Beynəlxalq aləmdə bütün dövlətlərə münasibətdə vahid yanaşma olmalıdır

post-img

Biz hər zaman ABŞ prezidentlərinin rəsmi bəyanatlarında, Gürcüstan, Moldova və Ukrayna liderlərinə məktublarında ərazi bütövlüyünə dəstək­lə bağlı çox açıq sözlər eşitmişik. Azərbaycana gəldikdə isə onlar sanki bunu söyləyirlər, lakin, eyni zamanda, sülh yolu ilə nizamlanma. İşğal dövründə bu, daha ədalətsiz və haqsız idi...

Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin for­malaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransdakı çıxışından

Şuşa, 3 may 2023-cü il

Son bir neçə ildə, xüsusən, İkinci Qarabağ müharibəsindən sonra bir çox mütəxəssislər dün­yada gedən ictimai-siyasi proses­lərə Azərbaycan Prezidenti İlham Əliyevin necə münasibət bildirə­cəyinə maraq göstərirlər. Sevindi­rici haldır ki, ADA Universitetinin təşkil etdiyi beynəlxalq tədbirlərdə bu tendensiyadan irəli gələn xüsu­siyyətlər kifayət qədər əhatəli şə­kildə nəzərə alınır. Bir sözlə, döv­lət başçımızın müasir siyasətin təhlili və proqnozlaşdırılması ilə məşğul olan mütəxəssislərlə gö­rüşü ənənəsinə çevrilmiş toplan­tılar müstəsna əhəmiyyət daşıyan qlobal platformaya çevrilir. 

Şuşada keçirilən növbəti konfrans bu baxımdan daha maraqlı və əhatəli oldu. Çünki ötənilki konfransdan son­ra beynəlxalq aləmdə kifayət qədər yeniliklər olmuş, həm mənfi, həm də müsbət istiqamətdə çoxsaylı addım­lar atılmışdır. Həmin tədbirdə dövlət başçımıza verilən sualların və cənab Prezidentin cavablarının hər biri xüsusi önəm kəsb etsə də, bu yazıda cəmi bir neçə məqama toxunmaq istəyirik. 

Məsələn, ABŞ-ın Prinston Univer­sitetinin Yaxın Şərq Araşdırmaları üzrə professoru Maykl Reynolds dövlət başçımızdan soruşdu ki, Ermənistan Azərbaycanla razılaşmaqdan imtina edərsə, Azərbaycanın masa üzərində hansı imkanları var və müzakirə pred­meti olmayan hansısa imkanlar varmı?

Dövlət başçımızın cavabı həm bi­zim üçün, həm də o sualı verən şəxs üçün aydın olsa da, ermənilərin bu məntiqdən nəticə çıxaracaqları inandı­rıcı deyil. Çünki Azərbaycan Prezidenti iki il yarımdır ki, həmin arqumenti tək­rar-təkrar səsləndirir. İşğalçı ölkədə isə tarixdən dərs almağa tələsmirlər. Buna görə də cənab İlham Əliyev bildirdi ki, əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq... Bu, nə Ermənistan üçün yaxşı olacaq, nə də region üçün. Əl­bəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq: “Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davrana­caqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər”. 

Yəni son otuz ildə ancaq vaxtı uzatmaqla məşğul oldular və nəticədə burunları əzildi. Prezident xəbərdarlıq etdi ki, eyni hadisə baş verə bilər. Nə idi həmin hadisə? Onlar münaqişənin həllini ləngitdilər, biz isə onlara layiq ol­duqları yeri göstərdik. 

Biz bu konfransda başqa ölkələrdən gəlmiş mütəxəssislərdən də ədalət­li mövqe və səmimi etiraflar eşitdik. Məsələn, ABŞ-ın Hərbi Dəniz Donan­ması Ali Məktəbinin professoru Brenda Şafer etiraf etdi ki, onun ölkəsinin bu yaxınlarda açıqlanmış Təhlükəsizlik Strategiyasında deyilir ki, Vaşinqton Ukrayna və Gürcüstanın ərazi bütöv­lüyünü təşviq etməlidir və Ermənistan­la Azərbaycan arasında sülhü təşviq etməlidir. Okeanın o tayından gəlmiş mütəxəssis Azərbaycan Prezidentin­dən soruşdu ki, niyə bu prinsip müəy­yən ölkələrə şamil edilir, digər ölkələrə isə yox?

Dövlət başçımız amerikalı tərəfdaş­larımıza bu sualı dəfələrlə verdiyini xa­tırlatdı. Ancaq heç vaxt heç bir cavab almamışam. Çünki Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik var və müəyyən mənada keçmiş sovet ölkələ­rinin ərazi bütövlüyü məsələlərinə me­todoloji yanaşmada yenidən ayırıcı xətt çəkmək cəhdi var: “Əlbəttə ki, biz buna daha çox həssas yanaşırdıq. İndi biz daha az həssasıq, çünki biz beynəlxalq ictimaiyyətin, BMT Təhlükəsizlik Şura­sı daimi üzvlərinin görməli olduğu işi görmüşük, Təhlükəsizlik Şurasının qətnamələrini icra etmişik. Biz bunu özümüz etmişik. Ona görə də, qeyd et­diyim kimi, buna çox diqqət yetirmirik. Lakin, əlbəttə, biz düşünürük ki, ədalət­sizlik aradan qaldırılmalıdır və təkcə keçmiş Sovet İttifaqı ölkələrinə müna­sibətdə deyil, bütün digər ölkələrə mü­nasibətdə də vahid standart yanaşma şamil edilməlidir”. 

Dövlət başçımız BMT Baş As­sambleyasının tribunası da daxil ol­maqla, bütün beynəlxalq tədbirlər­də istinad etdiyi ədalət prinsiplərini Şuşada növbəti dəfə daha gur səslə bəyan etdi: “Siyasətdə üstün münasi­bətə heç bir haqq qazandırıla bilməz, hansısa ölkələr daha yaxındırsa, han­sısa ölkələr o qədər də yaxın deyilsə. Baxmayaraq ki, de-fakto kimin yaxın olduğu da sual altındadır. Həmçinin düşünürəm ki, erməni lobbisinə bütün istinadlar, müəyyən mənada haqq qa­zandırmalar və ya üzrxahlıqlar da həd­dən artıq şişirdilib. Bu, mövqeyini açıq şəkildə ifadə etmək istəməyənlər üçün çox yaxşı bəhanədir”.

Azərbaycan Prezidentinin fikrin­cə, bu baxımdan Fransada vəziyyət daha pisdir. Dünyada heç bir ölkənin, o cümlədən, Ermənistanın tanımadığı qondarma “Dağlıq Qarabağ”ı Fran­sa parlamentinin iki palatası tanıyıb. Niyə? Fransızlar Qarabağda yaşayan Azərbaycan vətəndaşlarının – ermə­nilərin taleyinə İrəvandan çox acıyır­lar? Əlbəttə, yox. Onlar, sadəcə, uzun illərdən bəri mövcud olmuş erməni mi­finin təsirindən çıxa bilmirlər. Prezident haqlı olaraq tələb edir ki, bizim cavaba ehtiyacımız var. 

Bu məqamda xüsusilə qabardılmalı məqamlardan biri Azərbaycan Prezi­dentinin regionda yaradılmış yeni re­allıqlara istinad etməsidir. Dövlət baş­çımız bədxahlarımıza eşitdirdi ki, indi artıq həmin cavab bizim üçün o qədər də mühüm əhəmiyyət kəsb etmir. Çün­ki kimin necə danışmasından, hansı bəyanatları verməsindən asılı olmaya­raq, biz öz işimizi görmüşük. İndi fran­sızlar nə danışırlarsa, qoy danışsınlar. 

Yeri gəlmişkən, müstəqilliyin ilk il­lərində də bizə qarşı ağlagəlməz haq­sızlıq edilmişdi. Biz həmin haqsızlığın aradan qaldırılması üçün çox çalışdıq və zaman elə yeniliklər etdi ki, həmin ədalətsizliyi unutduq. Niyə? Çünki hə­min sənəd artıq bizim üçün elə bir əhə­miyyət kəsb etmir. Söhbət Azadlığa Dəstək Aktına 907-ci düzəlişdən ge­dir. Dövlət başçımız xatırlatdı ki, mən Prezident olmayanda, bundan əvvəlki vəzifədə azı ildə iki dəfə Vaşinqtona səfər edirdim. Biz bu düzəlişin aradan qaldırılması xahişi ilə Ağ evdə, Mil­li Təhlükəsizlik Şurasında, Senatda, Konqresdə neçə qapını döymüşük. Bu, baş vermədi. 

İndi isə zaman və Azərbaycan elə dəyişib ki, ölkəmizdə heç kim 907-ci düzəlişi xatırlamır: “Çünki birincisi, bizim artıq bu yardıma ehtiyacımız yoxdur. İkincisi, bu, Prezident Klin­ton tərəfindən müvəqqəti olaraq ləğv edilmişdi və ondan sonra gələn prezi­dentlər bunu davam etdirirlər. Bu, fak­tiki olaraq onu göstərir ki, məsələ həll olunub. Qərb ölkələri tərəfindən Azər­baycanın ərazi bütövlüyünə dəstəyin açıq şəkildə ifadə olunmasına gəlincə, düşünürəm ki, bunun vaxtı gələcək, faktiki olaraq artıq gəlir. Vacib olan isə odur ki, Ermənistan özü indi İrəvanın Qərbdəki bəzi dostlarından daha açıq şəkildə deyir ki, onlar bunu de-fakto tanıyırlar, çünki ötən ilin oktyabrında onlar Praqa Bəyannaməsini, yenə də ötən ilin oktyabrında Soçi Bəyannamə­sini imzalayıblar. Orada razılaşıblar ki, 1991-ci il Almatı Bəyannaməsi normal­laşma üçün əsas kimi götürülməlidir”. 

Azərbaycan Prezidentinin bu məsələyə münasibəti olduqca aydın, konkretdir və əminliklə söylənilir: “On­lar mənim söylədiyimi söyləməlidirlər – Qarabağ Azərbaycandır! Mən bunu gözləyirəm. Ümidvaram ki, o gün gələ­cək”.

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət