Dünya Bankı Azərbaycan üzrə ilk dövri Ölkə İqtisadi İcmalını təqdim edib. Hesabat ölkənin makroiqtisadi göstəriciləri və perspektivləri barədə ətraflı məlumatı təqdim edir. Qurumun ölkəmizlə bağlı icmalı siyasət müzakirələrini məlumatlandırmaq, sübuta əsaslanan qərarların qəbulunu dəstəkləmək və müxtəlif maraqlı tərəflər arasında iş yerlərinin yaradılması və məhsuldarlığın artırılması yolları üzrə dialoqu təşviq etmək məqsədi daşıyır.
İcmalda Azərbaycanın son 10 ildə qlobal və regional sarsıntılara qarşı əhəmiyyətli dayanıqlılıq nümayiş etdirdiyi vurğulanıb. Qeyd olunub ki, Rəqabət Məcəlləsinin qəbulu, əhəmiyyətli vergi islahatları, lisenziya və icazələrin alınması prosedurlarının sadələşdirilməsi, əmək münasibətlərində şəffaflaşma və biznes mühitindəki çağırışların həlli istiqamətində atılan digər addımlar sahibkarlıq fəaliyyətinin dəstəklənməsində mühüm rol oynamışdır.
Bildirilib ki, ölkədə reallaşdırılan iqtisadi islahatlar, Cənubi Qafqazda strateji mövqeyi və zəngin enerji resursları güclü iqtisadi artımı və yoxsulluğun əhəmiyyətli dərəcədə azalmasını təmin edib. Eyni zamanda, hökumətin makroiqtisadi sabitliyə verdiyi önəm ölkəyə dəyişikliklərə, o cümlədən 2015-ci ildəki neft qiymətləri şoku və COVID-19 pandemiyasına qarşı mübarizə aparmağa, fiskal və xarici ticarət profisitlərini, aşağı dövlət borcunu və əhəmiyyətli makroiqtisadi ehtiyatları qoruyub saxlamağa imkan verib.
Son təhlil göstərir ki, 2025-ci ilin ilk yarısında neft-qaz sektorunda 3,2 faizlik azalma müşahidə olunsa da, qeyri-neft sektorunda 3,9 faiz artım qeydə alınıb. Hesabat dövründə tikinti, nəqliyyat, İKT və pərakəndə ticarət sahələrində fəaliyyət normallaşıb, kənd təsərrüfatı və turizm sahələri artım tempini qoruyub saxlayıb.
Hesabat müəllifləri qeyd ediblər ki, iyun ayının sonuna doğru daxili və xarici təzyiqlərin azalması ilə inflyasiya bir qədər aşağı düşüb və onun illik səviyyəsi 4,8 faizə enib. Bu göstərici Azərbaycan Mərkəzi Bankının hədəf diapazonunun (4 ± 2%) mərkəz nöqtəsinə yaxındır.
Sənəddə qeyd olunur ki, xarici və fiskal balanslar əhəmiyyətli profisitlərə malikdir, baxmayaraq ki, neft-qaz gəlirlərinin azalması bu göstəriciləri bir qədər zəiflədib. Makroiqtisadi ehtiyatlar güclü olaraq qalır: Dövlət Neft Fondunun ehtiyatları 13,2 faiz artaraq 65 milyard ABŞ dollarına (ÜDM-in 88 faizi) çatıb, Azərbaycan Mərkəzi Bankının ehtiyatları isə 11,5 milyard ABŞ dollarına yüksəlib ki, bu da 5,6 aylıq idxala bərabərdir.
Yeri gəlmişkən, Dünya Bankı 2025–2027-ci illər arasında Azərbaycanda iqtisadi artımın orta hesabla 1,7 faiz səviyyəsində qalacağını proqnozlaşdırır. Bank bunu neft qiymətlərinin azalması fonunda ölkədə fiskal siyasətin sərtləşməsi ilə əlaqələndirir. Eyni zamanda, qurum inflyasiyanın Mərkəzi Bankın hədəf diapazonunda qalacağını gözləyir. Risklərə uzunmüddətli aşağı artım və enerji qiymətlərində daha kəskin azalma daxildir. Qısamüddətli risklərə qarşı ehtiyatlar kifayət qədər olsa da, uzunmüddətli dayanıqlılıq iqtisadiyyatın struktur islahatları vasitəsilə şaxələndirilməsi səylərinin uğurundan asılı olacaq.
Qeyd olunub ki, ölkəyə investisiya səviyyələri ÜDM-in, təxminən, son illərdə 20 faizədək hissəsini təşkil edir. Bu, əsasən, neft-qaz gəlirlərinin aşağı düşməsi fonunda dövlət investisiyalarının azalması ilə bağlıdır. Yerli özəl investisiyalar daxilə yönəlmiş sahələrdə, xüsusən də tikintidə cəmləşib.
Bankın hesabatında özəl sektorun potensialından faydalanmaq üçün struktur islahatlarının vacibliyi vurğulanır. Bu islahatlar siyasət sabitliyinin artırılması, bərabər rəqabət mühitinin təkmilləşdirilməsini, maliyyə resurslarına çıxışın genişləndirilməsi və məhkəmə sisteminin gücləndirilməsini əhatə edə bilər.
Xatırladaq ki, Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı ildə iki dəfə dərc olunacaq hesabatdır. Ölkədəki son iqtisadi hadisələri və perspektivləri əhatə edəcək hesabat iki hissədən ibarət olacaq. Birinci hissədə son iqtisadi meyillərin təhlili, orta müddətli perspektivlər və risklər müzakirə olunacaq, ikinci hissədə isə konkret siyasət məsələsi dərindən araşdırılacaq.


 
                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                     
                                     
                                    