Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin məlumatında bildirilir ki, 2022-ci ildə muxtar respublikanın büdcəsində dotasiyanın ümumi həcmi 425 milyon manat idisə, 2023-cü ildə bu həcm 315 milyon manata, 2024-cü ildə isə 185,2 milyon manata enib.
Ümumilikdə, 2022–2024-cü illər dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsində dotasiyanın həcmi 239,9 milyon manat və ya 56,4 faiz azalıb. Bu dinamika sadəcə riyazi-statistik göstərici deyil, həm də regionun fiskal müstəqilliyinin artdığını, iqtisadi potensialının genişləndiyini və yerli gəlirlərin büdcə sistemindəki rolunun əhəmiyyətli dərəcədə gücləndiyini nümayiş etdirir.
Məlumatda qeyd olunur ki, dotasiyanın azalması ilə paralel olaraq, yerli maliyyə mənbələrinin səfərbərliyi, vergi inzibatçılığının təkmilləşdirilməsi və maliyyə idarəçiliyinin səmərəliliyinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər öz real nəticələrini göstərməkdədir. Nəticə etibarilə, 2022–2024-cü illər üzrə müşahidə edilən bu tendensiya Naxçıvan Muxtar Respublikasında büdcə sisteminin daha dayanıqlı, balanslı və institusional baxımdan müstəqil əsaslar üzərində formalaşacağına dair güclü iqtisadi və idarəetmə əsasları yaradır.
2025-ci ilin 9 ayında muxtar respublika büdcəsinin gəlirləri 325 milyon 559 min 140 manat həcmində olub ki, bunun da 63,1 faizi yerli yığımlar hesabına formalaşıb. Dotasiyanın həcmi isə 120 milyon manat və ya 36,9 faiz təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə (170 milyon 150 min manat) 50 milyon 150 min manat və ya 29,5 faiz azalma deməkdir.

