Sənaye zonalarında 71 yeni müəssisə yaradılıb

post-img

Həmin zavodlara 6,6 milyard manat investisiya yatırılıb, 11 mindən çox iş yeri açılıb

Azərbaycanın sənaye zonalarında bu gün 71 müəssisə fəaliyyət göstərir. Gələn il isə Ağdam Sənaye Parkında bir neçə müəssisənin, o cümlədən müxtəlif növ məhsullar istehsal edəcək “BAFCO Invest”, “Metkons” və “Mister Decor” məhdud məsuliyyətli cəmiyyətlərin açılışı nəzərdə tutulur.

İqtisadi Zonaların İnkişafı Agentliyindən aldığımız məlumata görə, respublikamızda 7 sənaye parkı (Sumqayıt Kimya, Mingəçevir, Balaxanı, Qaradağ, Pirallahı, Ağdam, “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları, 5 sənaye məhəlləsi (Hacıqabul, Masallı, Neft­çala, Sabirabad, Şərur) fəaliyyət göstərir. İn­diyədək sənaye zonalarına 6,6 milyard manat investisiya yatırılıb və 11 mindən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 780 mil­yon manata yaxın investisiya qoyuluşu, 6 min 400-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Sənaye zonalarında indiyədək, ümumi­likdə, 11,1 milyard manatlıq məhsul istehsal edilib. Bunun 3,6 milyard manatlıq hissəsi ix­rac olunub. Cari ilin 9 ayında isə sənaye zo­nalarında fəaliyyət göstərən müəssisələr tərə­findən 2,3 milyard manatlıq məhsul satılıb ki, bunun 31 faizdən çoxu, yəni 722 milyon manatdan artıq hissəsi ixracın payına düşüb. 

Hesabat dövründə 2,3 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çə­kisi 17,9 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 22,9 faiz (722,3 milyon manat) olub. Bu, sənaye zonalarının qeyri-neft sek­torunun inkişafında mühüm rol oynadığını göstərir. Ən əsası isə sənaye zonaları ölkə­nin idxaldan asılılığını aradan qaldırır (val­yutanın ölkədən çıxmasının qarşısını alır), ixracı təşviq edir. Bu da, öz növbəsində, sə­naye parklarından kənarda fəaliyyət göstərən müəssisələrə qarşı haqsız rəqabətin olmadı­ğından xəbər verir. 

İqtisadi Zonaların İnkişafı Agentliyi­nin məlumatında, həmçinin qeyd edilir ki, Prezident İlham Əliyevin iştirakı ilə bir müd­dət bundan əvvəl Sumqayıt Kimya Sənaye Parkında 3 müəssisənin açılışı ( keramik plitələrin, qablaşdırma məhsullarının, poli­mer qatqıların istehsalı müəssisələrinin) ke­çirilib. Bununla da sənaye parkında fəaliyyət göstərən müəssisələrin sayı 23-ə, ümumilikdə isə ölkəmizdə mövcud sənaye zonalarında tabe müəssisələrin sayı 71-ə çatdırılıb. 

Mütəxəssislər bildirirlər ki, yeni müəs­sisələrin fəaliyyətə başlaması respublika­da qeyri-neft sektorunun inkişafına təkan verəcək, ölkənin ixrac coğrafiyasını geniş­ləndirəcək, iqtisadiyyatın diversifikasiyasını sürətləndirəcək, əhalinin məşğulluğunun artı­rılmasına mühüm töhfə verəcək. 

Sumqayıt Kimya Sənaye Parkında yeni fəaliyyətə başlayan 3 müəssisə tərəfindən, ümumilikdə, 100 milyon manatdan artıq in­vestisiya yatırılıb, 600-ə yaxın daimi iş yeri yaradılıb. 

Prezident İlham Əliyevin Sumqayıta so­nuncu səfəri çərçivəsində sənaye parkının tabeliyindəki təməli qoyulan 2 müəssisəyə 30 milyon manatdan artıq investisiyanın ya­tırılması, 300-dən çox isə daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bu müəssisələ­rin 2024–2025-ci illərdə fəaliyyətə başlaması planlaşdırılır.

Sumqayıt Kimya Sənaye Parkında fəa­liyyət göstərən və yeni fəaliyyətə başlayan sənaye müəssisələri istehsalın şaxələndiril­məsinə və əlaqələndirilməsinə şərait yaradır. Belə ki, “Novus Plastica” MMC tərəfindən istehsal prosesində istifadə ediləcək xammal­lardan biri polimer olacaq ki, bu da Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC tərəfindən ödəniləcək. O cümlədən “Azərbaycan Vanhong Ceramics Co.” MMC tərəfindən keramik plitələr isteh­salı zamanı xammal kimi yeni təməli qoyu­lan “Kartaş Kimya” MMC tərəfindən istehsal ediləcək müxtəlif tikinti kimyəvilərdən istifa­də olunacaq. Bu növ istehsal müəssisələrinin qurulması sənaye parklarında klasterləşmənin yaranmasını sürətləndirəcək.

Sonda bir məsələni də qeyd edək ki, res­publikada fəaliyyət göstərən sənaye park­ları və məhəllələrində sahibkarların biznes fəaliyyətini stimullaşdıran, onların vergi və gömrük güzəştləri əldə etmələri üçün əlverişli şərait yaradan və 2016-cı ildən tətbiq edilən investisiya təşviqi mexanizmi çərçivəsində 7 ildən artıq müddət ərzində 583 layihə təşviq olunub. Layihələrin icrası nəticəsində iqtisa­diyyata 5,6 milyard manatdan artıq investisi­ya yatırılıb, 38,6 mindən çox iş yerinin yara­dılması nəzərdə tutulub. İndiyədək dəyəri 1,8 milyard manatdan artıq olan texnika, texno­loji avadanlıq və qurğular güzəştli şərtlərlə ölkəyə idxal edilib və müasir istehsal sahələri qurulub. 

Təşviq edilmiş layihələrin icrası nəticə­sində respublikada yeni məhsullar istehsal edən müəssisələr yaradılıb. Prezident İlham Əliyevin 20 dekabr 2022-ci il tarixli müva­fiq fərmanı ilə əvvəlki illərin təcrübəsi nəzərə alınmaqla investisiya təşviqi mexanizmi tək­milləşdirilib. Bu sənəd 2023-cü il yanvarın 1-dən 3 il müddətində sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya zonaları, həmçinin müvafiq ərazilərdə həyata keçirilən layihələrə, eləcə də dövlət başçısı tərəfindən müəyyənləşdirilən istiqamətlər üzrə strateji təşəbbüslərə verilib. 

Yeni meyarlara ekoloji baxımdan mühüm önəm daşıyan tullantıların təkrar emalı fəa­liyyət sahəsi də əlavə olunub, eyni zamanda, turizm istiqamətli fəaliyyət sahələri genişlən­dirilib. Mexanizm çərçivəsində layihələr üzrə idxal olunan texnika, texnoloji avadanlıq və qurğuların əhatə dairəsinin dəqiqləşdirilmə­si məqsədilə mal mövqelərinin siyahısı təs­diqlənib. 

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

Sənaye park və məhəllələri xarici investisiyaların ölkəyə cəlbində və qey­ri-neft sektorunun inkşafında mühüm rol oynayırlar. Onlar yeni texnologiyaların ölkəyə transfer olunmasında, bununla da rəqabətqabiliyyətli əmtəələr istehsal edilməsində daha çox fərqlənirlər. Eyni zamanda, yerli şirkətlər sənaye park və məhəllələrinin yaradılması ilə bağlı bey­nəlxalq təcrübədən bəhrələnməklə həmin texnologiyalar əsasında yeni milli istehsal müəssisələrinin açılmasına böyük maraq göstərirlər. 

Onu da qeyd edim ki, belə müəs­sisələrdə buraxılan məhsullar keyfiyyə­tinə görə xüsusi diqqət çəkir. Bu səbəb­dən də onların ixrac coğrafiyası getdikcə genişlənir. İndiyə qədər ölkəmizin sənaye park və məhəllələrində 11 milyard manat­lıq məhsul istehsal edilməsi və bunun təq­ribən 32,4 faizinin ixrac olunması da qeyd edilən fikrin təsdiqidir. bildirib. Təksə cari ilin yanvar-sentyabr aylarında sənaye zo­nalarında fəaliyyət göstərən müəssisələr məhsul istehsalının dəyərini ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artıraraq 2,3 milyard manata çatdırıb. Bunun da 31,2 faizi ixrac olunub.

Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzurda da sənaye park və məhəllələ­rinin yaradılması xüsusi diqqətdə saxlanı­lır. Belə müəssisələrdən biri hazırda Ağ­damda yaradılır. Burada qurulan sənaye parkında hazırda 19 rezident, 6 qeyri-re­zident fəaliyyət göstərir. İndiyədək 12 milyon manata yaxın investisiya qoyulan bu parkın ilk müəssisəsinin gələn il fəaliy­yətə başlayacağı gözlənilir.

Parkın rezidentləri qeydiyyata alın­dıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texni­kanın, texnoloji avadanlıqların və qur­ğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

Həmçinin bu il yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərəcək sahibkarlara əlavə güzəştlər tətbiq edilir. Bura sosial sığorta haqlarının subsidiyalaşdırılması, düşməndən təmiz­lənən yaşayış sahələrində məskunlaşaraq işləyən mütəxəssislərə hər il 5 gün əlavə məzuniyyət verilməsi, aylıq vəzifə maa­şına əlavələrin hesablanması, 600 manat birdəfəlik müavinət verilməsi, iş icazələ­rinin alınmasının sadələşdirilməsi kimi imtiyazlar daxildir. İşğaldan azad olunan ərazidə fəaliyyət göstərən sahibkarın is­tehsal prosesində istifadə edəcəyi bir sıra xammal və materialların idxalı da 10 il müddətinə ƏDV-dən azad olunur.

 

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat