Hazırda ölkədə 13 alternativ enerji stansiyası yaradılır
Energetika naziri Pərviz Şahbazov Dubay şəhərində keçirilən BMT-nin iqlim dəyişikliyinə həsr edilən konfransında 2030-cu ilədək daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə quruda və dənizdə 8 QVt-dan çox “yaşıl enerji” layihələrinin xarici investisiya hesabına reallaşdırılacağını bildirib. Nazir, eyni zamanda, dayanıqlı, təhlükəsiz enerji güclərinin yaradılmasında, “yaşıl gələcəy”in qurulmasına milli səviyyədə mühüm töhfənin verilməsində beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığın müstəsna rol oynadığını qeyd edib.
P.Şahbazov çıxışında Azərbaycanın artıq 7 beynəlxalq şirkətlə “yaşıl enerji” tərəfdaşlığına başladığını da vurğulayıb. O, həmçinin 2030-cu ilədək olan dövrdə “yaşıl artım” ölkəsinə çevrilməyin və təmiz ətraf mühitə nail olmağın sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyən edildiyini, belə bir siyasətin isə regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni reallaşdırdığını diqqətə çatdırıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin bərpaolunan enerjinin xarici investisiya hesabına inkişafını, işğaldan azad olunan ərazilərin boz zonadan “yaşıl enerji” zonasına, Xəzərin “yaşıl enerji”nin istehsal və ixracının mərkəzinə çevrilməsini prioritetləşdirən dövlət siyasəti məhz “yaşıl sərmayə” axınına önəmli təsir göstərir. Cari ilin oktyabrında ilk xarici investisiya əsaslı və MDB, Xəzər regionunun ən böyük günəş elektrik stansiyasının “Masdar” şirkəti ilə birgə istifadəyə verilməsi də bunun bariz ifadəsidir.
Yeri gəlmişkən, 2027-ci ilədək “Masdar”, “ACWA Power”, BP, “China Gezhouba”, “Nobel Energy” və “Baltech” tərəfindən xarici investisiya hesabına 1,6 QVt-dan çox gücdə 8 günəş və külək elektrik stansiyasının inşa olunacağı da nəzərdə tutulur. Həmçinin 2031–2037-ci illərdə “yaşıl enerji”, hidrogen, “yaşıl ammonyak”ın istehsalı və ixracı məqsədilə təxminən 19 QVt həcmində güclərin də beynəlxalq enerji şirkətləri ilə yaradılması planlaşdırılır.
Qeyd edək ki, 2027-cı ilin sonunadək 1862 MVt həcmində “yaşıl güclər”in ölkənin enerji sisteminə inteqrasiyasını təmin etmək üçün elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi üzrə Dövlət Proqramının hazırlanması gözlənilir. Hazırda isə 2030-cu ilədək “Xəzər-Avropa İttifaqı” və “Azərbaycan–Türkiyə–Avropa” “yaşıl enerji” dəhlizləri yaratmaq və şaxələndirilmiş marşrutlarla, təxminən, 5 QVt həcmində “yaşıl elektrik” enerjisi ixrac etmək məqsədilə intensiv işlər görülür. Hazırda Xəzər dənizindən başlayaraq Azərbaycan, Gürcüstan, Qara dənizdən keçməklə Rumıniya və Macarıstanı əhatə edən, eyni zamanda, Bolqarıstanın da qoşulduğu dəhlizin texniki-iqtisadi əsaslandırması və bu layihə ilə bağlı birgə müəssisənin yaradılması istiqamətində müvafiq addımlar atılır.
Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında xalis sıfır emissiyalı “Yaşıl enerji zonası” konsepsiyası mühüm əhəmiyyətə malikdir. Azərbaycanın gücünü ifadə edən bu nəhəng quruculuq prosesində adları çəkilən iqtisadi rayonların enerji ilə təminatı məqsədilə qısa müddətdə 1157 kilometrdən artıq müxtəlif gərginlikli elektrik verilişi xətti çəkilib, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları inşa olunub, 20 yarımstansiya, ümumi gücü 75 MVt olan 13 stansiya bərpa edilərək istifadəyə verilib. Xankəndi şəhərinin Azərbaycanın enerji sisteminə qoşulması, düşməndən təmizlənən ərazilərimizin Şuşa yarımstansiyası vasitəsilə elektrik enerjisi ilə təminatı reallaşdırılıb.
Hazırda isə 119 MVt gücündə 13 stansiyada tikinti işləri aparılır. Həmçinin 140 MVt gücündə su elektrik stansiyalarının tikilib istismara verilməsi üçün tədbirlər davam etdirilir.
“Yaşıl enerji” zonasının yaradılması ilə bağlı 2022–2026-cı illəri əhatə edən tədbirlər təkcə bərpaolunan enerjinin inkişafı ilə məhdudlaşmır, enerji keçidinin bütün komponentləri üzrə fəaliyyəti də əhatə edir. Bu çərçivədə azad olunan ərazilərdə ümumi gücü 636 KVt olan Arximed qurğusu, 200-dən çox fərdi yaşayış evində günəş kollektoru, 170-dən çox evdə günəş paneli, ictimai və sosial binalarda ümumi gücü 800 kVt-dan çox olan günəş enerjisi sistemləri, 2300-ə yaxın LED lampalarla təchiz olunmuş və günəş enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri, “ağıllı” dayancaqlar, elektrik doldurma məntəqələri quraşdırılıb.
Əlbəttə, sadalanan layihələr davamlı xarakter daşıyır və bütün səylər də bu innovativ təcrübənin geniş tətbiqinə, Qarabağ və Şərqi Zəngəzurun enerji səmərəliliyində nümunəvi bölgəyə çevrilməsinə yönəldilir. Şübhəsiz ki, əsas məqsəd də dövlət başçısının vurğuladığı kimi, Qarabağ və Zəngəzurun dünyanın qibtə edəcəyi şəkildə qurulmasıdır.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” beş prioritetdən biri kimi müəyyənləşdirilib və “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “yaşıl enerji məkanı” layihəsi üzrə müəyyənləşdirilən tədbirlər qarşıya mühüm vəzifələr kimi qoyulub. Buradan da göründüyü kimi, Azərbaycanda bərpaolunan enerji mənbələrindən geniş istifadə təkcə ölkəmizin enerji təhlükəsizliyi ilə bağlı deyil, həm də az karbonlu enerji sistemi və dayanıqlı gələcək qurmaq, həmçinin xaricdə enerji gücümüzə olan tələbatı ödəmək məqsədi daşıyır.
Bütün bunlar isə deməyə əsas verir ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ həllinə, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradır. Bunun nəticəsidir ki, respublikamızda təmiz ekoloji mühitin gerçəkləşdirilməsi məqsədilə mövcud təbii resursların dayanıqlı və səmərəli istifadəsi, tullantıların idarə edilməsi ilə bağlı infrastrukturun yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycanın 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyası həcminin 40 faizə qədər azaldılmasının, habelə düşməndən təmizlənən ərazilərimizdə “təmiz 0” emissiya zonasının yaradılmasının şərti hədəf kimi götürülməsi də bunun bariz ifadəsidir.
Vaqif BAYRAMOV
XQ

