ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda Pakistanın Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzinin nümayəndəsi Mahmud Həsən xanın Zəngəzur dəhlizi ilə bağlı fikirlərinə münasibət bildirən dövlətimizin başçısı bu layihənin böyük potensiala malik olduğunu vurğulayıb. Azərbaycan lideri bu yolun Çin, Qırğızıstan və Özbəkistan arasında yaradılan dəmiryolu marşrutunun davamı kimi mühüm önəm daşıdığını, “Bir kəmər, bir yol” layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola biləcəyini qeyd edib. Prezident İlham Əliyev daha sonra deyib: “Naxçıvan ərazisindən İranın dəmir yolu ilə bağlantısı var və bu marşrutla Fars körfəzi istiqamətində yüklər daşına bilər. Zəngəzur dəhlizi, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, hesab edirəm ki, bu layihənin qlobal səviyyədə əhəmiyyəti var. Çünki biz daha böyük həcmdə yüklərin olmasını gözləyirik və marşrutlar nə qədər çox olsa, bir o qədər yaxşıdır”.
Ölkə rəhbəri həmin suala cavabında, həmçinin işğal dövründə ermənilər tərəfindən sökülüb daha sonra satılan, Füzulidən Zəngilana və demək olar ki, Ermənistanla sərhədə qədər uzanan Azərbaycan dəmir yolunun inşasının gələn il tamamlanacağını da diqqətə çatdırıb. Dövlətimizin başçısı, eyni zamanda, Ermənistan ərazisindən keçən 40 kilometrdən bir az artıq olan dəmir yolu xəttinin inşasının reallaşacağı təqdirdə bunun beynəlxalq layihə olacağını deyib.
Prezident İlham Əliyevin sözləri ilə desək, əgər Ermənistan bu layihə qarşısında süni maneələr yaradacaqsa, o zaman bundan yalnız uduzacaq. Çünki hazırda ölkəmizin Gürcüstan, Türkiyə və Rusiya vasitəsilə Qara dəniz limanlarına çıxışı var, digər tərəfdən İran ərazisindən də istifadə edilir. Ermənistanın isə belə bir fiziki bağlantısı yoxdur.
Yeri gəlmişkən, bir daha xatırladaq ki, ikinci Qarabağ savaşında qazanılan ədalətli tarixi qələbədən sonra imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyannamədə Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinin reallaşdırılmasını nəzərdə tutan Zəngəzur dəhlizinin açılması öz ifadəsini tapıb. Başqa sözlə, həmin sənəd respublikamızın Qərb hissəsi ilə Ermənistanın ərazisindən keçərək nəqliyyat əlaqəsi yaradacaq bu dəhlizin Mərkəzi Asiya və Cənubi Qafqaz, Avropa və Asiya arasında olan iqtisadi əməkdaşlığın yaranmasında və inkişaf etdirilməsində həlledici rolunu şərtləndirib.
Zəngəzur dəhlizinin Orta Dəhlizə inteqrasiya ediləcəyi də nəzərdə tutulub. Belə halda Azərbaycan ərazisindən illik təxminən 35 milyon ton yükün daşınmasına imkan yaranıb. Prezident İlham Əliyev bununla bağlı Şuşa konfransında deyib: “Orta Dəhliz layihəsi tərəfimizdən tam dəstəklənir və onun nəhəng potensialı var. Burada anlamaq lazımdır ki, biz yalnız yük daşımaları üçün tranzit marşrutu olmamalıyıq. Biz bu imkandan istifadə edərək, marşrutboyu biznes fəaliyyətini stimullaşdırmalıyıq. Orta Dəhlizin tərkib hissəsi olan ölkələr yalnız tranzitdən gəlirin əldə olunması ilə kifayətlənməməlidirlər. Bu fürsətdən yerli istehsalın stimullaşdırılmasında istifadə edilməlidir”.
Sözügedən infrastrukturun digər bir iqtisadi əhəmiyyəti isə Mərkəzi Asiya ölkələrinin bu yeni nəqliyyat dəhlizindən gələcəkdə istifadəsi ilə bağlıdır. Başqa sözlə, Zəngəzur dəhlizi “Aşqabad müqaviləsi” adı ilə tanınan anlaşmaya qoşulan ölkələrinin Avropaya reinteqrasiyası üçün əlverişli şərait yaradır. Adıçəkilən müqavilə də Türkmənistan, Özbəkistan, Qazaxıstan, İran, Oman, Hindistan və Pakistan arasında Avrasiya regionunda nəqliyyat əlaqələrinin inkişafını gerçəkləşdirmək məqsədi daşıyır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında fəal dialoqun mövcudluğu da bunun bariz ifadəsidir. Bu, çox müsbət dinamikadır. Belə bir şəraitin isə Mərkəzi Asiya və Azərbaycanın gələcəkdə, ilk növbədə, nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmasına önəmli təsir göstərər. “Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir. Bunun niyə belə olduğu başa düşüləndir. Burada artıq müasir nəqliyyat infrastrukturuna–dəmir yolu, dəniz limanları, Xəzərdə ən böyük donanma, eləcə də yeri gəlmişkən, Qara dənizdə gəmilərin sayının artması kimi imkanlara malik dost ölkə – Türkiyə var.
Hazırda Azərbaycan rəhbərliyi Mərkəzi Asiya ilə respublikamız arasında regional əməkdaşlığa töhfə vermək üçün ciddi səy göstərir. Azərbaycanın Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatında olması da bunun bariz ifadəsidir.
Zəngəzur dəhlizindən söz düşmüşkən, dövlətimizin başçısı konfransda “Bir kəmər, bir yol” təşəbbüsü haqqında da fikirlərini bildirib. Ölkə rəhbəri Azərbaycan tərəfindən bu təşəbbüsünün hər zaman dəstəkləndiyini vurğulayıb. Qeyd edib ki, hazırda bu layihənin mühüm hissəsi hesab olunan Azərbaycan indiyədək öz üzərinə düşən işi yüksək səviyyədə yerinə yetirib, nəqliyyat infrastrukturu müasirləşdirilib. Eyni zamanda, Mərkəzi Asiya tərəfindən ölkəmizin infrastrukturundan istifadə etməyə böyük maraq yaranıb var və ötən ilin sonunda Çin, Qırğızıstan, Özbəkistan və Xəzər arasında yeni dəmir yolu əlaqəsinin qurulmasına başlanılıb.
“Bir kəmər, bir yol” layihəsi Qərb və Şərq arasında yaradılacaq ticarət nəqliyyat xəttinin diversifikasiyalaşmasında mühüm bir addımdır. Avropa İttifaqının (Aİ) Çin ilə olan ticarət əlaqələrinə nəzər yetirsək, bu aydın nəzərə çarpır. Son illərdə Qərb və Şərq arasındakı ticarət əlaqələri mənfi xarici təsirlərə baxmayaraq inkişaf edir. Buna uyğun olaraq, Zəngəzur dəhlizinin bu ticarət xətti üzərində yerləşməsi və səmərəli nəqliyyat koridoru olması Azərbaycanın, o cümlədən digər region ölkələrinin 600 milyard avroya çatan ticarət əlaqələrində pay sahibi olmağa imkan yaradır. Bundan əlavə, Aİ və Mərkəzi Asiya ölkələri arasında ticarət əlaqələri 20-30 milyard avro ətrafında dəyişir. Təkcə bu göstərici Zəngəzur dəhlizinin region ölkələrinin ticarət əlaqələrində alternativ nəqliyyat dəhlizi olması ilə iqtisadi əhəmiyyət daşımasını deməyə əsas verir.
Vaqif BİNYƏTOĞLU, “Xalq qəzeti”