Qarabağda sahibkarlara maliyyə yardımı

post-img

44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərin minalardan və hərbi sursatlardan təmizlənməsi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, yeni infrastrukturun yaradılması istiqamətində görülən işlər burada sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar yaradıb. 

Düşmənin 30 il ərzində xarabazara çevirdiyi, daşı daş üstdə qoymadığı tor­paqlarımızda həyat yenidən canlanır, insanların qurub-yaratmaq həvəsi artır. Prezidenti İlham Əliyev aprelin 18-də Salyan şəhərində Azərbaycan Televizi­yasına müsahibəsində deyib: “Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas pri­oritetdir… Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz, bu torpaqların sahibləri isə gəlmi­şik qurmaq üçün, yaratmaq üçün”.

Dövlət başçısının “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında” Fər­manı isə özəl bölmənin təşviqi baxı­mından mühüm əhəmiyyət daşıyır. Fərmana əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilə­rində istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü il yanvarın 1-dən 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sula­rının axıdılması xidməti) tariflərinə uy­ğun olaraq ödədikləri vəsaitin 20 faizi qədər dövlət büdcəsinin vəsaiti hesabı­na maliyyə yardımı ödəniləcək.

Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommu­nal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ma­liyyə yardımının ödənilməsi qaydasını on beş gün müddətində dövlət başçısı ilə razılaşdırmaqla təsdiq etməli, ma­liyyə yardımının ödənilməsi ilə bağlı tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etməli, fərmanın ic­rası barədə ildə bir dəfə ‒ hər il aprelin 1-nə qədər dövlət başçısına məlumat verməlidir. 

Adıçəkilən sənədə əsasən İqtisa­diyyat Nazirliyi Maliyyə və Energetika nazirlikləri ilə razılaşdırmaqla fərmanın icrası ilə bağlı 2023-cü ildə tələb olunan vəsait barədə təkliflərini on beş gün, fərmanın icrası ilə bağlı illik icmal hesa­batını isə növbəti il fevralın 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməlidir. 

Qarabağ və Şərqi Zəngəzurun bər­pasında, sosial-iqtisadi həyatın canlan­masında sahibkarlar mühüm rol oyna­yırlar. Bu da təsadüfi deyil. Azərbaycan dövləti burada iş görmək istəyən bütün yerli və xarici biznes nümayəndələri üçün hərtərəfli şərait yaradıb. Elə bu­nun nəticəsidir ki, 2022-ci ildə işğaldan azad edilmiş rayonlarımızda 2157 yeni fərdi sahibkarlıq subyekti yaradılıb. Ki­çik və Orta Biznesin İnkişafı Agentliyi­nin məlumatına əsasən, bu il yanvarın 1-dək işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə məşğul olmaq üçün agentliyə 1339 müraciət daxil olub. Müraciətlərin 873-ü yerli, 466-sı isə 37 ölkəni əhatə edən xarici sahibkarların payına düşür. 

Ölkə Prezidenti İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Res­publikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Döv­lət Proqramı”nın da əsas hədəflərin­dən biri məhz işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın bərpası üçün yeni investisiyaların cəlb olunması ilə sahibkarlıq mühitinin formalaşdırılma­sıdır.

Mahir ZEYNALOV, 
ETN İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent

Prezident İlham Əliyevin “İşğal­dan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarla­ra kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında” Fərmanı Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılması məqsə­di daşıyır. Fərmandan irəli gələn məsələlərin həlli işğaldan azad olun­muş ərazilərdə iqtisadi fəallığın güc­ləndirilməsinə, investisiya cəlbediciliyi­nin artırılmasına, eləcə də düşməndən təmizlənmiş torpaqlarımızın iqtisadi potensialının reallaşdırılmasına imkan yaradacaq. 

İşğaldan azad olunmuş ərazilərin bərpası, bu torpaqlarda həyatın əvvəl­ki məcrasına qaytarılması Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələdir. Təsadüfi deyil ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda əsas investor Azərbaycan dövlətidir. Ötən müddətdə bütün mənbələr hesabına Qarabağda bərpa işlərinə 6,4 milyard manat vəsait xərclənib. 2023-cü ilin dövlət büdcəsindən isə daha 3 milyard manat ayrılıb. Bununla belə, dövlətin yaratdığı əlverişli biznes mühiti, bir sıra vergi güzəştləri, eləcə də infrast­rukturun bərpası istiqamətində görülən işlər özəl sektoru da bu ərazilərdə iş görməyə sövq edir. 

Yeri gəlmişkən, 2022-ci ildə ən çox yeni iş yerləri və fərdi sahibkarlıq subyektləri Ağdam rayonunda yaradı­lıb. Belə ki, ötən il bu rayonda 775 fərdi sahibkarlıq subyekti qeydiyyata alınıb, 184 yeni iş yeri açılıb. Bərpa prosesin­dən sonra isə Ağdam, həm də sənaye şəhəri olacaq. Ağdam şəhəri elə işğal­dan əvvəl də Qarabağın əsas sənaye mərkəzi olub. Bu ənənə davam etdi­riləcək və rayonda yeni sənaye müəs­sisələri yaradılacaq, minlərlə yeni iş yerləri açılacaq. Bu, həm də işğaldan azad edilmiş ərazilərin milli iqtisadiy­yata sürətli inteqrasiyasının təmini, da­yanıqlı inkişafı, eləcə də layiqli yaşayış şəraitinə nail olunması baxımından vacibdir. 

Ağdam Sənaye Parkının uğurlu fəaliyyətini bu sahədə atılan ilk addım hesab etmək olar. Sahibkarlar bura­da fəaliyyət göstərməyə böyük maraq göstərirlər. Bu yaxınlarda İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zona­ların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkında “Ağdam Süd” MMC-yə rezidentlik statusu ve­rilib, bununla da Sənaye Parkının re­zidentlərinin sayı 16-ya çatıb. Ağdam Sənaye Parkının yeni rezidenti tərəfin­dən Sənaye Parkına 2,2 milyon manat investisiya yatırılacaq, 40 nəfər işlə tə­min ediləcək. “Ağdam Süd” MMC tərə­findən Sənaye Parkının ərazisində in­vestisiya dəyəri 2,2 milyon manat olan süd məhsullarının istehsalı müəssisə­si inşa ediləcək. 40 nəfərin işlə təmin ediləcəyi müəssisədə istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək. Ağdam Sənaye Parkında ümumi investisiya həcmi 27 milyon manata yaxın olan təkcə 4 müəssisədə 250-dən çox da­imi iş yeri yaradılacaq.



İqtisadiyyat