III məqalə
Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amildir.
Heydər Əliyev,
Ümummilli lider
Azərbaycan alimləri dünya arenasında
AMEA-nın elmi jurnallarının indeksləşməsi prosesinin elmi fəaliyyətin təşkili baxımından böyük əhəmiyyət daşıdığı şüb-
hə doğurmur. Bir daha qeyd edək ki, bu istiqamətdə Azərbaycan alimlərinin şəxsi profilləri yaradılır. Eyni zamanda, elmi istinadları vahid mərkəzdən müşahidə etmək və əlaqələndirmək üçün Milli Elmlər Akademiyasının Rəqəmsal İnformasiya Resursları Mərkəzi təsis edilmişdir. İkinci məqalədə də vurğuladığımız kimi, AMEA-da çalışan alimlərin məqalələri DOİ ilə təmin olunur. Əhəmiyyətli məqamlardan biri də ondan ibarətdir ki, AMEA-nın elmi jurnallarını vahid şəbəkədə birləşdirmək istiqamətində təşkilatın rəhbərliyi çox vacib addım atmışdır – Akademiyanın Dərgi Parkı yaradılmışdır. Bu, “Elektron Akademiya” şöbəsinin yaradılması sayəsində mümkün olmuşdur.
Bunun nəticəsidir ki, “2023-cü ildə AMEA elmi müəssisələrində çalışan alimlər tərəfindən 500-ə yaxın kitab və monoqrafiya, 3000-dən çoxu xaricdə (bunlardan 1000-dən çoxu “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda) olmaqla, təqribən 9500 məqalə və tezis nəşr etdirilmişdir. Elmi işçilərin əsərlərinə 31000-dən çox istinad olunmuşdur” (AMEA hesabatı, 2023).
Bunlarla yanaşı, AMEA-da aparılan tədqiqatların tanınması üçün Vikipediya ensiklopediyasının yaradılması mühüm hadisədir. Bunun üçün Vikipediya təlimləri təşkil edilmişdir. 63 nəfər AMEA əməkdaşı təlim keçmiş, sertifikat almış, 1659 yeni məqalə yazılmış, 10 minədək məqalə redaktə olunmuşdur. Bundan əlavə, AMEA DOI identifikatoru təmin edilmiş jurnallar, jurnal məqalələri və konfrans materialları http://doi.science.gov.az/ saytında yerləşdirilir və arxivləşdirilir.
AMEA-nın Azstate.net-də fəaliyyətinin təmin olunması üçün Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təqdim etdiyi qaydalar çərçivəsində akademiyanın saytlarının fəaliyyəti yenilənir. AMEA-nın 4 elmi bölməsinin və http://doi.science.gov.az/ saytları yaradılmışdır. Kibertəhlükəsizlik və digər tədbirlərin təmin olunması, əlaqədar qurumun təşkilatçılığı ilə keçirilən görüş, konfrans və digər tədbirlərdə müntəzəm iştirak olunur. AMEA Dərgi Parkının bu aspektdə fəaliyyəti tam müasir tələblərə cavab verir.
Belə ki, AMEA Dərgi Parkına daxil olan jurnalların Open Journal Systems platforması əsasında fəaliyyət göstərməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələblər”ə uyğun fəaliyyət göstərməsi, jurnalların fəaliyyətinin TÜBİTAK ULAKBİM Tr Dizin tələblərinə uyğun tənzimlənməsi, jurnalların Avropa Redaktorlar Şurasının qaydalarına uyğun fəaliyyət göstərməsi nəzərdə tutulur. AMEA Rəyasət Heyəti yüksək impaktfaktorlu jurnallarda məqalələrin təşviq edilməsi üçün stimullaşdırıcı tədbirlər həyata keçirir.
Etiraf edək ki, AMEA rəhbərliyinin “Elektron Akademiya” layihəsi ölkədə elmin transformasiyası baxımından olduqca səmərəli addımdır. Başqa məqamlarla yanaşı, yuxarıdakı faktlardan aydın olur ki, bu üsulla Azərbaycan elminin dünya elminin ən müsbət parametrlərinə sahib olması üçün geniş imkanlar yaranmışdır. Elm və təhsillə məşğul olan hər kəs bilir ki, yaradıcılığa qoyulan kapital dərhal nəticə vermir. Bəzən bunun üçün on il lazım gəlir. Nümunə kimi, ABŞ-nin keçmiş prezidenti Barak Obamanın opponentlərinə verdiyi bir cavabı xatırlada bilərik. B.Obama Amerika elminə məsrəfləri bir qərarla iki qat artırmışdı. Buna etiraz edənlərə demişdi ki, “elmə ayırılan xərclər öz bəhrəsini on ildən sonra da verə bilər, ancaq yol düzgündürsə, mütləq bəhrəsi olacaq”!
AMEA-da struktur-funksional parametrlərin yenidən təşkili və ölkə alimlərinin çevikliklə dünya elmi dairələrinə çıxışlarının elektronlaşdırılması mütləq öz bəhrəsini verəcəkdir. Bu tezisin məzmunundakı nikbinlik AMEA-nın beynəlxalq əməkdaşlıq xəttindən də aydın görünə bilər. İndi məsələnin bu aspekti üzərində dayanaq.
Beynəlxalq əməkdaşlıq
AMEA rəhbərliyi beynəlxalq əməkdaşlığın inkişafı üçün intensiv fəaliyyət göstərir. Onlardan yalnız bir qismini burada fakt kimi göstərmək imkanımız vardır. AMEA-nın yeni rəhbərliyi Türkiyə, İtaliya, Çin, Özbəkistan, Qazaxıstan, Pakistan, Gürcüstan və Bolqarıstana səfərlər etmiş, onların elmi qurumları ilə əməkdaşlıq müqavilələri imzalamışdır. AMEA bütün tarixi ərzində ilk dəfə olaraq 3 beynəlxalq elmi qurumun üzvü seçilmişdir. Onlar Beynəlxalq Elmi Şura, Beynəlxalq Dünya Elmləri Akdemiyası, Asiya Elmlər Akdemiyaları və Cəmiyyətləri Assosiasiyalarıdır.
AMEA Qazaxıstanın da elmi qurumları ilə əməkdaşlığı çoxşaxəlilik prinsipi üzrə inkişaf etdirir. Belə ki, 2023-cü ildə Qazaxıstan Respublikası ilə elmi əlaqələr genişləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində dövlət başçılarının görüşü zamanı AMEA prezidenti, akademik İsa Həbibbəyli ilə Qazaxıstan Milli Elmlər Akademiyasının prezidenti, akademik Murat Jurinov tərəfindən elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Bununla yanaşı, AMEA ilə Qazaxıstanın elmi qurumları müxtəlif elmi tədbirləri birgə təşkil etmişlər. O sırada AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Qazaxıstan Respublikası R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə akademik Zərifə xanım
Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” adlı beynəlxalq konfransı vurğulaya blərik.
AMEA türk dövlətlərinin hər birinə aid olan Beynəlxalq Türk Akademiyası ilə də əlaqələri yeni səviyyəyə yüksəltmişdir. AMEA-nın Pakistan İslam Respublikasının Lahor Dövlət Kollec Universiteti (LDKU) ilə əməkdaşlığı genişlənməkdədir. Həmin universitetdə AMEA Azərbaycanşünaslıq Mərkəzi yaratmışdır. LDKU “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” adlı kitab hazırlamışdır ki, bu da milli mədəniyyətimizin təbliği baxımından çox əhəmiyyətli faktlardan biridir.
AMEA Çin Xalq Respublikasının elmi qurumları ilə əlaqələri 2024-cü ildə yeni səviyyəyə yüksəltmişdir. Bir neçə ildir ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin mərkəzi, digər institutlarında Çini tədqiq edən şöbələr fəaliyyət göstərir, tədqiqatlar aparılır. Müxtəlif elmi konfranslar təşkil edilir. Bu kontekstdə Azərbaycan-Çin ədəbi əlaqələrinə aid poeziya antalogiyasının hazırlanması xüsusi yer tutur.
Bunlarla yanaşı, səsvermə hüququna malik olan üzv seçilməklə Azərbaycan Milli Elmlər Akademiyası Beynəlxalq Elmi Birliyin tamhüquqlu üzvü olmaq şərəfini qazanmışdır.
AMEA, həmçinin Türk Dünyası akademiyaları ilə əməkdaşlığı prioritet hesab edir. 2023-cü ildə Özbəkistan Elmlər Akademiyası və qardaş ölkənin 4 elm və ali təhsil qurumu ilə əməkdaşlıq müqavilələrinin imzalanması baxımından əhəmiyyətli olmuşdur.
AMEA yeniləşmə prosesi çərçivəsində Avropa ölkələri və Rusiya istiqamətində də əməkdaşlığa ayrıca diqqət yetirməkdədir. Akademik İsa Həbibbəylinin Bolqarıstana səfəri zamanı 2023-cü il iyulun 6-da Bolqarıstan Elmlər Akademiyası (BEA) ilə Anlaşma Memorandumu imzalanmışdır. Bolqarıstan Elmlər Akademiyasının Etnologiya və Folklor İnstitutu, Ədəbiyyat İnstitutu, Milli Arxeologiya İnstitutunun Arxeologiya Muzeyi, Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində müzakirələr aparılmışdır. AMEA başqa bir Avropa ölkəsi olan İtaliyanın Sandro Teti Nəşriyyat evi ilə əməkdaşlıq istiqamətində əhəmiyyətli addımlar atmışdır.
Nəhayət, AMEA tarixində ilk dəfə olaraq Akademiyalararası Əməkdaşlıq Təşkilatının (İAP) üzvü olmuşdur. AMEA Beynəlxalq Dünya Elmləri Akademiyasının, Beynəlxalq Elmi Şuranın (İSC), Asiya Elmlər Akademiyaları və Assosiasiyaları Cəmiyyətinin (AEAAC) və Avrasiya Universitetlər Birliyinin (AUB) üzvüdür. AMEA İSC-nin Paris, Monteneqro və Kuala Lumpurda keçirilən tədbirlərində təmsil olunmuşdur.
AMEA çox müxtəlif coğrafiyalarda yerləşən elmi qurumlarla əməkdaşlıq edir. O cümlədən Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyası, eyni zamanda Avrasiya Universitetlər Birliyi (EURAS) çərçivəsində tamhüquqlu üzv kimi fəaliyyət göstərir. AMEA, həmçinin Asiya Sosial Elmi Tədqiqat Şuraları Assosiasiyasına (AASSREC) üzvlük üzrə müzakirələr aparmışdır.
***
Azərbaycan Milli Elmlər Akademiyası son iki ildə yeniləşmə prosesində 3 əlamət üzrə irəliyə doğru ciddi addımlar atmaqdadır.
Birincisi, AMEA təşkilatın adındakı “Azərbaycan” sözünə əsl elmi yanaşma əsasında xidmət edir. Bu, müstəqil Azərbaycan dövlətçiliyi, azərbaycançılıq, multikulturalizm faktorlarını özündə ehtiva edən möhtəşəm prosesdir. AMEA Azərbaycana strateji inkişaf kursu kontekstində xidmət etməyi şərəf bilir və onun məsuliyyətini dərindən dərk edir.
İkincisi, təşkilatın adındakı “Milli” anlayışına həqiqi layiq olmaq üçün həm özünü strukturca, həm də fəaliyyət istiqamətləri baxımından inamla yeniləşdirməkdədir. Burada incə məqamın olduğunu hər kəs məntiqi və ya intiutiv hiss edir. Konkret ifadə etsəm, “milli olmağın elmə nə dəxli var?” sualı beyinlərdə dolaşır. Bir aspekt vardır ki, o kontekstdə birbaşa strateji dəxli vardır! O da ondan ibarətdir ki, dünyanın heç bir dövlətində o ölkə üçün antimilli olan sosial, humanitar, ictimai elm yoxdur. Bunu Qərbdə, Asiyada, Latın Amerikasında, Rusiyada aksiom kimi qəbul edirlər və heç bir sual da vermirlər. Azərbaycanda isə “milli elm” termininə yanlış münasibət əsrlərdir ki, kənardan bizə Azərbaycan alimlərinin əsas olaraq beynəlxalq aləm üçün (absurd ifadədir), bəşər üçün (məzmunu boş aldadıcı çağırışdır) çalışmalı olduğunu diktə edirlər. Çünki bir ölkənin yaradıcı adamı Vətəni, ailəsi, cəmiyyəti, dövləti üçün çalışmırsa, o, yanlış yoldadır. Məhz bu mənada elm həmişə millidir! Həqiqi mənada beynəlxalq aləm və bəşəriyyət üçün alim kimi çalışmağın yolu “yaradıcı milliliyi” tam dərk etməkdən, o aspektdə təcrübə toplamaqdan keçir! Onun etnik və ya irqi mənsubluğa heç bir aiddiyatı yoxdur.
Eyni zamanda, burada alimin “milli” olmasının mühüm şərti vardır. Yəni alim uyğun üsulla sosiallaşanda (və ya “alimləşəndə”) “yaradıcı milli” olur, başqa hallarda məhdud etnik, regional və ya irqi çərçivədə “fırlanan” yarımçıq alimlikdən o tərəfə keçə bilmir.
Bəs, alim hansı formada “yaradıcı milli” ola bilər? Yalnız çalışdığı təşkilatda bu mümkündür. Bu baxımdan AMEA-nın indi “yaradıcı milli” alimləri inkişaf etdirmək xətti seçməsi dövlətçiliyə, vətənçiliyə, azərbaycançılığa və bəşəriliyə əsl xidmətdir! Buna dəstək vermək fövqəladə gərəklidir!
Nəhayət, AMEA indi Azərbaycan, Vətən, hər bir yaradıcı insan üçün faydalı ola biləcək “Elmlər Akademiyası” olmaq kursunu seçmişdir. Bunun üçün ölkənin ali elmi təşkilatı fəaliyyətinin bütün istiqamətləri arasında ahəngdarlığı, harmoniyanı, sistemliliyi və ən əsası, müasir yanaşmalar təməlində elmiliyi təmin etməyə çalışır! Əlbəttə, bu, asan yol deyildir və fundamental səviyyədə elmi transformasiyalar tələb edir. AMEA bunu görür, lakin çəkinmir, daim irəliyə can atır. Azərbaycan, azərbaycançılıq, dövlətçilik və ümumiyyətlə, elm naminə bu riskə getməyə dəyər!
Beləliklə, AMEA, sözün həqiqi mənasında və geniş aspektdə müasir tələblərə tam uyğun olaraq milli dövlətçilik prinsipləri əsasında öz strukturunu və elmi prioritetlərini yeniləşdirmə mərhələsindədir. Bu istiqamətdə həyata keçirilən islahatlar, atılan adekvat addımlar bəşəri elmi dəyələr və ölkə reallıqları əsasında Azərbaycan Milli Elmlər Akademiyasının yeni sınağını və müasir vəzifələrini müəyyən edir. Yeniləşmə prosesinin elmimizə yeniliklər gətirəcəyinə inanırıq!
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru