NASA-dakı gənc azərbaycanlı mühəndis

post-img

1987-ci ildə Bakıda ziyalı ailəsində dünyaya gələn Atilla Əskərov Səbayıl rayonundakı 6 saylı tam orta məktəbin məzunudur. Azərbaycanın nümunəvi və milli məktəblərindən biri olan bu təhsil ocağı öz görkəmli məzunları ilə ad-san qazanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məktəbin ən məşhur məzunudur. 

Atilla Əskərov İstanbul Texniki Universitetinin mexanika fakültəsini  başa vurduqdan sonra təhsilini ­Vaşinqtondakı Virciniya Texniki Universitetində davam etdirir. Daha sonra Amerikanın ən tanınmış elm məbədlərindən biri olan Corc Meyson Universitetində elektronika mühəndisliyi üzrə magistraturanı bitirir. Gənc mütəxəssis bir neçə il məşhur "Deloitte" və Beynəlxalq Peyk Rabitəsi Təşkilatı "İntelsat" (The İnternational Telecommunications Satellite Organization) kimi şirkətlərdə mühəndis olaraq çalışır.

 ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi – NASA ilə əməkdaşlığı isə sadə bir məlumatdan başlayır: 2016-cı ildə vakansiya elanınına cavab olaraq şəxsi məlumatlarını NASA-ya  göndərir və heç bir həftə keçməmiş  müsahibəyə dəvət edilir. Müsahibə zamanı texniki bilik və bacarıqlarını üstün şəkildə sərgiləyən Atilla çox keçmədən NASA-dan iş təklifi alır. Proses bu qədər sadə görünsə də, Atillanın özü də vurğulayır ki, əsas məsələ bir mütəxəssis olaraq lazımı tələblərə cavab verməkdir. 

Və beləliklə, Atilla kosmos sahəsində olduqca böyük nailiyyətlər qazanmış  NASA-da işə qəbul edilir. Təxminən, 
2 milyard dollardan çox dəyəri olan və NASA-nın 2023-cü ildə kosmosa göndərdiyi və ilk layihə olaraq 2027-ci ildə kosmosa göndərilməsi planlaşdırılan RST (Nancy Grace Roman Space Telescope) teleskopunun WFI (Wide Field İnstrument) detektor elektronikasının mühəndisi kimi fəaliyyətə başlayır. 2022-ci ildən etibarən isə RST ilə yanaşı OSAM-1 (On-orbit Servicing, Assembly and Manufacturing 1) layihəsində işləyir. İki layihədə çalışmağın xeyli çətin olduğunu bildirən Atilla bu işin öhdəsindən uğurla gəlməyi də baçarır. 

Atilla  qəzetimizə müsahibəsində bidirir: 

– NASA-da işləmək hər kəsə müyəssər ola bilər. Əvvəla, bunu istəmək, arzulamaq lazımdır. Ayrıca götürdükdə bunun üçün təkcə arzu kifayət deyil, daha bir neçə şərti yerinə yetirməlisən. Ən birincisi, mükəmməl təhsil görmüş mühəndis olmalısan. Mühəndisliyi bütün varlığınla sevməlisən, əks halda bütün zəhmətin boşa gedər. 

Mükəmməl bir mühəndis olmaq üçün hər an inkişaf edən texnologiya ilə ayaqlaşmalısan. Bu, vacib məsələdir və mühəndis üçün həyati əhəmiyyət daşıyır. Bunun üçün sürəkli şəkildə oxumalı, öyrənməli, yeni proqramları mənimsəməli, yenilikləri təqib etməlisən. Nəhayət, nəzəri biliklərlə yanaşı, hər bir mühəndis praktikada problemi sürətlə həll etmə, yaradıcı və analitik düşünmə, mürəkkəb sistemləri təhlil etmə qabiliyyəti qazanmalıdır.

Qeyd edək ki, NASA-nın RST layihəsində çalışan əməkdaşların adları yazılan lövhə teleskopun instrumentinin kənar panelinə həkk olunub. Bu əməkdaşlar sırasında həmyerlimiz Atilla Əskərovun adı da var. Ən böyük arzusunun kosmosa uçmaq olduğunu söyləyən Atilla “ehtimal ki, adım məndən öncə kosmasa gedəcək” deyir və gülür.  

Azərbaycanın və azərbaycanlıların böyük potensialı olduğunu söyləyən mühəndis hər bir istedadlı gəncin  böyük mütəxəssis ola biləcəyini bildirir, bunun üçün yaxşı təhsil almağı və  inamlı olmağı tövsiyə edir.  

Qeyd edək ki, Atilla məşhur türkoloq alim Ramiz Əskərin ailəsində dünyaya gəlib. Ramiz müəllim Bakı Dövlət Universitetinin professorudur. "Şöhrət"  və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub, Əməkdar jurnalistdir. Anası Solmaz xanım Atillanın bitirdiyi 6 saylı tam orta  məktəbdə müəllim işləyib. İki dəfə "İlin müəllimi" seçilən və  Əməkdar müəllim adına layiq görülən Solmaz xanım 2020-ci ildə vəfat edib. Atillanın böyük bacısı Leyla jurnalistdir, kiçik bacısı Ayla isə Ankara Universitetinin məzunudur, hazırda Türkiyədə həkim işləyir. 

Namiq Qədimoğlu 
XQ

 

Sosial həyat