Dərmanların yeni ekspertiza tarifləri qiymətlərə təsir etməyəcək

post-img

Tarif (qiymət) Şurasının dekabrın 5-də keçirilən növbəti iclasında dərman vasitələrinin və dərman maddələrinin dövlət qeydiyyatı ilə bağlı ekspertiza, o cümlədən xarici qeydiyyatın tanınması üçün sadələşdirilmiş ekspertiza xidmətlərinin tarifləri təsdiq edilib.

Qurumun yaydığı məlumata əsasən, tarif dəyişikliyinin dərman vasitələrinin qiymətinə təsiri olmayacaq. Tarif Şurası­nın yeni qərarı ilə sadələşdirilmiş eksper­tiza tarifləri mövcud tariflərdən təxminən 20-29 faizi azaldılıb. Adi ekspertiza tarif­ləri isə mövcud tariflərdən 20 faizə qədər yuxarı həddə təsdiqlənib. Qurumdan onu da bildiriblər ki, sadələşdirilmiş eksperti­zanın tariflərinin daha aşağı olması hə­min dərmanların qeydiyyatını, yenidən qeydiyyatını və idxalını daha səmərəli etməklə dərman təchizatının yaxşılaşdı­rılmasına şərait yaradacaq. “Bu hal dər­man şirkətlərinin yüksək keyfiyyətli, ef­fektivliyi təsdiqlənmiş dərman vasitələrini ölkəyə idxal etməsini stimullaşdıracaq”,–deyə məlumatda bildirilir. 

Ekspertlər hesab edirlər ki, yeni sa­dələşdirilmiş ekspertiza tarifləri ölkədə dərman çeşidliliyinin artmasına müsbət təsir göstərəcək. Bu da sahibkarların ölkəyə dərman idxal etməsinə marağı­nı artıracaq. Bununla yanaşı, ölkənin dərman bazarında bu cür yeniliklər qiy­mətlərə, dərmanların maya dəyərinə də müəyyən təsir göstərəcək. 

Xatırladaq ki, “Dərman vasitələri haqqında” Qanuna olunan dəyişikliyə əsasən, dərman vasitələrinin qeydiyyatı üçün ixtisaslaşdırılmış ekspertiza xid­mətlərinin müddəti 210 gündən 90 günə endirilib. Xarici qeydiyyatın tanınması üzrə sadələşdirilmiş ekspertizanın nəti­cələrinə əsasən, dövlət reyestrinə daxil edilən dərman vasitələri üçün tələb olu­nan sənədlərin sayı azaldılıb. Xarici qey­diyyatın tanınması üçün sadələşdirilmiş ekspertiza üzrə qısa müddət – 11 iş günü təsbit edilib. Ekspertlərin fikrincə, ölkə­mizə idxal olunan dərmanların tanınması üçün ekspertiza müddətinin 11 iş günü müəyyən edilməsi bu sahədə sağlam rəqabəti artıracaq.

İclasda, həmçinin yeni dövlət qey­diyyatına alınan 158 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. Eti­barlı təchizatın təmin olunması məqsə­dilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 57 dərman vasitəsinin qiymətinin yuxarı həddində qanunvericiliyə uyğun olaraq dəyişikliklər aparılıb. Xatırladaq ki, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytı­nın “Dərman vasitələri” bölməsində yer­ləşdirilib.

Yeni tariflər sadələşdirilmiş ekspertiza ilə əlaqədar Nazirlər Kabinetinin “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nda dəyişikliyi nəzərdə tutan qərarı ilə eyni tarixdən qüvvəyə minəcək. Tarif Şurasının yeni qərarı isə 2023-cü il dekabrın 8-dən qüvvəyə minəcək. Heç şübhəsiz, yeni qərar qüvvəyə mindik­dən sonra Azərbaycan bazarına daha keyfiyyətli dərmanlar daxil olacaq ki, bu da istehlakçıların seçim imkanlarını xeyli artıracaq. Eyni zamanda, Azərbaycanda dərman bazarına nəzarət daha da güc­ləndiriləcək, ölkəyə daha keyfiyyətli dər­manların gətirilməsi təmin ediləcək. 

Yeri gəlmişkən, Azərbaycanın əczaçı­lıq bazarının illik həcmi 850 milyon dollar təşkil edir. Bunun da böyük hissəsi, təq­ribən, 90 faizi idxal hesabına təmin edilir. Dərmanlar isə, əsasən, Türkiyə, Avropa, Çin, Rusiya və Hindistandan gətirilir. Bü­tövlükdə isə, ölkəmizə xaricdən gətirilən dərman və tibbi ləvazimatlara il ərzində 750 milyon dollardan artıq vəsait xərclə­nir. Prosedurların sadələşdirilməsi ölkə­mizin dərman bazarında böyük canlan­maya səbəb olacaq, bu sahə ilə məşğul olan sahibkarlıq subyektlərinin fəaliyyəti­ni stimullaşdıracaq. 

Eldəniz ƏMİROV,
iqtisadçı-ekspert 

Hər şeydən əvvəl qeyd etmək istə­yirəm ki, Tarif Şurasının dərmanlarla bağlı yeni qərarı iş adamlarını sadə eks­pertizaya sövq edəcək. Belə ki, Azərbay­canda sadələşdirilmiş ekspertiza tariflə­rinin mövcud tariflərdən 20-29 faiz az müəyyən edilməsi təsərrüfat subyektləri­nin adi ekspertizadan daha çox sadələş­dirilmiş ekspertizaya üstünlük verməsini stimullaşdırır.

Sadələşdirilmiş ekspertiza xaricdə tanınmış dərmanlar üçündür. Bu tip eks­pertiza ölkəyə idxal olunmuş dərmanın keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir. Dərman vasitələri haqqında" qanu­nun birinci maddəsinin 34-cü bəndində qeyd edilir ki, sadələşdirilmiş ekspertiza dərman vasitələrinin xarici qeydiyyatda tanınması və xarici qeydiyyatda tanınmış dərman vasitələrinin idxalına icazənin verilməsi məqsədilə edilən ekspertizadır. Sadə dildə desək, sadələşdirilmiş eksper­tiza o dərmanlar üçün tələb edilir ki, onlar artıq xaricdə tanınıb. Yəni artıq müəyyən ölkələrdə tanınmış dərmanlar sadələşdi­rilmiş ekspertiza vasitəsilə Azərbaycanda qeydiyyata alına bilər. Əgər beynəlxalq səviyyədə tanınan bir dərman Azərbay­cana idxal olunursa, onun Azərbaycanda ekspertizası sadələşdirilmiş formada hə­yata keçirilə bilər. Çünki bu dərman bey­nəlxalq arenada qəbul edilib. Keyfiyyətsiz olsaydı, həmin dərman qəbul edilməzdi”.

Sadələşdirilmiş ekspertiza tarifləri­nin azaldılması, əvəzində adi ekspertiza tariflərinin artırılması dərmanların qiy­mətinə təsir etməyəcək. Düşünürəm ki, təsərrüfat subyektləri 99,9 faiz ehtimal­la hansısa qiymət artımına getməyəcək. Çünki bunun heç bir iqtisadi əsası yoxdur. Ekspertiza beş ildə bir dəfə aparılır. Bir il ərzində isə pərakəndə ticarət şəbəkəsində apteklərdə əczaçılıq məhsulları və tibbi ləvazimatlara bir milyard manatdan artıq vəsait xərclənir. Statistikaya görə, cari ilin yanvar-oktyabr aylarında apteklərdə bir milyard 39 milyon manatlıq dərman va­sitələri və tibbi ləvazimatlar satılıb. Hətta ötən il bundan da çox olub. Odur ki, bir dərmanın burada qeydiyyatı üçün tarifin azalması o dərmanın qiymətinin azalma­sına imkan verməyəcək. Eyni zamanda tarifin artması qiymətin artmasına gətir­məyəcək. Yəni beş il ərzində tarif dəyiş­kənliyi dərman qiymətlərinə təsir edəcək gücdə olmur.

Xarici qeydiyyatın tanınması üçün sadələşdirilmiş ekspertiza üzrə müddətin 11 gün müəyyən edilməsi bu növ eksper­tizaya yönəlik fəaliyyətin stimullaşdırıl­masıdır. Adi ekspertizanın müddəti 90, sa­dələşdirilmiş ekspertizanın müddəti isə 11 gündür. Belə olan təqdirdə ölkəyə dərman idxal edən təsərrüfat subyekti beynəlxalq aləmdə qeydiyyatda olan dərman vasitələ­rinin idxalına üstünlük verəcək. Çünki həmin dərmanlar idxal edilərkən 11 gün ərzində tanınacaq, tarifləri aşağı olacaq, təsərrüfat subyekti keyfiyyətli məhsul idxal edəcək. Nəticədə, istehlakçılar belə dərmanları daha çox üstünlük verəcək. Bütün hallarda yeni qərarın dərman təc­hizatının yaxşılaşdırılmasına və əhalinin bu qəbildən olan məhsullarla keyfiyyətli formada təmin olunmasına hesablanmış addım olduğunu düşünürəm.

Mirbağır YAQUBZADƏ
XQ



İqtisadiyyat