2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 602 milyon 531 min ABŞ dolları dəyərində 574,3 min ton meyvə-tərəvəz ixrac edilib. Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin hesabatında yer alıb.
Komitənin məlumatına əsasən, hesabat dövründə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 143,7 milyon dollar və ya 31,4 faiz, həcmi isə 135,2 min ton və ya 30,8 faiz artıb. Xatırladaq ki, ötən ilin 9 ayında ölkmizdən 458,8 milyon dollar dəyərində 439,2 min ton meyvə-tərəvəz ixrac edilib.
Bu ilin yanvar-sentyabr aylarında xarici bazarlara çıxarılan əsas meyvə-tərəvəz məhsulları 157,2 milyon dollar dəyərində 144 min ton pomidor, 100,4 milyon dollar dəyərində 13,5 min ton meşə fındığı, 50,2 milyon dollar dəyərində 71,4 min ton alma, 34,1 milyon dollar dəyərində 47,7 min ton xurma, 28,2 milyon dollar dəyərində 70,9 min ton kartof və 7,2 milyon dollar dəyərində 8 min ton nar olub.
Ümumilikdə isə cari ilin 9 ayında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 3,24 faiz, qeyri-neft məhsullarının ixracında çəkisi isə 22,74 faiz təşkil edib.

