Bayram axşamında böyük futbol

post-img

Əgər Azərbaycan futbolunda beynəlxalq meydanda ölkəmizi daha yaxşı təmsil edən komanda üçün “Bayrağın şərəfi” mükafatı təsis olunsaydı, son on ildə bu mükafatın ünvanı dəyişməzdi. Ağdamın “Qarabağ” komandasının avrokuboklarda keçdiyi qürurverici yol, xarici mütəxəssislərin də etiraf etdikləri kimi, onun ildən-ilə böyüməsinin və adının Avropada mükəmməl oyun nümayiş etdirən komandalar sırasında çəkilməsinin göstəricisidir. 

Ölkə çempionumuzun Almaniya Bundesliqasının lideri “Bayer” ilə UEFA Avropa Liqası turnirinin “H” qrupunda ikinci dövrə görüşünün 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə tə­sadüf etməsi maraqlı, həm də tarixi məqamdır. Cədvələ inamla baş­çılıq edən almaniyalı lider ən yaxın izləyicisinin qonağıdır. İki həftə əvvəl Leverkuzen matçında meydan sahiblərinin xeyrinə böyük he­sab (5:1) qeydə alınsa da, Bakıdakı görüşə ölkəmizdə maraq çox böyükdür. Hamı sabah axşam Tofiq Bəhramov adına Respublika Stadionunda yaddaqalan futbol tamaşasının şahidi olacağına ümid etməkdə haqlıdır. Almanların qələbələr seriyasını davam etdirmək iddiaları var, Azərbaycan futbolçularının da müqəddəs bayramımız Dövlət Bayrağı Günündə “Qarabağ”ın tarixində, bəlkə də, ən mühüm oyunda nəyə qadir olduqlarını var gücləri ilə göstərmək üçün əllərin­dən gələni edəcəklərini təsəvvür etmək çətin deyil. 

Azərbaycan klub futbolunun şəriksiz liderinin ardıcıl on il avro­kubok yarışlarının qrup mərhələsinə vəsiqə qazanması, burada da zəngin təcrübəli komandalarla rəqabətdə layiqli mübarizə aparması çox şey deməkdir. Onun Avropa və dünyanın ən yaxşı klublarının siyahısında getdikcə irəliləyib, daha uca pillələrə yüksəlməsi doğru yolda olduğunu təsdiq edir. 

Düzdür, bu yolda bəzən uğursuzluq da baş verir. Ancaq futbolda bunsuz mümkün deyil. Başlıcası budur ki, irəlilədiyin yolda hərdən büdrəyəndə ruhdan düşməyib, yenidən məqsədə doğru inamla ad­dımlamağa davam etməyi bacarasan. “Qarabağ” məhz belə mübariz kollektivdir.

Sabah qrupumuzda dördüncü turun digər görüşündə İsveçin “Hekken” klubu “Molde”ni (Norveç) qəbul edəcək. Ötən turda bu rəqiblərin də oyunu 5:1 hesabı ilə başa çatmışdı. Qələbəyə evdə çıxış edən norveçlılər sevinmişdilər. İndi isə “doğma divarlar” arasın­da oynamaq növbəsi İsveç təmsilçisinindir. 

Azarkeşlərin səbrsizliklə gözlədiyi “Qarabağ”—“Bayer” görüşü ilə bağlı qeydlərimizi yekunlaşdırarkən xatırladaq ki, almanlar ikinci döv­rəyə yüzfaizli nəticə ilə başlayırlar (9 xal), “Qarabağ”ın 6, “Molde”nin 3 xalı var, “Hekken” isə hər üç oyundan məğlub ayrılmışdır. Noyabrın 9-da saat 21.45-də başlanacaq görüşdə uğurlu nəticə Azərbaycan komandasına turnir cədvəlində indiki mövqeyini qorumağa imkan verər, həm də onu pley-off mərhələsinə bir qədər də yaxınlaşdırar. Bu bayram günlərində gözləntimiz də elə budur.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman