Əsrarəngiz təbiət mənzərələri ilə əhatələnmiş rahat, asfalt yollarla budəfəki səfərimizin ünvanı Arazboyudur. Doğma diyarımızın bu gözəl yerlərini ilk dəfə görəcəyimiz üçün sevinc və həyəcan içindəydik. Maşının radiosunda səslənən musiqi də sanki bu hisslərimizi müşayiət edir, Səxavət Məmmədovun şaqraq səsi ətrafa yayılır:
Vətənimi qarış-qarış seyrə dalmaq istəyirəm,
Hər ocaqdan bir hərarət, bir od almaq istəyirəm...
Bir müddət sonra Qarabağın Şərqi Zəngəzura açılan, Azərbaycanı Naxçıvanla birləşdirəcək “Zəngəzur dəhlizi”nin “giriş qapısı” olan Horadizə çatırıq. Uzun illərdir müvəqqəti olaraq Füzuli rayonunun mərkəzinə çevrilmiş bu şəhərdə həyat qaynayır. Müasir, bir-birindən fərqli, gözoxşayan memarlıq üslubunda tikilmiş binalar, son dərəcə təmiz küçələr, səliqəli, yaşıl, güllü-çiçəkli parklar ilk baxışdan xoş təəssürat yaradır. Fürsətdən istifadə edib səfərimizin başladığı və son nöqtəsi olacaq Horadizin sosial-iqtisadi həyatı, işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış sevincinin davam etdiyi bugünlərdə füzulililərin hansı əhval-ruhiyyədə olduqları ilə maraqlanırıq. Görəsən, Füzulidə, Horadizdə yaşamın bugünkü ümumi mənzərəsi necədir?
Küllükdən güllüyə dönən Horadiz
Əvvəlcə qeyd edək ki, Horadiz şəhərini (keçmiş Horadiz qəsəbəsi. 23 oktyabr 2007-ci ildən şəhər statusu alıb – M.R.) umummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında ordumuz 1994-cü il yanvar ayının 4-dən 5-nə keçən gecə, 22 yaşayış məntəqəsi də daxil olmaqla, düşmən işğalından azad edib. Azərbaycan iqtisadiyyatının həmin dövrdəki böhranlı vəziyyəti hamıya yaxşı məlumdur. Ulu öndərin uzaqgörən siyasəti sayəsində ölkənin düşdüyü çətin durumdan çıxması və inkişaf yoluna qədəm qoyması prosesinə yenicə start verilmişdi. Bunlara baxmayaraq, dövlət başçısının diqqəti və qayğısı sayəsində Horadizin dirçəldilməsi, yol infrastrukturunun, kommunikasiya sistemlərinin qurulması, müasir inzibati və yaşayış binalarının tikilməsi, bir sözlə, qəsəbənin öz yeni simasına qovuşması sürətlə həyata keçirildi. Bu işlər paralel olaraq işğaldan azad olunmuş kəndləri də əhatə edirdi. Görülən işlərin nəticəsi olaraq Füzuli rayonunun sözügedən yaşayış məntəqələrinin sakinləri qısa müddətdə doğma ata-baba yurdlarına döndülər və bu yerlərdə həyat öz axarına düşdü. İlkin mərhələdə qayıdış respublikamızın 58 rayon və şəhərində məskunlaşmış 135 min rayon əhalisinin 22 min nəfərini əhatə edirdi. Sonrakı illərdə Prezidentin sərəncamları ilə Füzulidə keçmiş məcburi köçkünlər üçün 19 qəsəbə salındı, əsasən, Saatlı və Sabirabad rayonlarında çətin şəraitdə yaşayan füzulililər bu qəsəbələrdəki yeni tikilmiş evlərə köçürüldülər. Bununla da işğala məruz qalmamış kəndlərlə birlikdə 40 yaşayış məntəqəsinə və 19 qəsəbəyə daha 65 min nəfərin qayıdışı təmin edildi.
Qayğı, diqqət inkişafa yol açır
Yəqin, Horadizə ilk dəfə gələnlərin hamısı şəhərin son dərəcə təmizliyindən xüsusi zövq alırlar. Ucqar küçələrdə belə, yerdə zibil görmək mümkün deyil. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirdi ki, bu təmizliyin yaradılması və qorunması aidiyyəti dövlət qurumlarının fəaliyyəti ilə yanaşı, həm də füzulililərin öz şəhərlərinə olan sevgilərinin nəticəsidir. Hətta siqaret çəkənlər də öz vətəndaşlıq məsuliyyətlərini dərk edərək kötükləri zibil qablarına atırlar, əks halda ciddi ictimai qınaqla üzləşəcəklərini bilirlər.
Söhbət zamanı əhalinin sosial rifah halı, rayonda görülən işlər barədə də məlumat verən RİH başçısı qeyd etdi ki, ölkəmizin hər yerində olduğu kimi, Füzulinin bütün kənd və qəsəbələrində də insanların rahat, firavan yaşayışı hər zaman dövlətimiz tərəfindən diqqətdə saxlanılıb: “Təsadüfi deyil ki, bu gün Horadiz də daxil, 59 yaşayış məntəqəsində yolların hamısına müasir tələblərə cavab verən asfalt örtüyü döşənib. Qazlaşdırma, elektrik enerjisi, internet, içməli və suvarma suyu ilə təminat üzrə də göstəricilər 100 faiz təşkil edir. Əhalinin dolanışığının, maddi rifah halının yaxşılaşdırılması, onların dövlət qayğısı ilə əhatə olunması istiqamətində atılan addımların ən bariz nümunələrindən biri də 33 il ərzində burada yaşayan insanların dövlət tərəfindən müvinətlə təmin edilməsidir. Belə ki, öz yerinə-yurduna qayıtmış füzulililər 2024-cü ilin may ayına qədər ölkənin digər ərazilərində məskunlaşmış məcburi köçkünlər kimi “çörəkpulu” alıblar. Dövlət büdcəsinə on milyonlarla manata başa gələn bu müavinətin uzun illər verilməsi onlara göstərilən diqqətin təzahürüdür”.
Füzuli rayonu torpaqlarımızın azadlığı uğrunda 815 şəhid verib, 600-dən çox füzulili sağlamlığını itirib. Müharibə veteranlarının sayı isə 3 min nəfərdən artıqdır. Rayon rəhbərliyi başda olmaqla hər kəs şəhid ailələrinə və qazilərə xüsusi həssaslıqla yanaşır, onlara maddi, mənəvi dəstək göstərilməsini, problemlərinin aradan qaldırılımasını özlərinə borc bilirlər.
Rayonun ötən il üçün iqtisadi göstəriciləri ürəkaçandır. Əsasən kənd təsərrüfatı rayonu olan Füzulidə 2023–2024-cü illərdə həm əkinçilik və bitkiçilik , həm də heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub. Alı müəllimlə söhbət əsnasında öyrəndik ki, son illər rayonda orta statistikaya görə, illik 100 min tondan artıq taxıl istehsal edilir. Bu da Füzulinin taxılçılıq üzrə ölkənin qabaqcıl rayonları sırasına çıxmasına şərait yaradır. Əhalini dənli bitkilərin əkininə həvəsləndirən başqa bir səbəb dövlət tərəfindən verilən subsidiyalardır ki, bu sahədə şəffaflığın təmin edilməsi xüsusi diqqətdə saxlanılır. Yəni insanlar özləri rahat şəkildə müraciət edərək subsidiyaları ala bilirlər.
Cari təsərrüfat ilində isə 40 min hektara yaxın taxıl sahəsində əkin aparılıb. Bundan 11 mini suvarılan, qalanı isə dəmyə sahələrdir. Bu vaxta qədər həm görülən işlər, həm də havaların əlverişli keçməsi yüksək məhsuldarlıq vəd edir. Yəni çəkilən əziyyət öz uğurlu bəhrəsini verəcək.
Horadizdə diqqətimizi çəkən məqamlardan biri də kiçik və orta sahibkarlıq obyektlərinin çoxluğu oldu. Yol boyu və şəhərin özündə fəaliyyət göstərən yeməkxanalar, otellər və gecələmə yerləri, müxtəlif ölçülərdə satış, xidmət köşkləri rayonda sahibkarlar üçün yaradılmış əlverişli mühitdən xəbər verir. Bu isə həm rayona yerli sərmayənin cəlb edilməsinə, həm də dövlət büdcəsinə ödənilən vergilərin artmasına şərait yaradır.
Yeri gəlmişəkən, kiçik və orta sahibkarlıq obyektlərinin, iri taxılçılıq təsərrüfatlarının, aqroparkların mövcudluğu rayon əhalisinin məşğulluğunun təmin edilməsinə də mühüm töhfələr verir. Öyrəndim ki, rayon rəhbərliyi tərəfindən bu sahədə də mütəmadi işlər görülür, əmək yarmarkaları keçirilir, vətəndaşların iş üçün fərdi müraciətləri diqqətə alınır. Xüsusilə, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun torpaqlarımızı mənfur erməni işğalından azad etməsindən sonra həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq layihələrinin həyata keçirilməsi füzulililər üçün yeni iş imkanları yaradıb. Müxtəlif peşə və sənət sahibləri böyük ruh yüksəkliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda işləməyə yollanırlar. Bunun öçün onlar müntəzəm nəqliyyatla təmin olunublar.
Ənənələrə yeni baxış
Füzuli RİH başçısı ilə görüş zamanı bizi çoxdan maraqlandıran bir məsələ haqqında da söhbət etdik – rayon ərazisində yas mərasimlərinin sadələşdirilməsi. Dini, daha doğrusu, şəriət ənənələrinə bu yeni baxış bəzi hallarda müzakirələrə səbəb olub və açığı, fikirlər birmənalı deyil. Bəs bu dəyişiklik hansı zərurətdən yaranıb? Alı müəllim bildirdi ki, rayonda yas mərasimləri 13 ilə yaxındır sadələşdirilib. Bu mərasimlər əvvəllər vətəndaşa orta hesabla 10–15 min manata başa gəlirdisə, indi 4–5 dəfə ucuz başa gəlir. Nəticədə, heç bir ailə məclis etmək üçün borca düşmür, banklara üz tutaraq kredit götürmək məcburiyyətində qalmır.
2025-ci ilin yanvar ayından isə vəfat etmiş şəxslər üçün keçirilən cümə mərasimləri də sadələşdirilib və 4–5 cümə məclisi biri ilə əvəz olunub. Onu da öyrəndik ki, bu qərarların verilməsi zamanı rayon ictimaiyyətinin nümayəndələrinin – ağsaqqalların, ziyalıların, şəhid ailələrinin, o cümlədən gənclərin rəyləri nəzərə alınıb. Yəni qərar ümumi razılıq əsasında qəbul edilib.
Horadizdən xoş təəssüratlara ayrıldıq. Vətənimizin hər qarışı kimi əziz olan Füzulinin azad, firavan növrağına şahidlik etməkdən gözəl nə ola bilər ki! Qarşıda isə Horadizi də, yeni Füzulini də, füzulililəri və elə hamımızı da inkişafın yeni üfüqləri, o üfüqlərə aparan yeni yollar gözləyir. Deməli, hələ deyəcək, yazacaq sözlərimiz çox olacaq.
Mahir HÜMBƏTOV
XQ