Bakı və Pekin sədləri birgə aşır

post-img

Asiya nəhəngi Çinin Cənubi Qafqaz lideri Azərbaycanla əlaqələri geniş müstəviyə keçir

Azərbaycanla Çin arasında münasibətlərin yeni fazaya qədəm qoymasını şərtləndirən amillər az deyil. Burada həm siyasi, həm də iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığı zəruri edən transmilli layihələrlə yanaşı, yeni dünya düzənində Çinin Asiyada aşkar görünən liderliyi və Azərbaycanın Qafqazda söz və güc sahibinə çevrilməsi reallığı da var. Bu iki önəmli tərəfdaş arasında diplomatik əlaqələrin qurulmasından 33 il keçir.

Ötən müddət ərzində əlaqələr qarşılıqlı etimad əsasında inkişaf edib, son illər isə daha geniş vüsət almağa başlayıb. Bu gün Azərbaycan Çinlə, demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.

Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə dost ölkəyə rəsmi səfəri məhz qarşılıqlı faydalılıq prinsipinə əsaslanan əməkdaşlığın yeni üfiqlərini müəyyən etməyə hesablanıb.

Əslində, dünyanın indiki keşməkeşli dönəmində Azərbaycanın Asiyanın yeni lideri Çinlə strateji münasibətlər qurması gələcəyə hesablanmış strateji plan kimi qəbul edilə bilər. Bakı bu yolla tədricən, qarşıya çıxan bütün sədləri Pekinlə bərabər aşaraq irəliləməkdədir. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) özünün hüquqi statusunu yüksəltməsi, BRICS-ə üzv olmaq yolunda müəyyən addımları atması məhz bu strateji planın son hədəfə çatmasını şərtləndirən amillərdəndir. Aydın məsələdir ki, bu gün həm ŞƏT-də, həm də BRICS-də əsas ölkə hesab olunan Çin-in Azərbaycanla bağlı uğurlu tərəfdaşlığa yönəlik öz maraqları var.

Şübhəsiz ki, Azərbaycan–Çin əməkdaşlığının genişlənməsi, dərinləşməsi və intensivləşməsində iki ölkə rəhbərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti olduqca böyükdür. İstər regional, istərsə də beynəlxalq tədbirlərdə dövlət başçılarının sıx və səmimi təmasları tərəflərə fayda verəcək maraqlı ideyaların yaranmasına səbəb olub. Pekin və Bakı ölkələrin ərazi bütövlüyü prinsipini qarşılıqlı şəkildə daim dəstəkləyiblər. Rəsmi Pekin heç vaxt Xankəndidəki keçmiş separatçı “dqr”ı tanımayıb. Bakı isə Tayvanı Çindən ayrı təsəvvürünə belə gətirməyib.

BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çin həmişə Azərbaycanın tərəfində olub. Fransa kimi ermənipərəst dövlətin ölkəmizə qarşı bəyanat qəbul etmək və ya sanksiyaların tətbiqi ilə bağlı məsələlərdə son sözünü veto qoymaqla bildirib. Yəni, Pekin və Bakı bütün müstəvilərdə bir-birinə qarşılıqlı dəstək nümayiş etdiriblər.

Son 10 ildə Azərbaycan–Çin münasibətlərinin müsbət dinamikasını özündə əks etdirən xronikaya diqqət yetirək. 2024-cü il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu. Bu tarixi sənəd Azərbaycanla Çin arasında ikitərəfli münasibətlərin yaxın və uzaq perspektivlərini özündə ehtiva etməklə yanaşı, çox böyük siyasi əhəmiyyətə malikdir.

Xatırladaq ki, 2015-ci il dekabrın 11-də Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı Azərbaycanla Çin arasında 9 sahə üzrə əməkdaşlığa dair sənədlər paketi imzalandı. “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə”yə Prezident İlham Əliyev və Sədr Si Cinpin imza atdılar. 2019-cu ilin aprelində Si Cinpinin dəvəti ilə İlham Əliyev II “Bir kəmər, bir yol” Forumunda iştirak etdi, 2022-ci il sentyabrın 15-də isə Səmərqənddə ŞƏT Sammiti çərçivəsində iki ölkə lideri arasında görüş baş tutdu. Həmin görüşlərin ölkələr arasında ortaq maraqların dəyərləndirilməsi, yeni hədəflərin müəyyən edilməsi, eləcə də dövlət başçılarının şəxsi münasibətlərdə inam və səmimiyyətin möhkəmlənməsi nöqteyi-nəzərindən ciddi əhəmiyyət daşıdığını söyləyə bilərik.

* * *

Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamədə birmənalı şəkildə qeyd olunub ki, tərəflərin strateji tərəfdaşlığı qarşılıqlı hörmətə, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır. Bəli, Azərbaycan və Çin xarici amillərdən asılı olmayaraq, bir-birini etibarlı tərəfdaş hesab edirlər. Bəyannamədə iki ölkə arasında münasibətlərin ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmətə, daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanması xüsusi vurğulanır.

Bir daha xatırladaq ki, Azərbaycan uzun illərdir ki, ŞƏT və “Bir kəmər, bir yol” təşəbbüsü kimi Şərq əsaslı beynəlmiləl platformalar vasitəsilə Çin ilə çoxşaxəli və konstruktiv əlaqələrini genişləndirir. 2024-cü ildə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi iki ölkə arasında daha sıx inteqrasiyanın formalaşmasına zəmin yaratdı. İndi bu strateji tərəfdaşlıq ticari-iqtisadi əlaqələrdən başlayaraq enerji, nəqliyyat-kommunikasiya sahələrinə, eləcə də yeni nəsil texnologiyalar və rəqəmsal infrastrukturun inkişafına qədər geniş spektri əhatə edir. İrimiqyaslı iqtisadi layihələrin birgə icrası iki ölkə arasında diplomatik münasibətlərin daha da möhkəmlənməsinə etibarlı zəmin yaradıb.

Yeri gəlmişkən, bu gün Çin vətəndaşları Azərbaycana vizasız gəlmək imkanına malikdirlər. Onlar elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər. İnanırıq ki, tezliklə Azərbaycan vətəndaşları üçün də belə bir fürsət yaradılacaq. Nəticədə xalqlar arasında təmaslar artacaq, bundan hər iki ölkənin turizm sektoru faydalanacaq və ictimai diplomatiya daha geniş miqyas alacaq.

Xüsusi olaraq qeyd olunmalı faktlardan biri də budur ki, Azərbaycanla Çin arasında siyasi–iqtisadi əlaqələrin artan templə inkişafının əsasında formalaşan əməkdaşlıq münasibətləri iki ölkənin milli maraqlarına cavab verməklə yanaşı, həm də bölgədə uzunmüddətli sülh və sabitliyin, sosial-iqtisadi tərəqqinin yaranmasına xidmət edir. Azərbaycanın dünyanın ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdə ciddi çəkiyə və nüfuza malik bu dövlətlə münasibətləri artan dinamika ilə inkişaf etməkdədir.

Tam əminliklə deyə bilərik ki, Bakı və Pekin artıq ənənəvi münasibətlərini dostluq bağları ilə möhkəmləndirmək yoluna qədəm qoyublar. ÇXR Sədri Si Cinpinin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubu bunun parlaq nümunəsi sayıla bilər. Məktubda deyilir: “Hazırda Çin–Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir, “Bir kəmər, bir yol”un birgə tikintisi çərçivəsində əməkdaşlıq güclənir, beynəlxalq arenada məhsuldar qarşılıqlı fəaliyyət dərinləşir... Sizinlə birlikdə ənənəvi dostluğumuzun möhkəmlənməsində, iki ölkənin xalqlarının rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsində bundan sonra da səylər göstərməyə hazıram”.

Beləliklə, Azərbaycan Çinin bu coğrafiyada, eləcə də dünyada oynadığı vacib rolunu düzgün qiymətləndirir və seçimini bu amilləri rəhbər tutaraq edir. Azərbaycanla Çin arasında uğurlu əməkdaşlığa və inkişafa yönəlik çoxşaxəli münasibətlər çox şeylər vəd edir. Azərbaycan Prezidenti İlham Əliyevin Pekinə rəsmi səfərinin ölkələrin uğurlarına sanballı vəsilə olacağı şübhəsizdir.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

– Çin dünyanın ikinci superdövləti olmaq ərəfəsindədir. İqtisadi cəhətdən bu artıq baş verib. Siyasi cəhətdən isə iki supergüc arasındakı fərq sürətlə azalmaq üzrədir. Çin nəinki yaxın ətrafında, hətta Latın Amerikası coğrafiyasında nüfuzunu artırmaqdadır. Panama kanalının hər iki giriş-çıxış məntəqəsi Çin şikətinin əlinə keçib. Kanadaya təzyiqlər də təsadüfi deyil. Çünki Kanada neftini Çinə satacağını elan edib. Yəni, hazırda Pekin ABŞ-ın dünya hegemonluğunu sual altına qoyub. Bunlar məlum faktlardır.

Azərbaycanın Çinlə strateji portnyorluq səviyyəsində rəsmi münasibətləri var. Rəsmi Pekin Azərbaycana həmişə hörmətlə yanaşıb. Azərbaycan digər ölkələrdən fərqli olaraq, müxtəlif yardımlar üçün, investisiyaların cəlb edilməsi məsələləri ilə bağlı Çini narahat etməyib. Bakı Pekinə tərəfdaşlıq təklif edib. Məlum “Bir kəmər, bir yol” layihəsində bir çox ölkələr Çinə möhtac olduqları halda, Azərbaycan öz ərazisində bu layihənin bütün işlərini özü həyata keçirir. Bu baxımdan, Orta Dəhliz layihəsi də Azərbaycan və Gürcüstan ərazisində məhz bizim ölkənin investisiyaları hesabına formalaşıb.

Aydındır ki, Azərbaycan Çinlə siyasi dialoqu davam etdirməkdə maraqlıdır. Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Əgər sabah bu qurumda Azərbaycana qarşı hansısa təxribatlar törətməyə cəhdlər edilərsə, Pekinin bizim ərazi bütövlüyümüzün təmin olunması məsələsində dəstəyi bunun qarşısını almaq üçün yetərlidir. Bəli, belə prinsipial məsələlərdə Çinin sabit mövqeyi var. Eləcə də Zəngəzur dəhlizinin reallaşdırılması prosesinə İrəvanın süni maneələr yaratması kontekstində Çinin dəstəyi vacibdir.

Bu da faktdır ki, Çin Xəzərin şərq və cənub sahillərində möhkəmlənib. Çin Qazaxıstanda bir nömrəli investordur, Türkmənistan qazının 80 faizi Çinə ixrac olunur. Çin İranın da bir nömrəli portnyorudur. Bu mənada Çinin Xəzərin qərb sahilində – Azərbaycanda, bütövlükdə, Cənubi Qafqazda siyasi və iqtisadi iştirakı güclənəcək. Azərbaycan Prezidentinin Çinə səfərinin məhz bu baxımdan əhəmiyyətli və faydalı olacağına əminəm.

 


İmran BƏDİRXANLI
XQ



Siyasət