Azərbaycan regionda Koreyanın əsas tərəfdaşıdır

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova Koreya Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 1-də bu ölkənin Milli Assambleyasının Sədri Jin-pyo Kim ilə görüşüb. 

Jin-pyo Kim Koreyanın Azərbaycanın müstəqilliyinin ilk günlərindən sıx əlaqələr qurduğu ölkələrdən biri olduğunu, ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini vurğulayıb. Azərbaycanın Cənubi Qafqaz regionunda Koreyanın əsas ticarət tərəfdaşı olduğu, ticarət dövriyyəsinin durmadan artdığı diqqətə çatdırılıb.

Milli Məclisin Sədri Sahibə Qafarova ölkələrimiz arasında müxtəlif formatlarda qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı imkanlar olduğunu bildirib. O qeyd edib ki, ölkələrimiz ənənəvi format və təşkilatlarla yanaşı, yeni əməkdaşlıq formatlarında da birgə fəaliyyət göstərə bilər. Bunlardan biri Azərbaycanı, Mərkəzi Asiya ölkələrini və Koreya Respublikasını əhatə edən, müxtəlif sahələrdə mühüm imkanlar və üstünlüklər verə bilən əməkdaşlıq mexanizmi ola bilər. 

Görüşdə təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlıq məsələləri də müzakirə edilib. Hazırda Koreyada 200-ə yaxın azərbaycanlı tələbənin təhsil aldığı, Azərbaycan və Koreya universitetləri arasında müxtəlif beynəlxalq tələbə mübadiləsi və ikili diplom proqramlarının mövcud olduğu diqqətə çatdırılıb. 

 

Əliqismət BƏDƏLOV

XQ

 

Son xəbərlər