Ağırlıqqaldırma “Olimp”də qaldı

post-img

Ağırlıqqaldıma idman növü Los-Ancelesdə keçiriləcək XXXIV Olimpiya Oyunlarının proqramında qalacaq. Bu qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Hindistanın Mumbay şəhərində keçirilən 141-ci sessiyasında Olimpiya yarışlarının proqramının təsdiq edildiyi iclasda qəbul edilib. 

Əslində, bir idman növünün Olim­piadanın proqramından kənarda qal­ması üçün çox ciddi əsaslar olmalı idi. Təəssüf ki, uzun illər – təxminən O 40 il ərzində “Dopinqsiz bu idman növün­də uğur qazanmaq mümkün deyil” fikri çoxlarının düşüncəsinə hakim kəsildiyi üçün bu idman növündə ağlasığmaz dərəcədə dopinqdən istifadə etməklə uğurlar qazanılırdı. Antidopinq təd­birləri nəticəsində qazaxıstanlı ikiqat Olimpiya çempionu İlya İlyinin və digər titullu idmançıların nəticələrinin ləğvi dünya idman ictimaiyyətində şok effekti yaratdı. 

Bununla da, Beynəlxalq Ağırlıqqal­dırma Federasiyasının (BAF) fəaliy­yətinin araşdırılması, konstitusiyası­nın dəyişdirilməsi, orada bu və digər məsələlərin nəzərə alınması qaçılmaz olub. Beynəlxalq Antidopinq Agentliyi ilə birgə fəaliyyət göstərən Beynəlxalq Test Agentliyi yaradılıb. BAF büdcəsi­nin çox hissəsini dopinqlə mübarizəyə xərcləməyə başlayıb.

Təxminən bir neçə il əvvəl BOK-un BAF-a müraciəti əsasında ehtiyat ana­liz nümunələrinin yenidən yoxlanma­sına başlanıb ki, bu da böyük dopinq qalmaqallarına səbəb olub. Təkrar ana­lizlər nəticəsində çox ciddi problemlər meydana çıxıb. Azərbaycan da daxil olmaqla, 9 ölkənin milli federasiyaları cəzalandırılıb. Azərbaycan Ağırlıqqal­dırma Federasiyası 2017-ci ilin oktyab­rından başlayaraq 1 illik cəzaya məruz qalsa da, görülən geniş tədbirlər nəti­cəsində artıq iyun ayında bəraət alıb.

Bəs hazırda Azərbaycanda bu sahədə vəziyyət necədir? Azərbay­can Ağırlıqqaldırma Federasiyasının Texniki Komitəsinin sədri, mütəxəs­sis Kənan Mustafayev qurumun an­tidopinqlə mübarizə sahəsində ciddi səylər göstərdiyini bildirdi: “Dopinqin aradan qaldırılmasının əsas yolu be­yinləri, düşüncələri təmizləməkdir. Əsas da məşqçilər başa düşməlidirlər ki, biz dopinqsiz də uğur qazana bilərik. Bu gün qələbə qazanıb, sonra idman karyeramız ləkələnərsə, buna getmək olmaz. Bu məsələ ilə bağlı çoxsaylı seminarlar, idmançılar, mütəxəssislər, məşqçilərin iştirakı ilə təbliğat xarak­terli tədbirlər keçiririk. Federasiyanın gördüyü iş nəticəsini verir. Hazırda beynəlxalq səviyyədə dopinqlə bağlı problemimiz yoxdur”. 

Dopinq idmançının daha böyük uğur qazanması üçün qadağan olun­muş maddələrlə kömək etməsi məqsə­di daşıyır. Məsələn, ağırçəkili idmançı 1 məşq ərzində təxminən 10-12 ton çəki qaldırır. Bu çəkinin altında insanın bədəninin yorulması, hətta deformasi­yaya uğraması normal haldır. İdmançı axşam məşqinə qədər bərpa olunma­lıdır. Dərmanların məhz böyük bir his­səsi bərpa prosesinə kömək etsə də, insan orqanizminə böyük ziyan vurur, sonsuzluq, ciddi zədələr, bədənin bir hissəsinin deformasiyaya uğraması, di­gər ağır xəstəliklərə səbəb olur. 

K.Mustafayev artıq antidopinq mə­dəniyyəti yarandığını, yeni nəslin təmiz idman uğrunda mübarizəyə qoşulduğu­nu dedi: “Qadağan olunmamış çoxlu vi­taminlər var ki, onların effekti qadağan olunmuş vitaminlərdən az deyil. Bu xe­yirli maddələr bədəndəki enerjini bərpa etməyə kömək edir. Təbii ki, bunlar bir­dən-birə effekt vermir. Sadəcə vitamin­lər qəbul edib, doğru qidalanıb, doğru rejim quraraq istədiyimiz nailiyyəti əldə edə bilərik. Böyük uğura ədalətli müba­rizə ilə nail ola bilərik”. 

Beynəlxalq Antidopinq Agentliyinin son statistikasına əsaslansaq, dünya idmanında ağırlıqqaldırma dopinqə görə cəzalandırmaya görə heç ilk 5-lik­də deyil. Amma üstündən illər keçmə­sinə baxmayaraq ağırlıqqaldırmanın adı bu problemlə yanaşı çəkilir. Bunun üçün dünyanın müvafiq qurumları ça­lışırlar ki, ağırlıqqaldırma ən təmiz id­man növlərindən biri kimi tanınsın.

 

L.QURBANOVA
XQ



İdman