Qeyri–neft məhsullarımız xarici bazarlarda yeni alıcılar qazanır

post-img

İlin əvvəlindən bu sahədə ixrac 2,4 milyard dollara yüksəlib

Son illərdə özəl bölmənin hüquqi bazasının formalaşdırılması nəticəsində ölkədə iqtisadi sərbəstlik üçün geniş imkanlar yaranıb. İş adamlarının normal fəaliyyəti təmin olunub,  respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub. 

Bunun nəticəsində Azərbaycanda rəqabətqabiliyyətli, alıcı zövqünü oxşayan məhsulların istehsalı genişlənib. Bu məhsulların daxili bazarda öz yerini getdikcə möhkəmləndirməsi ilə bərabər, bir sıra xarici ölkələrə də ixracı sürətlənib. Azərbaycan məhsulunun xarici bazara çıxarılması və ixrac imkanlarının genişləndirilməsində regional dövlət proqramlarının uğurlu icrası, respublika iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiyasının gerçəkləşdirilməsi, qeyri-neft sektorunun inkişafına yönələn davamlı tədbirlərin kompleks şəkildə həyata keçirilməsi kimi məsələlər də önəmli rol oynayıb.     

Ölkəmizin ixrac potensialının səmərəli rellaşması, daxili bazarda sağlam rəqabət mühitinin formalaşması, istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsi, standartlaşdırma və metrologiya sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması milli istehsalçıların xarici bazarlarda mövqelərini möhkəmləndirib. Bundan başqa, Ümumdünya Ticarət Təşkilatının prinsipləri çərçivəsində daxili bazarın qorunmasına ciddi əhəmiyyət verilməsi, haqsız rəqabət hallarına qarşı mübarizənin gücləndirilməsi və rəqabətin inkişafı ilə bağlı tədbirlərin reallaşdırılmasına sahibkarların və istehlakçıların cəlb olunması, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi də diqqət mərkəzində saxlanılıb.  

Son illər regionlardakı mövcud sənaye müəssisələrinin yenidən qurulması və müasir müəssisələrin yaradılması məsələlərinə də böyük əhəmiyyət verilib.    Burada  kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin bərpası və ixrac potensialının artırılması kimi məsələlər də önə çəkilib. Sənaye sektorunda əsas məqsədə nail olmaq üçün bu sahədə qeyri-neft sektorunun inkişaf  istiqamətlərinin müəyyənləşdirilməsi, rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılmasının təşviqi ilə bağlı davamlı layihələr icra olunub. Eyni zamanda, köhnə sənaye müəssisələrində istehsalın texnoloji cəhətdən yenidən qurulması, ixtisaslı kadrların hazırlanması və s. tədbirlər  reallaşdırılıb.  

Ölkəmizdə ixracın genişləndirilməsi, ixrac mallarının çeşidinin artırılması məqsədilə respublikamız “Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+” Proqramına (“GSP+”) qoşulub. Bunun sayəsində respublikamızın Avropa İttifaqı (Aİ) bazarlarına güzəştli şərtlərlə ixrac imkanı yaradılıb ki, bu da  ixrac potensialının genişləndirilməsinə və ixrac strukturunun diversifikasiyasına önəmli təsir göstərib.   

Göründüyü kimi, regionlarda qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, kommunal xidmət və sosial infrastruktur təminatının həcminin, keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, investisiya siyasətinə mühüm əhəmiyyət verilməsi, iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşu imkanlarının genişləndirilməsi, investorlar üçün azad rəqabət mühitinin formalaşdırılması ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, ixrac potensialının daha səmərəli reallaşdırılmasına şərait yaradıb.   

Bütün bu layihələrin uğurla gerçəkləşdirilməsi nəticəsində ixras prosesində davamlı olaraq yüksək göstəricilər qeydə alınıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında bu barədə ətraflı bəhs olunub. Bununla bağlı müvafiq göstəricini diqqətə çatdırmazdan əvvəl xatırladaq ki, son illər ərzində Vergi Məcəlləsinə edilən düzəlişlər, sənaye məhəllələrinin, texnoparkların,  azad iqtisadi zonaların salınması investisiyaların cəlbini və biznes mühitinin kifayət qədər yaxşılaşdırılmasını şərtləndirib. 

Azərbaycanın neft strategiyası iqtisadi artımda əsas rol oynasa da, uğurla həyata keçirilən geniş miqyaslı islahatlar nəticəsində qeydə alınan göstəricilərlə qeyri–neft sektorunun payı neft–qaz sənayesini üstələyib. Belə ki, sözügedən icmala əsasən, 2023-cü ilin yanvar–sentyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 26,5 milyard dollar, qeyri–neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,6 faiz artaraq 2,4 milyard dolları təşkil edir.

Cari ilin 9 ayı ərzində elektrik enerjisi 2,7 dəfə, qara metal məmulatlarının ixracı 34,3 faiz, meyvə-tərəvəz ixracı isə 7,1faiz artıb. Hesabat dövründə aqrar və aqrar–sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 8,4 faiz artaraq 641 milyon dollar çatıb. Qeyri–neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar–sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,4 faiz artaraq 146 milyon dollar təşkil edib.

Hesabat dövrü ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (330 milyon dollar) birinci olub. Bu siyahıda pomidor (tomat) (124 milyon dollar) ikinci, qızıl (102 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində Rusiya Federasiyasına 787 milyon dollar, Türkiyəyə 631,8 milyon dollar, Gürcüstana 240 milyon dolları, İsveçrə Konfederasiyasına 112 milyon dollar, Qazaxıstana isə 78 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2023-cü ilin sentyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (65,9 milyon dollar) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (45 milyon dollar) ikinci və İsveçrə (26 milyon dollar) üçüncü  yerdə qərarlaşıb. Hesabat dövründə  ixraca yönəldilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (25,7  milyon dollar) birinci, elektrik enerjisi (15,4 milyon dollar) ikinci və meşə fındığı (10 milyon dollar) üçüncü olub. 

“İxrac icmalı”nda, eyni zamanda,  2023-cü ilin oktyabr ayında “Bir pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyərinin 18,4 milyon dollara çatması qeyd edilib.  

İcmalda, həmçinin 2023-cü ilin 9 ayında “Azərkosmos”  tərəfindən dünyanın 46 ölkəsinə 14,4 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac olunub. “Azərkosmos”un xidmət ixracından gələn gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. Cari ilin sentyabr ayında isə bu qurumun dünyanın 45 ölkəsinə 1,8 milyon dollar dəyərində xidmət ixracı qeydə alınıb.   

Yeri gəlmişkən, 2023-cü ilin yanvar–sentyabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində Birləşmiş Krallıq (4,1 milyon dollar), Lüksemburq (3,1 milyon dollar), BƏƏ (1,2 milyon dollar), Almaniya  (815 min dollar) və Nigeriya (572 min dollar) qərarlaşıb.

Yuxarıda qeyd edilənlər və bununla bağlı müsbət göstəricilər hazırda ölkə iqtisadiyyatı üçün yeni istiqamətlərin  formalaşmasını deməyə əsas verir. Bu, istiqamətlər idxaldan asılılığın azaldılması, qeyri–neft əmtəə və xidmət ixracı həcminin yüksəldilməsi, qeyri–neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl investisiyaların dominant rolunun gerçəkləşdirilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və “kölgə iqtisadiyyatı”nın səviyyəsinin minimuma endirilməsindən ibarətdir. Yeni məqsədlərə doğru yolda əldə edilən ilkin nəticələr isə müsbətdir.

Vaqif BAYRAMOV 
XQ

 

İqtisadiyyat