Dünən Qırğız Respublikasında Azərbaycan Mədəniyyəti Günləri start götürdü. Bişkek bu dəfə musiqi, rəqs və sənət ahəngində Azərbaycanı dinlədi. Qırğız torpağında səslənən hər bir muğam, nəğmə, nümayiş etdirilən hər bir sənət nümunəsi xalqlarımızın ortaq yaddaşına və zövqünə vurulan yeni mədəni möhür oldu.
Azərbaycan Mədəniyyəti Günlərinin Toktaqul Satılqanov adına Milli Filarmoniyada təntənəli açılışı türk dövlətləri arasında mədəni bağların daha da möhkəmləndiyinin rəmzinə çevrildi. Mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambetəliyev, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, xarici ölkələrin səfirləri, diplomatik dairələrin təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak edirdilər.
Mirbek Mambetəliyev qonaqları salamlayaraq belə mədəniyyət günlərinin keçirilməsinin vacibliyindən və önəmindən söz açdı. O qeyd etdi ki, ötən ilin aprel ayında Bakıda yüksək səviyyədə Qırğızıstan Mədəniyyət Günləri keçirilib. Bu da mədəni sahədə əlaqələrimizin daha da genişlənməsinə təkan verib.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən mədəni istiqamətdə əməkdaşlığın durmadan inkişaf etdiyini vurğuladı. Nazir bildirdi ki, Azərbaycan və qırğız xalqları dost və qardaşdır, biz həm ikitərəfli, həm də Müstəqil Dövlətlər Birliyi və Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu əməkdaşlıq edirik və bundan sonra da əlaqələrimizin inkişaf etdirilməsi əzmindəyik.
Rəsmi çıxışlardan sonra qala-konsert oldu. Proqramda Azərbaycan incəsənət ustaları və rəqs ansamblları geniş və rəngarəng repertuarla çıxış etdilər.
Həmin gün Qırğızıstan Milli Təsviri İncəsənət Muzeyində hər iki nazirin iştirakı ilə Azərbaycan sənətçilərinin əsərlərindən ibarət sərgi açıldı.
Mədəniyyət günləri bu gün Bişkekin müxtəlif ünvanlarında keçirilən görüş və təqdimatlarla davam edir.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Bişkek