Nüfuzlu maliyyə qurumu “Bank Respublika” ilə layihələri davam etdirir
Son illər ölkəmizin maliyyə-bank sisteminin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsi, həmçinin beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Dövlət başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”də bununla bağlı nəzərdə tutulan müəyyən tədbirlərin icrası diqqət mərkəzində saxlanılıb. Respublikada investisiya mühitinin daha da yaxşılaşdırılmasına müsbət təsir göstərən məsələlərin həlli, beynəlxalq maliyyə institutları ilə əlaqələrin genişləndirilməsi də gerçəkləşdirilib.
Asiya İnvestisiya Bankı (AİB) bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu maliyyə təşkilatının ölkəmizlə əlaqələri dövlət qurumları ilə yanaşı, həm də özəl sektoru əhatə edir və Azərbaycan hökumətinin inkişaf strategiyasına uyğun həyata keçirilir.
AİB-in ölkəmizdə icra etdiyi ilk layihələr Mingəçevirdə keçmiş məcburi köçkünlər üçün evlərin tikintisi, Şəki rayonunda sel daşqınlarının qarşısının alınması üçün bəndlərin inşası olub. Belə ki, AİB 2003-cü ildə yoxsulluq səviyyəsi ölkə üzrə göstəricidən yuxarı olan və daşqınların fəsadlarından əziyyət çəkən 12 regionun mühafizəsi üçün 22 milyon ABŞ dolları həcmində kreditin ayrılmasını təsdiqləyib. Həmin layihədən beş şəhərin və 43 kəndin əhalisi faydalanıb və bu, daşqınlar zamanı itkilərlə üzləşən 240 mindən çox insanın həyat səviyyəsinin yaxşılaşdırılmasına müsbət təsir göstərib.
Bank sonrakı mərhələlərdə respublikamızla bağlı əməliyyatlara dair Bizness Planını təsdiq edərək öz fəaliyyətini daha çox nəqliyyat, energetika, su təchizatı və kanalizasiya sektorlarında davam etdirib. Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə ölkəmizin 5 şəhərində su və kanalizasiya xətlərinin yenidən qurulması layihəsini həyata keçirib. Maliyyə institutu energetika sektorunda da səmərəli fəaliyyət göstərib, Mingəçevirdən Abşeronadək 280 kilometrlik və “Şimal” Elektrik Stansiyasından Hövsana qədər 97 kilometrlik olan elektrik ötürücü xətlərin tikintisinə önəmli töhfə verib.
Burada mühüm bir məqamı da xatırlatmaq istərdik. AİB-in təşəbbüsü ilə Prezident İlham Əliyevlə sözügedən maliyyə institutunun prezidenti Masatsuqu Asakava arasında 2020-ci il iyunun 1-də keçirilən videokonfransda dövlətimizin başçısı respublikamızın bankla əməkdaşlığını yüksək qiymətləndirərək deyib: “Mən xatırlayıram ki, 5-6 il bundan əvvəl bizim maliyyə dəstəyinə ehtiyacımız olanda Asiya İnkişaf Bankı çox tez reaksiya göstərdi və Cənub Qaz Dəhlizi layihəsinə kredit verən ilk böyük beynəlxalq banklar arasında birinci oldu. Bu çox mühüm və vaxtında göstərilən dəstək Azərbaycanın geniş kreditorlar qrupu yaratmasını şərtləndirdi. Həqiqətən də bu, mənə çox xoş təsir bağışladı və mən bir daha çox vaxtında göstərilmiş bu dostcasına yanaşmaya görə minnətdarlığımı ifadə etmək istəyirəm. Biz bunun əməkdaşlığın çox yaxşı əlaməti olduğunu nəzərə aldıq”.
Onu da deyək ki, AİB-in son illərdəki geniş portfeli də diqqət çəkir. Suvarma və təhsillə bağlı icra olunacaq müəyyən layihələrin icrası, həmçinin özəl sektor, infrastrukturun inkişafı, kiçik və orta müəssisələrə dəstək məsələlərinin həlli ilə əlaqədar görülən işlər də bunun bariz ifadəsidir.
AİB ilə ölkəmiz bu gün birgə biznes əməliyyatları strategiyasını uğurla reallaşdırır. Bu strategiya çərçivəsində beynəlxalq bank Azərbaycanla əlaqədar kredit prioritetlərini müəyyənləşdirməyə çalışır. Eyni zamanda bank respublikamızla əlaqədar mühüm texniki yardım proqramlarında fəal iştirak edir.
Ümumiyyətlə, AİB Azərbaycan Hökuməti ilə həyata keçirdiyi layihələrdə qarşıya qoyduğu məqsədləri–insanların həyat şəraitinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması, infrastrukturun müasir tələblər səviyyəsinə qaldırılması kimi vəzifələri uğurla yerinə yetirir.
Beynəlxalq maliyyə qurumu ölkəmizdə səmərəli fəaliyyətini hazırda da davam etdirir, maliyyə sektorunun inkişafını daha da sürətləndirmək üçün layihələr reallaşdırır. Məsələn, bir neçə gün əvvəl Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” və AİB arasında kredit sazişi imzalanıb. Sazişə əsasən, banka 20 milyon ABŞ dolları ekvivalenti həcmində milli valyutada irihəcmli kredit ayrılacağı nəzərdə tutulub.
Məlumatda qeyd edilir ki, cəlb edilən vəsait həm “Bank Respublika”ya, həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektora kredit dəstəyinin gücləndirilməsinə, xüsusilə mikro, kiçik və orta müəssisələrin maliyyələşdirilməsinə, o cümlədən gənclərin və qadınların sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə imkan verəcək. “Bank Respublika”nın geniş filial şəbəkəsi sayəsində cəlb olunan vəsait Azərbaycanın bütün regionlarındakı sahibkarların dəstəklənməsinə şərait yaradacaq.
“Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov mediaya müsahibəsində AİB-in uzun fasilədən sonra Azərbaycanın maliyyə bazarına məhz adıçəkilən bank ilə birgə qayıtmasını yüksək qiymətləndirir. T.İsmayılov qeyd edir ki, tərəflər arasında sazişin imzalanması həmin beynəlxalq maliyyə institutunun həm ölkəmizdə bank sisteminin sabitliyinə, həm də “Bank Respublika”nın etibarlılığına inamının daha bir mühüm göstəricisidir. AİB kimi aparıcı beynəlxalq maliyyə təşkilatları ilə tərəfdaşlıq “Bank Respublika”ya real sektoru daha sərfəli şərtlərlə dəstəkləmək imkanı yaradır və bununla da Azərbaycanda sahibkarlığın inkişafına töhfə verir.
AİB-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Candice McDeiganın “Bank Respublika” və AİB arasında kredit sazişinin imzalanması ilə bağlı fikirləri də diqqət çəkir. O, bildirir ki, kiçik və orta sahibkarlıq respublikamızda gəlirlərin artırılması və iş yerlərinin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir, çünki həmin sahibkarlıq subyektləri əmək qabiliyyətli əhalinin üçdə ikisindən çoxunun işlə təminatını reallaşdırır, həmçinin aqrar sektorda qeydiyyatdan keçən sahibkarlıq subyektlərinin demək olar ki, 40 faizi qadınlara məxsusdur. “Bank Respublika” AİB-in uzun illərdir ki, etibarlı tərəfdaşıdır və onun fəaliyyəti bu beynəlxalq maliyyə institutunun ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq, kənd təsərrüfatını gücləndirmək və qadınların maliyyə, təlim və bazarlara çıxışına kömək etmək məqsədləri ilə uzlaşır.
Sonda xatırladaq ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bu maliyyə qurumunun səhmdarları arasında Almaniyanın ən böyük maliyyə institutlarından olan “Sparkassen International Development Trust” (Sparkassen–Finanzgruppe maliyyə qrupunun üzvü) də var. “Bank Respublika”, eyni zamanda ölkəmizin bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə – “Sabit” proqnozlu “B2” reytinqinə (Moody’s) malikdir.
Vaqif BAYRAMOV
XQ