Xalid Məmmədov Tbilisidən “Avropa qızıl”ı gətirib

post-img

Azərbaycanda kuraş idman növünə maraq artır

Türk xalqlarının ənənəvi idman növlərindən biri olan kureşə son illər ölkəmizdə də maraq xeyli artıb. Yeniyetmə və gənclərimiz beynəlxalq yarışlarda yüksək ustalıq nümayiş etdirərək Azərbaycan bayrağını yüksəklərdə dalğalandırır, himnini səsləndirirlər. Bugünlərdə Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında çıxış edən komandamız parlaq nailiyyətə imza ataraq 3 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb. Kişilər arasında qızıl medalları Xalid Məmmədov (60 kq) və Emin Həsənov (81 kq) qazanıblar.

18 yaşlı Xalid Məmmədovun adı artıq cüdosevərlərə yaxşı tanışdır. O, cüdo üzrə yığma komandanın heyətində yeniyetmələr arasında bir sıra uğurlar qazanıb. Xalid Avropa kubokunun ikiqat bürünc mükafatçısıdır. Gənc idmançı cüdo ilə yanaşı, kuraşa da böyük həvəs göstərir.

Şəxsi məşqçisi Elməddin Əhmədov Xalidin şəxsi keyfiyyətləri sırasında onun əzmkarlığını və vətənpərvərliyini xüsusi qeyd etdi:

– Xalid 2013-cü ildən – 7 yaşından mənim rəhbərliyim altında “Zirvə” İdman Klubunda cüdo ilə məşğul olmağa başlayıb. Çox güclü və döyüşkən idmançıdır. 2022-ci ildə yeniyetmələr arasında 3-cü, 2023-cü ildə 2-ci yeri tutub. Yeniyetmələr arasında İspaniya və Fransada keçirilən Avropa kuboku yarışlarında da fəxri kürsüyə yüksəlib.

Xalid beynəlxalq qarşılaşmalarda əsl döyüşçü xarakteri nümayiş etdirir. Qalib gələndə arxayınlaşmır, istəyinə çatmayanda isə ruhdan düşmür. Beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edir, mükafat qazandıqda bu gəncin sevincinin həddi-hüdudu olmur. Digər yaxşı xüsusiyyəti dözümlü olmasıdır. Məşqlərdə yorğunluğunu heç zaman büruzə verməz. Sonacan mübarizə aparmağa cəhd edir. Qarşılaşmalarda ciddi zədə aldığı zaman belə döyüşünü davam etdirir.

Anası Səbinə Məmmədova Xalidin hələ uşaq yaşlarında döyüş növlərinə həvəs göstərdiyini bildirdi:

– İdman sanki onun həyatıdır. Yarışlarda ciddi zədə alsa da, idmandan getməyi düşünməyib. Bir ana kimi ürəyim dözmədiyi üçün onun idmandan aralanmasını istəyirdim. 2022-ci ildə Avropa kuboku ərəfəsində çiynindən ağır zədə almışdı. Onu da yarışa aparsınlar deyə, məşqlərdə böyük əzmkarlıq nümayiş etdirib, döyüşə hazır olduğunu göstərib.

Avropa kubokunda zədəli olmasına baxmayaraq, bürünc medal qazandı. Böyük əziyyətlə qazanılmış bürünc mükafat bizim üçün elə qızıla bərabər idi. Döyüş növlərindən sambo üzrə yarışda da özünü sınayıb. Ölkə yarışında burnu qırılmışdı, lakin mübarizəni mükafatla başa vurdu.

8 ay bundan əvvəl zədə səbəbindən əməliyyat olundu. Amma 3 ay keçməmiş burnuna xüsusi maska taxıb məşqləri davam etdirdi.

Son yarışda – kuraş üzrə qitə çempionatında qızıl medal qazanması onun üçün çox sevindirici və ruhlandırıcı oldu. İnanıram ki, növbəti yarışlarda da uğur əldə edəcək.

Kuraş yığmasının məşqçisi Elçin İbrahimov Xalid Məmmədovun yarışda böyük ustalıq göstərdiyini dedi. O qeyd etdi ki, Xalid də, komandamızın digər üzvləri də yüksək peşəkarlıq nümayiş etdirdilər.

Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov bildirdi ki, komandamız Beynəlxalq Kuraş Assosiasiyasının dəvəti ilə Avropa çempionatında iştirak etdi və böyük nailiyyətlə Vətənə qayıtdı:

– Qitə çempionatında 9 medal qazanan millimiz ümumi hesabda 2-ci yeri tutdu. Bu növ üzrə istedadlı idmançılarımız var. Kişilər arasında Xalid Məmmədovla yanaşı, Emin Həsənov da qızıl medala sahib oldu, Əhməd Ağayev (73), Ağani Məmmədov (90 kq) 2-ci, Hacalı Qasımov (73 kq) 3-cü yeri tutdular. Qadınların yarışında isə Aysel Şəfiyeva (57 kq) bürünc medal aldı. Gənclər arasında Elgün Şirəliyev (77 kq) qızıl medala layiq görüldü. Bu kateqoriyada ağır çəkidə Asim Səlimov bürünc mükafat əldə etdi. Yeniyetmələr arasında isə Yusif Hüseynov gümüş mükafata yiyələndi.

Yarışın keçirildiyi günlərdə təşkil edilən Beynəlxalq Kuraş Assosiasiyasının konqresində ölkəmizi təmsil etdim. Konqresdə müzakirə edilən məsələlərdən biri də ölkələrdə kuraş federasiyasının yaradılması və bu idman növünün inkişafı oldu. Bu istiqamətdə görülən işlərdən biri də klubların yaradılması və ölkə çempionatlarının təşkilidir. Kuraş artıq İslam Həmrəyliyi Oyunlarının proqramına salınıb.

Azər Həsənovun sözlərinə onu da əlavə edək ki, ölkəmizdə döyüş növləri üzrə Xalid kimi istedadlı gənclər çoxdur. Əminik ki, kuraşın inkişafı istiqamətində də həyata keçiriləcək mühüm tədbirlər adlı-sanlı idmançıların yetişməsi üçün münbit şərait yaradacaq.

Leyla QURBANOVA
XQ

İdman