Dekotini nədən narahatdır?

post-img

Şərti sərhədə tez-tez baş çəkən səfir, sanki, sülhə “badalaq vurmağa” and içib

İkinci Qarabağ müharibəsinin başa çatmasını şərtləndirən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Zəngəzur bölgəsi xarici qüvvələrin ciddi marağına səbəb olub.

O vaxtadək yada düşməyən Zəngəzura yaxın-uzaq ölkələrdən nümayəndə heyətləri axışır. Onlar dəstə-dəstə regiona gələrək burada görüşlər keçirir, hətta konsulluqlar açmaq barədə bəyanatlar verirlər.

Yada salmaq yerinə düşər ki, 2022-ci il oktyabrın 20-də İran İslam Respublikasının Xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistana rəsmi səfər etmişdi. O, səfər çərçivəsində Zəngəzur vilayətinin inzibati mərkəzi olan Qafanda İran baş konsulluğunun açılışına qatılmışdı.

Bundan əlavə, Rusiya tərəfi də vilayətdə baş konsulluğunun açılmasına çalışır. Bu istiqamətdə üç ilə yaxındır ki, iş aparılır. 2023-cü ilin sentyabr ayından etibarən Qafanda baş konsulluğun açılışına hazırlıq üçün məsul olan qrup işləyir. Ermənistan xarici işlər nazirliyi martın sonlarında “Sputnik Ermənistan” agenliyinin yazılı sorğusuna cavab olaraq bildirib ki, hazırda iki ölkə arasında Qafanda baş konsulluğunun açılması məsələsi müzakirə olunur. Redaksiya, xüsusilə prosesin hansı mərhələdə olduğunu, diplomatik nümayəndəliyin açılmasının nə vaxta planlaşdırıldığını, hansı işlərin görüldüyünü, həmçinin konsulluğun niyə hələ də fəaliyyətə başlamadığı ilə maraqlanıb. Ermənistan XİN-dən isə bu suallara qısa cavab verilib: “Qaldırdığınız məsələ iki ölkə arasında müzakirə mərhələsindədir”.

Zəngəzurla bağlı bütün bu fəallaşmanın, səfər və görüşlərin Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatdan sonra baş verməsinə dair yazımızın ilk cümləsindəki qeydimiz təsadüfi deyil. Hamıya məlumdur ki, sənəddə, konkret olaraq onun 9-cu bəndində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa ediləcəyi əksini tapıb. Qeyd edilib ki, Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti orqanlarının həyata keçirəcəyi, tərəflərin razılığı əsasında Naxçıvan MR-lə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin ediləcəyi də bəyanatda vurğulanıb.

Elə həmin vaxtdan etibarən bəzi dairələrin Zəngəzur haray-həşiri başlayıb. Onlar Zəngəzur dəhlizinin açılmasına dair İrəvanın üzərinə götürdüyü öhdəliyin icra olunmaması üçün var gücləri ilə çalışırlar. Dəhlizlə bağlı irəli atdıqları əsas tezis bundan ibarətdir ki, guya, Azərbaycan güc yolu ilə Mehri rayonunu tutmaq, Naxçıvana maneəsiz yol açmaq niyyətindədir. Bir neçə il öncə bununla bağlı xarici mediada yayımlanan yazıları xatırlamaq kifayətdir. Ancaq zaman bu iddiaların hamısının yalan olduğunu sübuta yetirdi. Buna baxmayaraq, məlum dairələr yenə də öz əməllərindən əl çəkmirlər.

Bugünlərdə Zəngəzur vilayətinə Böyük Britaniyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Con Qallaher səfər edib. Hayastan mediası bu barədə Böyük Britaniyanın Ermənistandakı səfirliyinə istinadən məlumat yayıb. Qallaher səfər çərçivəsində Gorus şəhərinin meri Aruş Aruşanyanla görüşüb. Səfir merlə şəhərin gələcək inkişaf planlarını və yerli hakimiyyət orqanlarının icmaların ehtiyaclarına necə cavab verdiyini müzakirə edib. Yerli rəhbərliyin rolu və vətəndaşların idarəetmədə iştirakının vacibliyi də müzakirə edilib. “Gorus Sünik (haylar Zəngəzuru belə adlandırırlar – S.H.) vilayətinin mühüm mərkəzlərindən biridir. Merin planlarını dinləmək və əməkdaşlıq imkanlarını müzakirə etmək faydalı oldu” – deyə diplomat qeyd edib.

C.Qallaher Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının üzvləri ilə də görüşüb. Bu görüş zamanı səfir regional təhlükəsizlik məsələsinə toxunub: “Avropa İttifaqının monitorinq missiyası ilə çox faydalı görüş keçirdim. Onlar öz mandatlarını necə yerinə yetirdikləri və sərhəd icmalarında etimadı necə yaratdıqları barədə danışdılar. Zəngəzurdakı əhalinin dinc, təhlükəsiz şəraitdə yaşamaq və işləmək hüququ var”.

Fransanın Ermənistandakı səfiri, anti-Azərbaycan mövqeyi ilə məşhur olan Olivye Dekotini də Azərbaycanla sərhədə gəlib. Diplomat bu barədə “X” platformasındakı hesabında qeydlər paylaşıb. Dekotini Fransanın humanitar yardımının göstərilməsi proseslərini yerində qiymətləndirmək üçün hayların “Vayoçdzor” kimi eybəcər ad yapışdırdıqları Dərələyəz mahalında olub.

Səfir Dərələyəzi Ermənistan ərazisinin sərhəddə yerləşən strateji vacib regionu adlandırıb. Səfərdə əsas diqqət bir neçə istiqamətə yönəldilib: sərhədyanı yaşayış məntəqələrində vəziyyət, Fransanın əhalinin həssas qruplarına dəstəyi, mədəni irsin qorunması. Dekotini Naxçıvan MR-lə sərhəddə yerləşən Xaçik kəndində də olub. O vurğulayıb ki, Fransanın dəstəyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi kənd təsərrüfatı işlərinin davamlılığını təmin etmək üçün kəndin fermerlərini buğda toxumu ilə təmin edir.

Qeyd edək ki, fransız səfir Azərbaycanla bağlı xoşagəlməz, qıcıqlandırıcı, araqarışdıran addım atmağa vərdiş edib. Sanki İrəvanda fəaliyyətə başlayarkən regionda sülhə “badalaq quracağına”, Ermənistanda revanşist düşüncələri ölməyə qoymayacağına dair sədaqət andı içib. Ölkəmizin əleyhinə açıqlamalar vermək, qara yaxmaq Dekotininin, necə deyərlər, həyat amalına çevrilib. Halbuki, fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malik olan bu şəxsin vəzifəsi üçüncü ölkələrə qarşı fəaliyyət aparmaq yox, Fransa–Ermənistan münasibətlərinin inkişafı üçün çalışmaqdan ibarətdir. Görünür, səfir Azərbaycan əleyhinə fəaliyyəti Paris–İrəvan əlaqələrinin inkişafına mühüm “töhfə” hesab edir.

Dekotini ötən ilin noyabrında “X” hesabında İran ərazisində yerləşən Qərbi Azərbaycan ostanının (əyalət) xəritəsini yerləşdirmişdi. Səfirin xəritəni “Tək və yeganə” sözləri ilə paylaşmışdı. Azərbaycana qarşı bütün platformalarda anti-təbliğat aparan diplomat bu paylaşımla da Vətən müharibəsindən sonra ölkəmizdə xüsusi intişar tapan Qərbi Azərbaycana qayıdış ideyasına, ümumiyyətlə, bu sözə qarşı çıxdığını nümayiş etdirmişdi. Dekotini demək istəmişdi ki, Qərbi Azərbaycan yalnız İrandadır.

2024-cü ilin avqustunda isə səfir lokal xarakterli antiterror tədbirlərinin mahiyyətini təhrif etmiş, necə deyərlər, “gözə kül üfürməyə” çalışmışdı. Həmin günlərdə “ermənilərin Qarabağa qayıtmaq hüququ”ndan danışan diplomat yenə də “X” platformasındakı hesabında yazmışdı: “Gəlin, öz torpaqlarından qovulmuş Dağlıq Qarabağ ermənilərini unutmayaq. Onların qayıtmaq hüququ Beynəlxalq Məhkəmə tərəfindən təsdiqlənib”.

Amma səfirin bu ermənipərərəst açıqlamalarını qeyd etməklə yanaşı, onun təmsil etdiyi dövlətin siyasətini həyata keçirdiyini də unutmaq olmaz. Şübhə yoxdur ki, Dekotini Parisdən aldığı təlimatlar əsasında hərəkət edir. Paris isə beynəlxalq hüququn prinsiplərinə formal şəkildə sadiq qalaraq, erməni tərəfinə birtərəfli dəstəyini getdikcə daha çox nümayiş etdirir. Yelisey sarayı Ermənistanın hərbiləşdirilməsi prosesini fəal şəkildə təşviq edir ki, bu da öz növbəsində regional gərginliyi artırır.

Makron hökumətinin həm indi, həm də son illərdəki hərəkətləri, xüsusən Ermənistan və Azərbaycan arasında münaqişədən sonrakı sülh prosesi kontekstində haqlı narahatlıq doğurur. Elə bir neçə gün öncə – aprelin 17-də Fransa Avropa Parlamentinin Fransadan olan nümayəndələrinin İrəvanda hələ də fəaliyyət göstərən keçmiş separatçı rejimin nümayəndəliyində Qarabağ erməni icmasının “strukturları”, o cümlədən keçmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyanla görüşü, eləcə də görüş zamanı tərəflərin səsləndirdikləri bəyanatlar bir daha təsdiqləyir ki, Fransa Cənubi Qafqazda destruktiv siyasətini davam etdirir. Bu baxımdan Dekotinin bölgədəki gərginlik yaradan fəaliyyətinin məsuliyyətini həm də Makron hökuməti daşıyır.

Ramiyə MƏMMƏDOVA,
“World Panorama” Strateji Araşdırmalar və İnkişaf Mərkəzinin rəhbəri, politoloq

– Zəngəzur dəhlizinin həm açılmasını istəyən, həm də buna mane olmağa çalışan qüvvələrin sayı çoxdur. Təbii ki, dəhlizin əhəmiyyəti böyükdür. Çünki Avropdan Asiyaya yüklərin daşınması, Şərqlə Qərb arasında kommunikasiyanın asanlaşması bəzi ölkələrin böyük marağındadır. Bəzi ölkələr isə buna qısqanclıqla yanaşırlar. Belə ölkələrdən biri də Fransadır.

Fransa səfirinin zəhlətökən hərəkətləri, yəni mütəmadi olaraq Ermənistan–Azərbaycan sərhədinə gələrək haylara dəstək verməsi, onların necə deyərlər, beyinlərini yuması qınanılası hərəkətdir. Fransa Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi anlamalıdır ki, Ermənistan–Azərbaycan münasibətlərində, nəhayət, sülh hökm sürməlidir. Əgər onlar həqiqətən də bir Avropa dövləti kimi Rusiya neft-qazından imtina etmək, Moskvanın hegemonluğunu azaltmaq istəyirlərsə, Cənubi Qafqaz bölgəsinin inkişafına, Zəngəzur dəhlizinin açılmasına çalışmalıdırlar. İndiki vəziyyət, yəni gərginlik ocağını sönməyə qoymamaq elə Avropanın özünün maraqlarına cavab verməyən ən böyük yanlışlıqlardan biridir. Çox təəssüf ki, Parisdə bunu başa düşmək istəmirlər və Bakı–İrəvan münasibətlərini gərginləşdirməklə məşğuldurlar.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanla Ermənistan arasında üçüncü qüvvəyə ehtiyac yoxdur. İki ölkə anlaşa bilir. Ermənistan dövləti də Fransa kimi ölkələrin onun daxili və xarici işlərinə qarışmasına imkan verməməlidir. Bu imkanın yaradılmasının İrəvanın səhvi olduğunu anlamalıdırlar.

Səxavət HƏMİD
XQ



Siyasət