Paşinyanın iki stulda oturmaq şakəri

post-img

Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki son çıxışı yenidən erməni separatçı və revanşistlərini qəzəbləndirib. O, yenidən kəskin siyasi hücumlara məruz qalıb, hətta “satqın” adlan­dırılıb. 

Buna cavab olaraq, baş nazir bildi­rib ki, ölkədə onu o qədər satqın ad­landırıblar ki, daha bu ifadə ilə qarşı­laşmaqdan qorxmur. “Mən müxalifətlə bütün mövzuları müzakirə etməyə hazıram. Sizi heç qorxmamağa, dü­şünməyə və bəzən gözlənilməz fikirlər söyləməyə çağırıram. Məni o qədər satqın adlandırıblar ki, artıq satqın adlanmaqdan qorxmuram”, – deyə o, çıxışında bildirib. 

Paşinyan Azərbaycanla müna­sibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması ilə bağlı bəyanatlarla yanaşı, Rusiya və Qərblə münasibətlər məsələsinə də toxunub. O bəyan edib ki, Ermənistan Qərblə müttəfiqdir, bununla yanaşı, Rusiya ilə münasibətləri kəsmək haqqında da fi­kirləşmir.

Paşinyan, ilk növbədə, ölkənin təhlükəsizliyi haqqında düşündüyü­nü bildirib. Onun sözlərinə görə, Er­mənistanın strateji təhlükəsizliyi yal­nız hərtərəfli sülhlə təmin oluna bilər. Amma beynəlxalq vəziyyət də regiona birbaşa təsir edir: “Regionumuzda təh­lükəsizlik və sabitlik sistemləri defor­masiyaya uğrayıb. Bu, o deməkdir ki, biz əlavə çağırışlarla üzləşmişik”.

Ermənistan hökumətinin başçısı deyib ki, ölkənin qarşısında duran əsas vəzifə həmin deformasiyalar nəticəsin­də yaranmış riskləri idarə etməkdir. Bunun üçünsə hərtərəfli sülhə nail ol­maq lazımdır. Bu gün sülhə nail olmaq mümkündür. Amma buna görə siyasi iradə və məqsədə çatmaq üçün aydın parametrlər lazımdır. Onun fikrincə, hazırda hakimiyyətin sülhə nail olmaq üçün siyasi iradəsi var.

Ölkədə sülhün təmin olunması isə həm Qərblə, həm də Rusiya ilə mü­nasibətləri normal qaydada davam etdirməyi tələb edir. Amma bu, Pa­şinyanın bəyanatından başqa bir şey deyil. O, son vaxtlar əslində Rusiya ilə müttəfiqlikdən uzaqlaşaraq, Qərbə daha çox inteqrasiya yolunu tutub. Ru­siyanın İkinci Qarabağ müharibəsində Ermənistanın əvəzinə döyüşməməsi­ni bu ölkədə nə Paşinyan bağışlayır, nə də ictimaiyyət. Əslində, Rusiyadan üz döndərmək istəyənlərin sayı artıb. Mütəmadi olaraq keçirilən mitinq və nümayişlərdə Rusiya əleyhinə şüarlar bildirilir, hətta Ermənistan ərazisində­ki Rusiya hərbi bazasının çıxarılması tələbləri səsləndirilir. Bu cür çağırışla­rın nəzarətsiz şəkildə artması isə ölkə rəhbərliyinin də eyni mövqedə olduğu­nu ortaya qoyur. 

Bununla yanaşı, qeyd etməliyik ki, bu gün Ermənistan özünə yeni dost­lar, müttəfiqlər seçib, Fransa və İranla yaxınlaşmaqda, Hindistandan silahlar almaqda davam edir. Bu isə başı Uk­rayna bataqlığına qarışmış Rusiyanın ürəyincə deyil. Bu minvalla Ermənista­nın Rusiyadan üzülüşməsi real görün­mür. Görünür, Paşinyanın bəyanatı da bu çətinliklər kontekstində səslənir və bayanatdan uzağa getmir. 

Amma Qərb də İrəvanı birmənalı şəkildə dəstəkləmək niyyətində deyil. Bu gün Ermənistan qarşısında Rusi­ya ilə əməkdaşlığı dayandırmaq təklifi qoyulur. Ümumiyyətlə, Qərb ikili ya­naşmanı qəbul etmir və yeni müttəfiq ölkələrə qarşı ya Rusiya, ya Qərb tələ­bini irəli sürür. Bu isə Paşinyanın iki stulda oturmaq şanslarını heçə endirir.

Son günlərdə Ermənistanda ke­çirilmiş rəy sorğuları da məsələnin asanlıqla həll olunmayacağını göstərir. Sorğunun nəticələrinə görə, erməni cə­miyyəti getdikcə daha çox Rusiyadan üz döndərərək Qərbə (Avropa İttifaqı və ABŞ), eləcə də İrana üstünlük verir. Erməni jurnalist Robert Ananyan yazıb ki, uzun illər ölkədə əsas siyasi qüv­vələrin aparmış olduğu Rusiya təbliğatı erməniləri aldadaraq, onu Ermənista­nın yeganə müttəfiqi kimi təqdim edib. Bununla yanaşı, ABŞ, Fransa, NATO və Aİ-yə qarşı qarayaxma kampaniyası həyata keçirilib: “Lakin İkinci Qarabağ müharibəsi göstərib ki, Rusiya Ermə­nistanın qeyd-şərtsiz dəstəkçisi deyil. Bu gün ermənilər Rusiyadan çox Qər­bə arxalanmağa üstünlük verirlər”.

Onun sözlərinə görə, Beynəlxalq Respublikaçılar İnstitutunun sorğusun­da iştirak edən ermənilərin yalnız 10 faizi Rusiya ilə münasibətlərin hazırkı vəziyyətini “çox yaxşı”, 40 faizi isə “bir qədər yaxşı” kimi qiymətləndirib: “Bu, əvvəllər Ermənistanda danılmaz “xilas­kar” obrazına malik olan Rusiya Fede­rasiyası üçün fəlakətli dərəcədə aşağı rəqəmdir. Ermənilərin 15 faizi Rusiya ilə Ermənistan arasında münasibətlə­rin hazırkı vəziyyətini “çox pis”, 34 fa­izi “bir qədər pis” kimi qiymətləndirib. Başqa sözlə, ermənilərin təxminən 50 faizi Ermənistan-Rusiya münasibətləri­nin hazırkı vəziyyətini mənfi qiymətlən­dirir”, – R.Ananyan yazıb.

Amma sorğuda iştirak etmiş ermə­nilərin 63 faizi Fransa ilə münasibət­lərin hazırkı vəziyyətini “çox yaxşı”, 33 faizi isə “bir qədər yaxşı” kimi qiy­mətləndirib: “ABŞ isə İrandan sonra üçüncü yerdədir. Ermənilərin 21 faizi Ermənistan-ABŞ münasibətlərini “çox yaxşı”, 67 faizi isə “bir qədər yaxşı” kimi dəyərləndirib. Avropa İttifaqı isə Ermə­nistanda dördüncü müsbət göstəriciyə malikdir: onunla münasibətlər ermə­nilərin 18 faizi tərəfindən “çox yaxşı”, 68 faizi tərəfindən isə “bir qədər yaxşı” kimi qiymətləndirilib”.

Tural İSMAYILOV,
politoloq

Nikol Paşinyan, ümumiyyətlə, qey­ri-ciddi siyasətçidir və ona görə də həm Rusiyanın siyasi dairələri, həm də Qər­bin siyasi mərkəzləri tərəfindən Paşin­yanın sözlərinə, açıqlamalarına və si­yasi fəaliyyətinə heç bir formada etimad yoxdur. Mən hesab edirəm ki, Paşinyan özü də bunun çox yaxşı fərqindədir. Sa­dəcə olaraq, Qərb Paşinyanın üzərindən müəyyən məsələləri manipulyasiya et­məklə məşğuldur. 

Eyni zamanda, Qərb belə hesab edir ki, sorosçular vasitəsilə hakimiyyətə gətirilmiş Paşinyan və onun komandası istənilən bir anda lazım olduqda Rusiya tərəfindən manipulyasiya edilə bilər. 

Rusiya da Paşinyanı sevmir və istə­mir. Moskvada yaxşı anlayırlar ki, hətta Rusiya və Ermənistan arasında hansısa bir anlaşma və razılıq əldə edilsə belə, Paşinyan hakimiyyəti hər zaman Rusi­yaya xəyanət etmək iqtidarındadır. 

Ona görə də hesab edirəm ki, Paşin­yanın bu manevrləri, eləcə də oyuncaq kimi o tərəf-bu tərəfə yovuşması hər iki qütb tərəfindən əsla qəbul edilmir. Bu gün nə Qərb, nə də Rusiya tam olaraq Paşinyana güvənmir və etibar etmir. Sadəcə olaraq, həm Qərbin, həm də Rusiyanın Ermənistan üzərindən hə­yata keçirmək istədikləri tarixi-siyasi məqsədləri var. Bu məqsədlərin də ən böyüyü ondan ibarətdir ki, Ermənistan­dan Azərbaycan, Türkiyə və bütövlükdə, türk dünyasına qarşı forpost kimi istifadə etməyə çalışırlar. 

Bu məsələdə Ermənistan bir növ oyuncaq istilaçıdır, Nikol Paşinyan isə hansısa bir siyasi fiqur kimi nə Qərb, nə də Rusiya üçün böyük bir əhəmiyyətə malik deyil. Ona görə də hesab edirəm ki, Paşinyanın hər bir açıqlaması onun xanasına yeni mənfi xalların yazılması ilə nəticələnir. Elə sonuncu bəyanatı da istisna təşkil etmir. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”



İqtisadiyyat