BP gənc sahibkarları himayə edir

post-img

BP şirkəti və tərəfdaşlarının ölkəmizin Qərb bölgəsində həyata keçirdikləri sosial proqramlardan biri də də “Kənd yerlərində gənc sahibkarlara dəstək layihəsidir. Bu layihə biznesin inkubasiyası modelinin tətbiqi vasitəsilə kənd yerlərində yaşayan gənc sahibkarlara dəstək məqsədi daşıyır. BP-nin Samuxa təşkil etdiyi mediaturda bu barədə ətraflı məlumat verildi. 

Qeyd olundu ki, layihənin 2021-ci ilin aprelindən 2022-ci ilin sentyabrınadək davam edən birinci mərhələsində Sa­mux, Goranboy və Şəmkir rayonlarından seçilmiş 30 nəfər gəncə biznes qurulma­sı və idarə olunması məqsədilə təlim ke­çirilib. Həmin müddətdə 29 biznes plan işlənib hazırlanıb. İş quranlar lazımi ava­danlıqlarla təmin edilib. Bildirildi ki, 16 ay davam edən bu mərhələ çərçivəsində BP və tərəfdaşları tərəfindən 205 min 50 ma­nat vəsait xərclənib. 

Ötən müddətdə əldə edilən uğurlu nəticələr layihənin davamlı olması üçün yaxşı zəmin yaradıb. Buna görə də cari ilin fevral ayında layihənin ikinci mər­hələsinə start verilib. Layihənin növbəti mərhələsi ilə bağlı media nümayəndələ­rinə məlumat verilərək bildirildi ki, ötən müddətdə Samux, Goranboy, Ağdaş və Yevlax rayonlarından olan 65 nəfərə biz­nesin qurulması və idarə olunması üçün təlim keçirilib. Hər bir gənc sahibkara 4 min manatlıq avadanlıq verilib. Bundan əlavə, 7 aylıq mentorluq dəstəyi göstəri­lib. Gələn ilin oktyabrınadək davam edə­cək iknci mərhələ üçün isə 495 min 285 manat vəsait ayrılıb. 

Mediatur çərçivəsində kütləvi informa­siya vasitlərinin nümayəndələri Samux ra­yonunun Lək kəndində “Kənd yerlərində sahibkarlığa dəstək” layihəsinin iştirakçısı sahibkar Elmir Vəliyevin avtomobil təmiri məntəqəsinə baxış keçirdilər. 

“Kənd İnkişafına Dəstək” İctimai Birliyinin sədri Sübhan Əsgərov la­yihə barədə fikirlərini jurnalistlərlə bölüşdü: 

– BP və tərəfdaşlarının həyata keçir­diyi bu layihə kənd yerlərində yaşayan imkanları az, amma məşğulluğa çox me­yilli olan gəncləri seçib onlara buznesləri­ni qurmağa və davamlı gəlir əldə etməyə hərtərəfli dəstək göstərmək baxımından təqdirəlayiqdir. Layihənin bir özəlliyi də ondadır ki, reallaşdırıldığı ilk gündən sa­hibkarın bütün fəaliyyəti diqqətlə izlənilir, donor təşkilat sonadək onun yanında olur. 

Seçim prosesinə gəldikdə isə, S.Əsgərov bildirdi ki, bu işdə kəndin bələdiyyəsi, icra nümayəndəliyi və yerli icmanın fəallarının köməyindən istifadə olunur: – Məhz onların təqdim etdikləri siyahı əsasında fəal, məşğullu­ğa meyilli gənclər müəyyən olunaraq im­kanları öyrənilir. Donor təşkilatımız olan BP və tərəfdaşları ilə razılığa gəlindikdən sonra həmin gənclər təlimlərə cəlb olu­nur. Təlim prosesində gənclərə biznesin keçirilməsi, maya dəyərinin hesablanma­sı, işin aparılması metodları və s. öyrə­dilir. Bütün bunlar donor tərəfindən təs­diqləndikdən sonra benefisarlara biznes planların hazırlanmasında lazımi kömək göstərilir, gənclərə peşələr üzrə xüsusi təlimlər keçirilir. 

Hazırda kənd yerlərində elə gənclər var ki, işi bilir, amma köhnə avadanlıq­larla istədiyinə nail ola bilmir. Bacarığı, peşə vərdişləri olan həmin gənclərin yeni avadanlıq almağa isə imkanları yoxdur. BP və tərəfdaşlarının maliyyə dəstəyi ilə son dərəcə motivli olan gənclər layihəyə qoşulduqdan sonra bizneslərini genişlən­dirib yaxşı nəticələr əldə ediblər. 

Layihənin regional meneceri Xuda­yar Gülmalıyev isə bildirdi:

– Kənd yerlərində gənc sahibkarlara dəstək” layihəsinin 9 aylıq birinci mər­hələsi çərçivəsində heyranedici nəticələrə imza atılıb. Onun dediyinə görə, layihənin ilk mərhələsinin əhatə etdiyi rayonların 7 bələdiyyəsi üzrə 9 kənddən seçilmiş 30 nəfər benefisarın əksəriyyəti gənclər olmaqla 11 nəfəri qadın, 19 nəfəri isə ki­şilərdən ibarət olub. BP-nin mütəxəssislə­ri tərəfindən seçim prosesi yoxlanıldıqdan sonra layihənin icrasına başlanılıb. Layihə menecerinin sözlərinə görə, artıq 30 gənc benefisar il yarımdır ki, biznes sahəsində uğurla fəaliyyət göstərir. “Ən maraqlısı isə odur ki, öz istəklərinə uyğun olaraq kənd təsərrüfatı sahəsini seçən 17 nəfər sahibkara Avstriya cinsi sayılan simmen­tal sortundan olan inəklər verilib. Həmin heyvanların hamısı balalayıb. Hər biri də minimum 15 litr süd verir. Hətta 1 yaşlı balanın çəkisi 440 kiloqrama çatır. Bu isə, heyvandarlıq sahəsində bir nümunədir”–deyə o əlavə etdi. 

Elmir Vəliyev isə bildirdi ki, uşaq­lıqdan ən böyük arzusu maşın ustası kimi fəaliyyət göstərmək olub. Ordudan qayı­dandan sonra atasının yanında maşın təmiri ilə məşğul olan gənc Elmirin maşın təmiri üçün nə münasib yeri olub, nə də lazımi avadanlıqları. Amma BP şirkətinin həyata keçirdiyi “Kənd yerlərində gənc sahibkarlara dəstək” layihəsi onu qısa müddətdə arzusuna qovuşdurub. Elmir bələdiyyə sədrindən layihə haqqında mə­lumat alan kimi ona qoşulmaq qərarına gəlib. Gəncədə 5 günlük təlim keçdikdən sonra maşın təmiri üçün vacib olan ava­danlıqları əldə edib. 

Gənc sahibkar dedi ki, BP-nin ölkə­mizdə reallaşdırdığı sosial layihələrdən az-çox məlumatı olduğundan həmin avadanlıqlarla təmin olunacağına ilk gün­dən əmin olub. İndi özü və köməkçisi bu layihədən yararlanaraq əməlli-başlı qa­zanc əldə edirlər. Buna görə BP və tərəf­daşlarına minnətdarlığını bildirən Elmir usta gələcəkdə biznesini daha da geniş­ləndirməkdə israrlıdır...

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat