Qlobal geosiyasətdə “türk ssenarisi”

post-img

V MƏQALƏ

Cənubi Qafqazda sülh təşəbbüsləri

Qlobal geosiyasətdə türk ssenarisi üçün böyük əhəmiyyəti olan və Azərbaycanın dövlət başçısı tərəfindən irəli sürülən prinsipial məqamları geniş vurğulamaq lazımdır. Prezident İlham Əliyev bu məsələni 4 prinsipial müddəanın qarşılıqlı əlaqəsində təqdim etmişdir:

Birincisi, Qarabağ münaqişəsi artıq keçmişdə qalmışdır. İkincisi, Azərbaycan sülh müqaviləsini imzalamağa hazırdır. Üçüncüsü, hər bir region dövlətinin bu prosesi müsbət aspektdə dəstəkləməsi zəruridir. Dördüncüsü, sülh sazişi beynəlxalq hüquq normaları çərçivəsində imzalanmalıdır.

Qarabağ münaqişəsinin keçmişdə qalmasının vurğulanması yalnız Azərbaycana deyil, bütövlükdə, Türk dünyasına aid olan məsələdir. Çünki həmin qələbə ilə Bakı Avrasiyada İkinci dünya müharibəsindən sonra yeganə dövlətdir ki, öz gücünə ərazi bütövlüyünü tam bərpa və suverenliyini tam təmin etdi. Bununla Azərbaycan bir türk dövləti olaraq müstəqil olmaq qüdrətində olduğunu sübut etdi. Eyni məntiqlə bu qələbəni bütövlükdə, Türk dünyasına aid edirlər. Prezident İlham Əliyevin bu fundamental addımı qlobal geosiyasətdə türk ssenarisinin baza prinsiplərindən birini ifadə edir.

Onun əsasında Azərbaycan dövlət başçısı iki mühüm siyasi prinsipi müəyyən etmişdir. Onlardan biri milli miqyasla bağlıdır – “Azərbaycan sülh müqaviləsini imzalamağa hazırdır”, digəri isə Cənubi Qafqazın region kimi inteqrasiyası prosesi ilə əlaqəlidir – “hər bir region dövlətinin bu prosesi müsbət aspektdə dəstəkləməsi zəruridir”.

Buradan geosiyasətdə türk yanaşmasının iki vacib parametrini müəyyən etmək olar. Birinci parametr: türk dövlətləri yalnız sülh, barış, əməkdaşlıq və təhlükəsizliyə istiqamətlənmişlər. İkinci parametr: bu sülhsevərliyi regional miqyasa proyeksiya etməkdə qərarlıdırlar. Buna görə də Azərbaycanın sülh müqaviləsi imzalamağa hazırlığı həm də Cənubi Qafqazda inteqrasiya prosesinin real məzmun almasına xidmətdir.

Nəhayət, qlobal geosiyasətdə türk ssenarisinin reallaşması baxımından prinsipial əhəmiyyəti olan dördüncü müddəanı vurğulamaq lazımdır – “sülh sazişi beynəlxalq hüquq normaları çərçivəsində imzalanmalıdır”.

Bu prinsip türk dövlətləri üçün fundamental əhəmyyət daşıyır. TDT–nin qurulması, onun daxili münasibətlərinin məzmunlaşması və başqa dövlətlərlə (və ya dövlətlər qrupu, beynəlxalq və regional təşkilatlarla) münasibətləri ancaq beynəlxalq hüquq normaları çərçivəsində ola bilər. Azərbaycan Prezidentinin daim vurğuladığı bu prinsip XXI əsrdə beynəlxalq münasibətlərdə əsas faktor kimi qəbul edilməlidir. Qlobal geosiyasətdə türk ssenarisinin başlıca özəlliyi və o anlamda üstünlüyü məhz beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərməklə bağlıdır.

Yeri gəlmişkən, qlobal geosiyasətdə türk ssenarisinin etik aspekti ədalətlilik və humanitarlıqdır (yəni, qarşılıqlı paylaşmaq xətti). Beləliklə, qlobal geosiyasətdə türk ssenarisi 3 təməl prinsip üzərində bərqərar olmaqdadır: beynəlxalq hüquq, ədalətlilik və humanitarlıq!

Bu yanaşma olduqca pozitivdir və parçalanmış dünyada diplomatiyanın birləşdirici rol oynamasına töhfədir. Geosiyasi baxımdan bu tezislərin mühüm cəhətlərindən biri İlham Əliyevin qlobal təhlükəsizlik və əməkdaşlıq arxitekturasının qurulmasına regional miqyaslarda sağlam əməkdaşlıq, qarşılıqlı anlaşma və təhlükəsizlik bazasını yaratmaqla nail olmağın səmərəliliyini ön sıraya çıxarması çox əlamətdardır. Belə br mövqenin nəzəri və praktiki nəticəverici gücü böyükdür.

Zəngəzur dəhlizi və regional inteqrasiya

Azərbaycanın dövlət başçısı yuxarıda vurğulanan istiqamətdən başqa bir mühüm aspektə diplomatik məharətlə keçid etmişdir. Onları faktiki olaraq, bir-biri ilə məzmun, məntiq və ümumi kontekstlə əlaqələndirmişdir. Biz Zəngəzur dəhlizi məsələsini İlham Əliyevin regional inteqrasiya kontekstində təhlil etməsini nəzərdə tuturuq.

Bu məsələ Avrasiya üçün aktualdır. Çünki Çindən başlayan əməkdaşlıq yolunun Qərbə qədər sabit işləməsi üçün Zəngəzur Cənubi Qafqazda açar məkan rolunu oynayır. İlham Əliyev bu faktoru dünyanın yeni düzənində inteqrasiyanın perspektivi kontekstində diqqətə çatdırmaqla, bütövlükdə, hər bir iştirakçı dövlətin (xüsusilə, böyük dövlətlərin) Zəngəzur dəhlizinin açılmasında maraqlı olması zərurətini ifadə etmişdir. Burada Türk Dövlətləri Təşkilatı (TDT) üzvlərinin də Zəngəzur dəhlizinin açılması üçün siyasi və geosiyasi məsuliyyət daşımalı olduğu məqamı da vardır.

Çünki Çindən başlayan Orta Dəhliz marşrutu üzərində Mərkəzi Asiyanın türk dövlətləri də yerləşmişdir. Onların əraziləri həm də TDT-nin ərazisidir. Ola bilməz ki, Mərkəzi Asiya dövlətləri Avropa İttifaqı ilə hər hansı əməkdaşlıq sazişi imzalaya və onu Türk dünyasının demirik, Çinə qarşı yönəldə. O halda Mərkəzi Asiya “Yeni İpək yolu” layihəsindən kənarda qalır ki, sonucda, bu, Avropa ilə əməkdaşlığa zərbə vurmaq deməkdir. Buna görə də, TDT üzvü kimi Mərkəzi Asiya dövlətləri Prezident İlham Əliyevin müəyyən etdiyi Zəngəzur dəhlizinin regional inteqrasiyaya töhfəsi məsələsini avtomatik qəbul etməlidirlər.

Bununla Zəngəzur nümunəsi ilə Azərbaycan lideri yeni diplomatik məharət nümayiş etdirmiş və geosiyasi aspektdə dünyanın birləşməsinin konkret üsullarından birini ortaya qoymuşdur.

Türk dünyasının vahid diplomatik strategiyası

Regional interqasiyanın geosiyasi, ticari, təhlükəsizlik və enerji aspektlərindən regional təşkilatlanmanın diplomatik cəhətinə keçid böyük addımdır. Geosiyasi təlimlərdə bu cür keçidlərin ciddi nəzəri əsaslara malik olmasına xüsusi yer verilir. İlham Əliyev Antalya Forumunda bunun yüksək diplomatik nümunəsini göstərmişdir. Məsələ həm də bir sıra səbəblərə görə, müəyyən dairələrin həm Türk Dövlətləri Təşkilatına (TDT) hücumlar təşkil etməsi, həm də bəzi türk dövlətlərinin qeyri-sabit mövqe nümayiş etdirməsi fonunda əhəmiyyətli praktiki məna kəsb edir.

Azərbaycan Prezidenti forumda müxtəlif siyasi liderlərlə apardığı aktiv müzakirələri və irəli sürdüyü fikirlərlə səmimiyyət və qətiyyətlə türk dövlətlərinin vahid diplomatik strategiya yaratması prosesinə sadiqliyini, bu yolda səmərəli fəaliyyət göstərmək əzmini, qətiyyətini və uğur əldə ediləcəyinə böyük əminliyini təsdiq etdi. O cümlədən, Prezident İlham Əliyev forumda Şimali Kipr Türk Cümhuriyyətinin başçısı Ə.Tatarla görüşdü və vurğulanan problemi müzakirə etdi. Azərbaycan Prezidenti Kipr türklərinə böyük dəstəyinin davam edəcəyini və Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasına qədər mübarizə aparacaqlarını bir daha vurğuladı. Və bu məqsədə nail olacaqlarına əminliyini söylədi.

Qlobal geosiyasət kontekstində Azərbaycan Prezidentinin vahid diplomatik strategiya prinsipini ayrıca vurğulaması aparıcı məqamdır. Çünki diplomatik strategiya hər bir nəzəri yanaşmanın və fəaliyyət prinsiplərinin realpolitika çərçivəsində praktiki reallaşmasının əsas mexanizmidir.

Bundan başqa, hər hansı bir təşkilatın qlobal miqyasda güc olmaq iddiası vardırsa, onun vahid diplomatik strategiyasına malik olması mütləq şərtdir. Bundan kənarda hər hansı müsbət nəticədən danışmaq absurddur. Azərbaycan Prezidenti məsələnin bu cəhətini həm nəzəri səviyyədə aktuallaşdırır, həm də praktiki diplomatik fəaliyyətində onu çox gözəl əks etdirir.

Yuxarıda Şimali Kiprlə bağlı İlham Əliyevin vurğuladığımız mövqeyi bunun əyani təsdiqlərindən biridir. Eyni zamanda, Suriya məsələsində Bakı ilə Ankaranın çiyin-çiyinə dayanması Türk dünyasının vahid diplomatik strategiya müəyyən etməsinin vacib nümunəsidir. Başqa türk dövlətlərinin də bu ibrət dərsini yaxşı mənimsəyəcəklərini ümid edirik. İnformasiya müharibəsinin, faktiki olaraq, yeni keyfiyyət səviyyəsinə yüksəldiyi müasir dünyamızda bu məqamın strateji vacibliyi daha da artmış kimi görünür!

Multikulturalizm və Bakı prosesi

Prezident İlham Əliyev multikulturalizm və Bakı prosesi faktorlarına qlobal geosiyasət kontekstində toxunmaqla metodoloji aspektdə ciddi addım atmışdır.

Birincisi, İlham Əliyev göstərmişdir ki, artıq Azərbaycanın dünyanı birləşdirmədə səmərəli ola biləcək təcrübəsi vardır. İkincisi, bu, siyasi, sosial və ideoloji aspektlərdə multikulturalizm, geosiyasi kontekstdə isə Bakı prosesidir.

Hər iki istiqamət üzrə Azərbaycan kifayət qədər təcrübə toplamışdır. Bakının bununla bağlı konkret müsbət nəticələri də vardır. Onları dünya miqyasına proyeksiya etmək olmazmı? Əlbəttə, olar və bu, çox fayda verə bilər.

Eyni zamanda, Azərbaycan təcrübəsinin qlobal geosiyasətdə real yer tutması TDT miqyasında onun öyrənilməsi ilə sıx bağlıdır. Türk dövlətləri Azərbaycanın tətbiq etdiyi multikulturalizm təcrübəsini TDT-yə səmərəli proyeksiya etmək üçün dərindən araşdırmalıdırlar. Bakı prosesi isə geosiyasi kontekstdə, Türkiyə də daxil olmaqla, hər bir TDT üzvü üçün aktual geosiyasi təcrübə keyfiyyətində qəbul edilməlidir.

Multikulturalizm və Bakı prosesinin TDT miqyasına uğurlu proyeksiyası bir çox aspektlərdə türk dövlətlərinin həmrəyliyinə yeni nəfəs verə bilər. Hər şeydən öncə, TDT sivil, müasir və qarşılıqlı faydalılıq prinsipinə əsaslanan təşkilat kimi qlobal geosiyasətdə öz yerini tutar.

Yekunda belə bir ümumi qənaət əldə edə bilərik ki, TDT dünya miqyasında ən perspektivli əməkdaşlıq modeli olmaq potensialına malikdir. Bu aspektdə, o, həm də perspektivli həmrəylik və əməkdaşlıq məkanı kimi qəbul edilə bilər. Həm də o anlamda ki, türk dövlətləri regionlararası miqyasda sülh, barış, əməkdaşlıq və təhlükəsizlik dəyərlərinin yaradıcısı olmaq imkanlarına malikdirlər. Buna görə də TDT-dən yalnız türk xalqları və dövlətləri deyil, bütöv Avrasiya məkanı faydalana bilər. Bu təşkilatla səmimi münasibətlər hər kəsin xeyrinədir! Bu, qlobal geosiyasətdə türk ssenarisinin əsl mahiyyətini ifadə edən tezisdir!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət