siyasətinin yeni prioritet istiqaməti kimi diqqətdə saxlayır. 

Qeyd edək ki, bərpaolunan və “yaşıl enerji” əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanmasına səbəb olub. Azərbaycanın bərpaolunan enerji potensialı da yüksək qiymətləndirilib. Məhz elə buna görə də  2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının ölkəmizdə  30 faizə çatdırılması nəzərdə tutulub.

Yeri gəlmişkən, statistik göstəricilərə görə, Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bu göstəricilər iqtisadi potensial üzrə isə 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat və günəş enerjisi üzrə 23 min meqavatdır.   

Xatırladaq ki, Vətən müharibəsindən dərhal sonra Qarabağı və Şərqi Zəngəzurun, həmçinin Naxçıvanın “yaşıl enerji bölgəsi” adlandırılaraq bu istiqamətdə genişmiqyaslı işlərə başlanılıb. Azərbaycanın bütün bölgələrində, eləcə də işğaldan azad edilmiş Kəlbəcər və Ağdərə rayonlarında geotermal və Günəş enerjisi ehtiyatları, Laçın, Qubadlı və Zəngilanda hidroenerji mənbələri, Şuşa, Xocavənd və Cəbrayılda külək enerjisi, Tərtər, Ağdam, Xocalı rayonlarında isə bioenerji ehtiyatlarının səmərəli istifadə edilməsi nəticəsində ölkəmiz, ümumilikdə, “Yaşıl enerji” istehsalçısına və istehlakçısına çevrilə bilər. Artıq Qarabağda və Şərqi Zəngəzurda hidroenerji potensialından fəal şəkildə istifadə edilir. Yaxın illərdə burada hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq ki, bu da “yaşıl enerji”yə keçid prosesinə böyük töhfədir.

Azad edilən ərazilərdə indiyədək bir sıra yarımstansiya və su elektrik stansiyaları istifadəyə verilib. Məsələn, Azərbaycan–Türkiyə–Avropa ölkələrarası beynəlxalq enerji dəhlizi layihəsi çərçivəsində tikilən 330 kilovoltluq “Cəbrayıl” qov­şaq yarımstansiyası istismara verilib. Həmçinin “yaşıl enerji” strategiyasına uyğun olaraq Kəlbəcər rayonunda 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub. Paralel olaraq “AzərEnerji” tərəfindən Laçında yeni tikilən 110 kilovoltluq “Qorçu” yarımstansiyasının və “Laçın” şəhər qovşaq yarımstansiyasının da açılışı həyata keçirilib. Bununla yanaşı, Laçın rayonunda yenidən qurulan 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” kiçik su elektrik stansiyaları yenidən qurularaq istismara buraxılıb. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin baş məsləhətçisi Gültac Miralıyeva söhbətində  neft-qaz ölkəsi olan Azərbaycanın bu gün “yaşıl enerji” növlərinin yaradılması istiqamətində həyata keçirilən söhbətlərdən bəhs edərkən   COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin  davamlı inkişafına və beynəlxalq əməkdaşlığa sadiqliyini də vurğuladı, bu beynəlxalq tədbirin qlobal arenada respublikamızın nüfuzunun daha da güclənməsinə müsbət təsir edəcəyini bildirdi.  

G.Miralıyeva, həmçinin ölkəmizin namizədliyi məsələsində beynəlxalq aləmin vahid mövqedən çıxış etməsini Azərbaycanın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisi kimi diqqət çəkdiyini xatırlatdı. Eyni zamanda, bildirdi ki, Bakıdakı mövcud infrastrukturu (otel, nəqliyyat sistemi, hava limanı və s. baxımından) da ciddi sınaq gözləyir. Çünki Statistika Komitəsinin bu ilin əvvəlinə olan göstəricisinə görə, paytaxtımızdakı  bütün otellərin günlük əsasda birdəfəlik tutumu cəmi 24 minə, bütün Azərbaycandakı otellərin birdəfəlik tutumu isə 56 minə bərabərdir. Yəni, rəsmi rəqəmlərdən görünür ki, COP29 üçün gözlənilən turist sayı nəinki Bakının, bütün ölkənin otellərinin birdəfəlik tutumundan çox ola bilər. Ona görə də paytaxtımızın bu tədbirə özündən öncəki şəhərlərdəki qədər qonağı qarşılayaraq evsahibliyi etmək üçün in­frastruktur imkanlarının qısa müddətdə gücləndirilməsi zəruridir. 

Hazırda ölkəmizdə “yaşıl enerji”dən istifadənin genişləndirilməsi məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq layihələri, o cümlədən dənizdə külək enerjisi üzrə Yol Xəritəsi, elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi və bərpaolunan enerji ixracı planları, “yaşıl enerji”nin Xəzərdən Avropaya və Naxçıvandan Türkiyəyə ixracı, enerji keçidi, enerji effektivliyi, “yaşıl  hidrogen”, elektromobillik və digər məsələlər haqqında danışıqlar aparılır. Ümumiyyətlə, “yaşıl” inkişaf və qlobal iqlim hədəflərinə uyğun olaraq layihələrin vaxt itirmədən və səmərəli şəkildə həyata keçirilməsi məsələsi daim diqqətdə saxlanılır.     

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəsmisi söhbətində onu da əlavə etdi ki, Dördüncü Sənaye İnqilabı adlandırılan yeni dövrün əsasını təşkil edən “yaşıl enerji” ənənəvi enerji mənbələrini –daş kömür, neft-qaz kimi sahələri geridə qoyacaq: “Yeni istehsal olunan mühərriklər, maşınlar hidrogen, qaz və elektrik enerjiləri ilə işləyirlər. Yaşıl hidrogeni ixrac etmək potensialını yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə əməkdaşlığı genişləndirmək zəruridir. Bərpaolunan enerji gündəliyimizi təkcə günəş, külək elek­trik stansiyaları ilə məhdudlaşmayaraq, Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialımızı inkişaf etdirmək prioritet məsələlərdəndir. 

Beləliklə, Azərbaycan apardığı məqsədyönlü iş, böyük zəhmət və bu sahədə qazandığı uğurlar sayəsində İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi etməyə tam layiqdir.

Vaqif BAYRAMOV 
XQ

 

İqtisadiyyat