Qərbi Azərbaycanda milli irsimizin soyqırımı

post-img

Erməni millətçiləri tarixin möhürü olan yer adlarımızı xəritələrdən silmişlər

XX əsrin ortalarından başlayan, XXI əsrin əvvəllərindən aktuallaşan onomastika və xüsusən toponimika sahəsində tədqiqatlara elmi marağın artması Azərbaycan dilçiliyində də özünü göstərdi. Toponimiyanın qarşısında duran müxtəlif suallara cavab tapmaq zərurəti, dilçilik üçün əhəmiyyətinin qəbul edilməsi onu istənilən təbii dilin lüğətində tərkib hissəsinə çevirdi. İstənilən coğrafiyanın toponimik mənzərəsinin formalaşdırılması müasir dilçiliyin aktual vəzifəsi olaraq hər bir xalqın tarixində öz sözünü deyir.

Toponimlər qeyd-şərtsiz etnomədəni əhəmiyyətə və inteqrativ statusa malik olmaqla yanaşı, verballaşdırılmış formada etnik qrupun tarixi, sosial, dil və etnokulturoloji xüsusiyyətlərini əks etdirir. Bu isə onun coğrafi obyektin identifikatoru kimi çıxış etməsi ilə bərabər, qaranlıqlar üzərinə işıq salmasına yardım edir. Bir sözlə, toponimlər məkan haqqında biliklərin saxlanılması, etnik qrup barədə tarixi-mədəni məlumatların toplanılıb gələcəyə ötürülməsi prosesində transformator rolunu oynayır.

İstənilən bölgənin toponimikası özündə onu formalaşdıran xalqın maddi və mənəvi mədəniyyəti tarixinin ən mühüm mərhələləri haqqında məlumatları ehtiva edir. Çünki hər bir onomastik faktın arxasında müxtəlif ekstralinqvistik amillər vasitəsilə ən müxtəlif assosiasiyaların xüsusi dairəsini yaradan tarixi və canlı reallıq var. Tarixi Azərbaycanın təbii sərhədləri daxilində olan Qərbi Azərbaycan toponimlərinin XX əsrin 30-40-cı illərində elmi-tədqiqata cəlb olunan nümunələri bu regionda yaşayan insanlar qrupunun təsəvvüründəki linqvistik mənzərənin öyrənilməsində xüsusi yer tutması da o reallıqların diqtəsindən xəbər verir.

Göyçə gölü, Göyçə və Dərələyəz dağ silsiləsi, Zəngəzur dağları, Araz çayına birləşənə qədər geniş ərazilərdən keçib gələn Arpaçay sahilləri IX-X əsrlər iranlı coğrafiyaşünas Əbül-Qasim İbn Xordadbehin “Yollar və ölkələr haqqında kitab”ında, XII-XIII əsrlər ərəb tarixçi və coğrafiyaşünası Şahabəddin Yaqut əl-Həməvinin “Ölkələr haqqında lüğət”ində, XVI-XVII əsrlər alman səyyahı Adam Olearinin hazırladığı qlobusda, XVIII-XIX əsrlərdə yaşamış Rusiya tədqiqatçıları S.M.Bronevskinin “Qafqaz haqqında yeni coğrafi və tarixi məlumatlar”da, XIX-XX əsr rus tarixçisi Y.A.Poxomovun “Azərbaycan tarixinin qısa kursu” və digər müəlliflərin əsərlərində göstərilən türk mənşəli toponimlər XIX əsrdə çar Rusiyasının sərhədlərinə daxil edilən ərazilərin əsl sahiblərini göstərir.

Bu tarixi sənədlərə söykənən etibarlı mənbələr İrəvan quberniyasının 7 qəzasınında, Aleksandropol-Gümrü–mərkəzi Gümrü şəhəri, İrəvan–mərkəzi İrəvan şəhəri, Naxçıvan–mərkəzi Naxçıvan şəhəri, Sürməli–mərkəzi İqdır şəhəri; Şərur-Dərələyəz–mərkəzi Baş-Noraşen kəndi, Üçmüəzzin–mərkəzi Sərdarabad olmaqla təqribən 1,5 milyon nəfərə qədər əhalini əhatə edir.

Qərbi Azərbaycan toponimlərinin müəyyən qisminin əks etdirildiyi Rusiya imperiyasının Tiflis şəhərində yerləşən Qafqaz Hərbi Dairəsi Hərbi Topoqraqfiya bölməsində hazırlanaraq Sankt-Peterburq şəhərində çap edilən “Cənubi Qafqaz. 1903-cü il” xəritəsi həmin məkanın onomostik güzgüsüdür. Bu xəritənin tarixi bələdçiliyi ilə Qərbi Azərhaycan ərazilərinə Çubuqlu-Toxluca-Ağbulaq kəndləri boyunca, Çaykənd, Dilican, Əmirxeyir, Çəmhərək, Gölkənd, Polad Ayrım kəndlərinə keçməklə qədəm basırıq.

Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərini adlayaraq Qaraqoyunlu dərəsinə, oradansa Basarkeçər nahiyəsinə daxil oluruq. Sonra Şərur-Dərələyəzə, Ələyəz dağ silsiləsinə, oradansa Ağbaba və Şörəyel mahallarına çatırıq.

Bunlar isə Zəngəzur dağ silsiləsindən başlayan xəttdir: Bu tarixi yaddaşda Qaladaş və Bəyboğan sıra dağları, Qısırdağ silsiləsi, Canıyandıq dağı, Göyəm dağı, Gərni dağı, Zəngi yaylası, Qapıcıq zirvəsi, Gilan və Oxçu çayları boyunca uzanır. Tarixə ekskursun davamında Gümrü-Göyçə-Pəmbək zolağından keçərək Arpaçayın aşağı yatağına, oradansa Törəgən, Alaca, Afşar, Böyük Yağnı, Kiçik Yağnı, Üçtəpə sıralanır. Oradansa Gözəldərə dağını dolanır, Allaçöl gölünü adlayaraq Yamanqan dağına yetişir, Sadanağ kəndi yaxınlığındakı Oğruca dağına, daha sonra Sarıcallı kəndi yaxınlığındakı Kirgitdağına çatırıq. Ackəsər dağını adlayaraq Qaraxaç aşrımından düşürük. Buradan isə Axısqa türklərinin əsrlərlə məskunlaşdığı yerlərə “əl uzatsan, çatacaq qədər” məsafə var.

Qərbi Azərbaycan hidronimlərinin yaratdıqları mənzərə xüsusilə füsunkardır. Şimal-qərbdə Pəmbək, şimal-şərqdə Göyçə, qərbdə və cənubda Gəyən və Basarkeçər dağları ilə əhatələnən, Göyçə gölünə tökülən 28 addakı çay, oradan mənsəbini götürən, 70 kilometr axdıqdan sonra Araza qovuşan Zəngi çayı bu füsunkarlığı artırır. Onu xüsusi olaraq qeyd edək ki, həmin çaylar ətraf dağlardan axan bulaq sularından əmələ gəlir. Babacan kəndində Gur bulaq, Dərəkənd kəndində Orucoğlu bulağı, Kərimkənd, Başkənd, Paşakənd, Kosa Məhəmməd kəndlərindən axan bulaq suları Nərədüz kəndində birləşərək gölə tökülür, Pəmbək kəndindən Pirverdi bulağı, Həmzəli bulağı, Piyalə bulaq, Murtuzəli bulağı, Toğluca və Ağbulaq kəndləri arasında axan Cələçay, Hamarçay, Çaldaş dağından başlayan Gözəldərə çayı hidronimləri bu yerlərdə minillərlə yaşamış xalqın qoyduğu izlərdir.

Basarkeçər, Pəmbək, Çəmbərək və Kəvər nahiyələrinin müsəlman-türk əhalisi yaşayan kəndlərin – Dərəkənd, Babacan, Toğluca, Pəmbək, Ağbulaq, Cil, Ardanış, Şorca, Ağzıbir, Ağqala, Bığlı, Hacı Muxan, Əyrivəng və digər yaşayış məskənləri o izlərdən yaranan qurşaqdır. Bu nomostikalar günü bu gün də ancaq milli mənsubiyyətinə görə Qərbi Azərbaycandan çıxarılan yüz minlərlə soydaşımızın buraların əsil sahibi olduğunu təsdiq edir.

Bütövlükdə, xalqın dünyagörüşü təkcə dünyanı rasional və məntiqi dərk etməklə deyil, həm də toponimlərin adlandırılmasında reallaşan dünyanı təfəkkür, duyğu, dərk və qiymətləndirmə ilə müəyyən edilir. Coğrafi adları haqlı olaraq linqvistik şəxsiyyətin kommunikativ məkanında fəaliyyət göstərən, özünəməxsus milli xarakter formalaşdıran və daşıyan dil mədəniyyəti hadisəsi kimi qəbul edilir.

Qərbi Azərbaycanda onomastik mənzərənin dəyişdirilməsinə ilkin cəhdlər XIX əsrin 20-ci illərindən – sonuncu Rusiya–İran müharibəsinin nəticələrinin yaratdığı siyasi ab-havadan sonra baş verdi. Regionun işğalı ilə Güney Qafqazın imperiya sərhədlərinə daxil edilməsi yekunlaşandan dərhal sonra İrəvan xanlığının bazasında dini mənsubiyyətə hesablanan strateji dayaqlar yaratmaq prosesi başlanıldı.

Xanlığın ərazisində erməni vilayətinin yaradılması ilə bağlı imperator fərmanı verildikdən bir il sonra – 1829-cu ildə mənşəcə fransalı olan Rusiya tarixçisi və etnoqrafı İvan Şopen Qafqaz canişini Paskeviçdən “Şərqi Ermənistanın ərazisinin təsvirini tərtib etmək üçün” İrəvana gəlmək əmrini alır. O, 1828-ci il Türkmənçay müqaviləsinə əsasən Rusiya imperiyasının tərkibinə verilən və “Ermənistan vilayəti” adlandırılan İrəvan və Naxçıvan xanlıqlarının ətraflı tədqiqi ilə məşğul olur. Dövlət işləri ilə bahəm tarixçi-etnoqraf həm də gələcək kitabları üçün material toplayarkən müxtəlif millətlərin nümayəndələri ilə görüşür, onların adət-ənənələrini, mədəniyyətini müşahidə edirdi.

Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin protokolunda İ.Şopenin Qafqaz haqqında qədim müəlliflərin mənbələri əsasında ayrıca kitab kimi nəşr etmək niyyəti barədə məlumat verilirdi. Həqiqətən də etnoqraf-tarixçinin “Ermənistan vilayətinin Rusiya imperiyasına birləşməsi dövründəki dövlətin tarixi abidələri” kitabı 20 il sonra nəşr olundu.

Onu da qeyd edək ki, Güney Qafqazın kulturoloji qatlarını öyrənmək baxımından qiymətli mənbə sayılan bu kitab sonradan xüsusilə Azərbaycan tədqiqatçıları üçün əvəzsiz ədəbiyyat nümunələrindən biri kimi tanındı. Rəsmi dövlət sənədləri və müasirləri ilə aparılan müsahibələr əsasında hazırlanan o kitab, həmin vaxtlardan, təxminən 80 il sonra Qərbi Azərbaycan ərazilərində meydana gətirilən Ermənistan dövlətinin etnosid siyasətinin ifşası üçün başlıca vasitə oldu.

XIX əsrin ikinci yarısında nahiyə və qəzalara, XX əsrin 30-cu illərində rayonlara bölünən inzibati ərazilərdəki onomastik vahidlərə ötəri baxaq: Ağin, Axta, Allahverdi, Barana, Böyük Qarakilsə, Calaloğlu, Çəmbərək, Düzkənd, Ellər, Ərtik, Əştərək, Gorus, Hamamlı, Karvansaray, Keşişkənd, Kəvər, Qafan, Qarakilsə, Qaranlıq, Qəmərli, Qızılqoç, Meğri, Paşalı, Sərdarabad, Şəmsəddin, Talin, Üçkilsə, Vedi, Vorontsovka, Yelenovka, Zəngibasar.

Həmin vaxtdan keçən yüz il müddətində onomastik mənzərənin necə dəyişməsini 1930-cu il sentyabrın 9-da Ermənistan SSR-nin tərkibində yaradılan Abaran, daha sonralar Aparan və Araqats rayonu adlandırılan inzibati vahidin nümunəsində izləmək maraqlıdır. İrəvan şəhərinin 59 kilometrliyində təşkil olunan rayon ərazisinin bir hissəsi 1970-ci illərdə Hamamlı (dəyişdirilmiş Spitak adlandırılıb) rayonunun digər hissəsi ilə birləşdirilərək ayrıca Araqats rayonu da yaradılır. Rayonun inzibati ərazisinə daxi olan onomastik vahidlərə ötəri nəzər salmaq bəs edər ki, onların türk mənşəli olduğunu görəsən.

Ermənistan dövlətinin yarandığı vaxtdan 15 il sonra işə düşən, dayanmaq bilməyən etnosid siyasətinin hüdudsuzluğunu rəsmi dövlət sənədlərini vərəqləyəndə anlamaq olur: Damcılı kəndi 03.01.1935-ci ildə Mravyan, Babakişi kəndi 04.01.1938-ci ildə Bujakan, Böyük Camışlı kəndi 01.06.1940-cı ildə Alaqyez, 15.07. 1946-cı ildə Səmadərviş kəndi Çknax, Bazarcıq kəndi Arayi, Hacı Xəlil kəndi Tsaxkahovit, Gülablı kəndi Dzoraqlux, Güllücə kəndi Vardenis, Məlikkənd Melikqyuğ, Danagirməz kəndi Ovit, Saçlı kəndi Noraşen, Qəzənfər kəndi Araqats adlandırılır.

Ümumilikdə, 1978-ci il yanvar ayının 25-nə qədər rayonda 30 yaşayış məntəqəsinin adı birmənalı olaraq erməni mənşəli adlarla əvəz olunaraq rayon ərazisindəki türk izlərinin silinməsi ilə başa çatmış sayıldı.

Coğrafi adlar isə kulturoloji kodun semantikası ilə təbii dil vahidləri kimi çıxış edir və mədəni-tarixi xarakterli assosiativ əlaqələri qəbul edənin şüurunda aktuallaşan mədəniyyətin verballaşdırılmış əlamətləri funksiyasını yerinə yetirir. Bunları dəyişmək barədə qərar verən Ermənistan SSR Ali Soveti bu həqiqəti unutmuşdu.

Uğurlu mədəniyyətlərarası və dillərarası ünsiyyət dil nümunələrinin harmonik şəkildə mənimsənilməsini və xarici dil mədəniyyətinə dair zəruri fon biliklərini, bu dildə danışan xalqın milli-mədəni xüsusiyyətlərini bilməyi nəzərdə tutur. Toponimlər hər hansı bir etnik qrupun həyatının mədəni və fəlsəfi qavrayışının mühüm hissəsidir, çünki onlar ictimai-tarixi təcrübəni – ümumbəşəri və milli təcrübəni birləşdirir, məlumatları saxlayır və ötürür.

Əslində, toponimiya obrazlı desək, tarixin coğrafiyaya vurduğu silinməz möhürdür. Ümumiyyətlə, toponimlər linqvistik şəxsiyyətin inkişafı prosesində onun idrak bazasının formalaşmasında mühüm rol oynayır. Bu baxımdan Qərbi Azərbaycanın tarixi yer adları bu qədim türk yurdunun xalqımıza məxsusluğunun mötəbər təsdiqidir.

Mahirə HÜSEYNOVA,
ADPU-nun prorektoru, professor, Qərbi Azərbaycan İcması idarə heyətinin üzvü

Siyasət