Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Saatlı rayonunda inşa olunan 360 şagird yerlik yeni məktəb şagirdlərin istifadəsinə verilib.
Açılış mərasimində bildirilib ki, Ömər Faiq Nemanzadə adına Günəşli kənd ümumi orta məktəbi 1994-cü ildə ibtidai məktəb kimi fəaliyyətə başlayıb. Ötən müddətdə bina istifadəyə yararsız vəziyyətə düşdüyündən yeni məktəb binasının inşasına ehtiyac yaranmışdı. Heydər
Əliyev Fondu bu tələbatı cavablandırmaq üçün kənddə üçmərtəbəli 4 korpusdan ibarət yeni məktəb binası tikdirib.
Yeni təhsil ocağında 17 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim otağı, tibb otağı, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası yaradılıb.
***
Fondun İmişli rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəb üçün inşa etdirdiyi 624 şagird yerlik bina da yeni dərs ilinin başlanğıcında istifadəyə verilib.
Açılış mərasimində Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin nümayəndələri, İmişli Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, 1972-ci ildə inşa edilmiş Aranlı kənd 1 saylı tam orta məktəbin binası ötən müddətdə istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondunun hədiyyəsi olan 624 şagird yerlik üçmərtəbəli 4 korpusdan ibarət məktəb binası zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz edilib.
***
Heydər Əliyev Fondu məktəbəqədər təhsil müəssisələrinin inkişafı sahəsindəki fəaliyyəti çərçivəsində növbəti layihəsini Qaradağ rayonunda həyata keçirilib.
Rayondakı 286 saylı körpələr evi-uşaq bağçası 1980-ci illərdə inşa olunub. Uzunmüddətli istismar nəticəsində bina istifadəyə yarasız vəziyyətə düşüb.
Heydər Əliyev Fondu tərəfindən binada təmir-bərpa işləri həyata keçirilib, yataq və oyun otaqları, akt zalı, mətbəx, tibb otağı və digər inzibati və texniki otaqlar inşa edilib. 120 yerlik müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə qurğuları yaradılıb, qruplar üçün söhbətgahlar quraşdırılıb.
XQ