Qırğızıstan Milli Filarmoniyasında Azərbaycan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib

post-img

Bu gün Toktaqul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambetəliyev, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, digər ölkələrin səfirləri, diplomatik dairələrin nümayəndələri, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak edib. 

Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambetəliyev qonaqları salamlayaraq belə mədəniyyət günlərinin daha çox keçirilməsi vacibliyindən danışıb. O deyib ki, ötən ilin aprel ayında Bakıda yüksək səviyyədə Qırğızıstan Mədəniyyət Günləri keçirilib. Bu da mədəni sahədə əlaqələrimizin daha da genişlənməsinə təkan verib. 

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən mədəni istiqamətdə əməkdaşlığın durmadan inkişaf etdiyini vurğulayıb. Nazir bildirib ki, Azərbaycan və qırğız xalqları dost və qardaşdır, biz həm ikitərəfli, hən də Müstəqil Dövlətlər Birliyi və Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu əməkdaşlıq edirik və bundan sonra da əlaqələrimizin  inkişaf etdirilməsi əzmindəyik.  

Rəsmi çıxışlardan sonra Qala-konsert olub. Konsertdə Azərbaycan incəsənət ustaları və rəqs ansamblları böyük konsert proqramı ilə çıxış ediblər.

Bu gün həmçinin Qırğızıstan Milli Təsviri İncəsənət Muzeyində Azərbaycan milli incəsənət əsərlərinin sərgisi  keçirilib və hər iki nazir bu tədbirdə  iştirak edib. 

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Bişkek 

 







Mədəniyyət