Dunqanların məişəti və adət-ənənələri

post-img

II yazı 

Dunqanlar qədimdən əkinçilik və bağçılıqla məşğul olublar, mal-heyvan saxlayıblar. Düyü sahələrini suvarmaq üçün xüsusi kanallardan istifadə ediblər. Küncüt, pambıq, kətan yetişdirib onlardan yağ alıblar. Kətan və pambıqdan parçalar toxuyublar. Dəmirçiik, toxuculuq, xalçaçılıq, dulusçuluq, ipəkçiliklə məşğul olublar, zinət əşyaları düzəldiblər. İpək, atlas, poplin, batist parçaların hazırlanmasında bitkilərdən alınan təbii boyalardan istifadə ediblər, ştamp üsulu ilə parçalara müxtəlif rəsmlər vurublar. Dulusçuluqda müxtəlif istiqamətli məktəblər mövcud olub və indi də var. Hər usta özünə xas bədii üsluba malikdir. Qabların üzərində quş, heyvan, gül şəkilləri üstünlük təşkil edir. Nar, şaftalı v' alma çiçəkləri də çox populyardır.

Zərgərlər qızıl və gümüşdən müxtəlif zinət əşyaları hazırlayırlar. Bu zaman yaqut, zümrüd, firuzə, mirvari kimi qiymətli daşlardan istifadə edirlər. Əvvəllər zəngin adamlar atlarının üzəngisini, silahlarını bəzəmək üçün zərgərlərə sifariş verirdilər. Hindistan, İran və Rusiyadan gətirilən qiymətli daşlardan üzük, sırğa, bilərzik və boyunbağılar düzəldiblər.

Dunqanların milli geyimləri Çin paltarlarına bənzəyir: Boğazsız ağ bez köynək, kətan şalvar. Köynəyin üzərindən kaftan, soyuq aylarda yan tərəfdən düymələnən sırıqlı pambıq xalatlar geyinir, başlarına araxçın formasında yumru papaq qoyurlar. Qadınların libasları daha rəngarəngdir. Onlar geniş qollu köynək və şalvardan ibarət kostyumlar geyinirlər. Paltarların boyun və qol hissəsi rəngli lentlərlə bəzədilir. İpək və atlasdan tikilən paltarlarda budağa qonmuş quşlar, üzüm, pion, şanagülə və   nar şəkilləri əks olunur. Bunlar var-dövlət, uzunömürlülük, sevgi, sədaqət rəmzi sayılır. Bayramlarda paltarların üstündən dekorativ bəzəklər vurulmuş örtük salırlar. Saçlarına gül taxır, müxtəlif daşlardan ibarət asma bəzəklər vururlar.

Dunqan mətbəxində əsas yeri düyü tutur. Onu buxarda duzsuz bişirirlər. Düyünü kasalara tökür, ortasına tərəvəz və ət qoyurlar. Kök, çuğundur, badımcan, turp, kələm, pomidor və bibərdən Çin mətbəxinə aid salatlar hazırlayırlar. Dunqanlar sarımsaq, soğan, acı bibər, şüyüd, kərəviz, keşniş toxumu, zəncəfil və zirədən geniş istifadə edirlər. Laqman, mampar, mantı, funçoza, acı badımcan, xoşan çox sevilən yeməklərdir. Dunqanlar alkoqollu içkilərdən uzaqdırlar. Əsasən müxtəlif tərkibli çaylardan istifadə edirlər. Duzlu və südlü çayı sevirlər.

Dunqan etnogenezinə türk, ərəb, monqol xalqlarının təsiri böyükdür. Uşaqlara Məhəmməd peyğəmbərin (s.əs) və yaxınlarının adlarını daha çox qoyurlar. Dunqanlar bir addan müxtəlif adlar yaradırlar. Məsələn, Məhəmməd adından yaradılan Mur, Mumuzı, Murdanzı, Xava, Xager və Mer kimi adlar mövcuddur. Oğlan uşaqlarına xarakteri səciyyələndirən, qızlara bitki, heyvan, qiymətli daşların adları qoyulur. Məsələn, Sanxu – mərcan, Şandan – zambaq və s. Bəzən adlar ailədə uşaqların sayına və körpənin həftənin hansı günündə doğulduğuna görə verilir. Cümə axşamı və şənbə xoşbəxt günlər sayılır. Soyadları çinlilərdə olduğu kimidir: Li, Ma, Dan və s.

Dunqanların özünəməxsus toy adət-ənənələri var. Gənclər daha çox valideynlərin seçdiyi adamla evlənirlər. Bir qayda olaraq, qızları başqa dinə məxsus kişiyə vermirlər, amma oğlanlar başqa dindən olan qızla evlənə bilər. Onların uşaqları müsəlman kimi tərbiyə olunur.

Toy mərasimi elçiliklə başlayır. Elçi mijın adlanır, mənası “insanları birləşdirən” deməkdir. Mijın qız evinə səhər tezdən gedir, əlində qırmızı parçaya bükülmüş hədiyyə – çay, ərik qurusu və qoz-fındıq olur. İlk səfərdə cavab verilmir, üç gün möhlət istənilir. Həmin müddət ərzində hər iki valideynin qohumları ilə məsləhətləşirlər, qızın fikrini öyrənirlər. Bu gün bunlar formal xarakter daşısa da ənənə qorunub saxlanılır. Elçi ikinci dəfə  gələndə “yox” cavabı veriləcəksə hədiyyə geri qaytarılır. Əgər üçüncü görüş təyin edilirsə, demək, cavab müsbət olacaq. Üçüncü görüşdə razılıq əldə olunur, təzə qohumlar bir-birinə hədiyyələr verir, toyun vaxtı və maliyyə məsələləri müəyyənləşdirilir. Bəzi ailələr südpulu da alırlar. Dunqanlar qıza zəngin cehiz verirlər.

Dunqan toyu üç gün davam edir. Məclisdə ən az 500-600 nəfər olur. Kənd yerlərində səsgücləndirici ilə hamını toya dəvət edirlər. Toya gələn yanında dost-tanışını da gətirə bilər. Kim toya gəlmirsə ondan möhkəm inciyirlər.

Toyun birinci günü həm qız, həm oğlan evində məclis qurulur. Gəlin yaxın qohumları və rəfiqələri ilə deyib-gülür, rəqs edirlər. Doğmaları ilə vidalaşır. İkinci gün gəlini oğlan evinə gətirirlər. Ata evindən onu ağlayaraq yola salsalar da oğlan evində musiqi və rəqslərlə qarşılayırlar. Süfrə arxasında hamı gəncləri təbrik edir, hədiyyələr verirlər. Üçüncü gün qonaqlar toya salacaqları pulu gətirirlər və bu pul sonra bəyin və gəlinin anasına verilir. Zarafatla bunu “gömrükdən keçmə” adlandırırlar.

Toyda kişilər və qadınlar ayrı otururlar. Masa arxasında mütləq 8 nəfər oturmalıdır. Əvvəlcə qonaqlara çay süzülür, sonra yağda qızardılmış kökələr verilir. Daha sonra ətdən hazırlanan 7 növ yemək, şorba, laqman, tərəvəzli toyuq, soyuq və isti salatlar, qoyun əti təqdim olunur. Süfrədə mütləq bişmiş içalat və müxtəlif variantlarda  düyü olur. Toyun üçüncü günü səhər namazından sonra dunqan aşı verilir. Qız evindəki məclisdə isə dunqan mətbəxinin sevilən yeməyi – 7 növ küftə hazırlanır.

Qohumlardan və dostlardan ibarət xüsusi komanda toyun təşkili, idarə edilməsi ilə məşğul olur. İmam nikahı qız evində kəsilir. Sonra rəsmi nikaha girirlər. 

Toyun səhəri mantı hazırlanır. Gəlin  qonaqları salamlayır. Bu adətə “gəlin salamı” deyilir. Bu ənənə özbəklərdə də var. Gələn qohumlar və yaxınlar hədiyyə və ya pul gətirirlər. Bəy isə dostları ilə gəlinin ata evinə gedir, orada mantıya qonaq olurlar. Daha sonra qızın yaxın qohumları ilə birgə toy evinə qayıdırlar. Toyun əsas yeməyi – şi süfrəyə veriləndə gəlin bir-bir qonaqları yeməyə dəvət edir. Bu mərasim çin-ne- jya (qudaları çağırma) adlanır.

Dunqanlar toya çox pul xərcləyirlər. Özləri də deyirlər ki, toya bir il hazırlaşırıq, bütün ömrümüz boyu borc ödəyirik. Bəlkə elə buna görə də ailələrimiz çox möhkəmdir, boşanma, demək olar ki yoxdur.

Toyda gəlin Çin dəbinə görə bəzədilir. Gəlinin geyimi xua xe adlanan bəzəkli başmaqlardan, corabdan (xua vazı), üzərində əjdaha və simurq quşu şəkilləri olan qırmızı paltardan, gümüş bağları və zınqırovları olan şalvardan və gümüş baş bəzəyindən (izyunpe) ibarətdir. Belə hesab olunur ki, əjdaha gəlini pis ruhlardan qoruyur. Gəlinin saç düzümü “qaranquş” adlanır, saçlara gümüş bəzək əşyaları və güllər taxılır. Bəy əyninə xalat, ayağına uzunboğaz çəkmələr geyinir, başına yumru papaq qoyur. Çiyninə isə çarpaz qırmızı və yaşıl parçalar salır. Gənclər bir neçə həftə qonaqları bu geyimlərdə qarşılayırlar.

Maraqlıdır ki, müasir Çində dunqanların toy adətləri silinib gedib. Tarixi vətənlərindən ayrı düşən dunqanlar isə qədim adət-ənənələrini qoruyub saxlaya biliblər.

Qulu Kəngərli,
XQ-nin xüsusi müxbiri

Daşkənd

 



Sosial həyat