Aprelin 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyetnam Sosialist Respublikasının xarici işlər nazirinin müavini Le Thi Thu Hangın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan və Vyetnam arasında mövcud ikitərəfli və çoxtərəfli münasibətlər, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.
Ölkələrimiz arasında mövcud siyasi dialoqun saxlanılması və inkişaf etdirilməsində qarşılıqlı səfərlərin və təmasların, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.
İqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, humanitar, turizm, təhsil və sair sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin mövcud olduğu diqqətə çatdırılıb. Mövcud imkanlardan istifadə olunmasının, habelə bu istiqamətdə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyətinin əhəmiyyəti qeyd edilib.
Görüş zamanı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı qəbul edilən tarixi qərarların əhəmiyyəti vurğulanıb.
Ceyhun Bayramov, eyni zamanda, qarşı tərəfi Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı barədə ətraflı məlumatlandırıb.
Eyni gündə, Azərbaycanın və Vyetnamın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Vyetnam tərəfindən isə xarici işlər nazirinin müavini Le Thi Thu Hang rəhbərlik edib.
XQ