İqlim dəyişikliyi dünyada ümumi tərəqqini əngəlləyir

post-img

Azərbaycan bu bəlaya qarşı Dünya Bankı ilə səmərəli əməkdaşlıq edir

Dünya Bankının (DB) hesabatına əsasən, bu maliyyə qurumu  gələcəkdə iqlim dəyişikliyi ilə mübarizəyə ayrılan vəsaitin həcmini diqqətdə saxlamaqla bərabər, həm də  investisiyaların təsirini davamlı izləməyi qarşıya mühüm vəzifə kimi qoyub.

20-dən çox ölkəni əhatə edən həmin hesabatda göstərilir ki, iqlim dəyişikliyi ölkələrin uzunmüddətli inkişaf məqsədlərinə çox ciddi təhlükə yaradır. Buna görə də beynəlxalq miqyasda nəzərdə tutulan layihələr reallaşdırılarsa, emissiyalar azalar və bu,   iqtisadiyyatların böyüməsinə müsbət təsir göstərər. Belə keçidi həyata keçirmək üçün lazım olan maliyyə resursları orta hesabla ÜDM-in, təxminən, 1,4  faizini təşkil edir. Özəl sektorun fəal iştirakı ilə bu məbləğ kifayət qədər əlçatandır. 

Bununla belə, aşağı gəlirli ölkələrdə tələb olunan maliyyələşdirmə ÜDM-in 5 faizini keçə bilər. Bu zaman  yüksək gəlirli ölkələrin ciddi  dəstəyi, o cümlədən daha güzəştli maliyyələşdirməsi tələb olunur. 

DB, həmçinin davamlı inkişafa nail olmaq və yoxsulluğa son qoymaqla yanaşı, qlobal istiləşmənin 2°C, imkan olarsa 1,5°C ilə məhdudlaşdırılmasında irəliyə doğru mühüm addımı şərtləndirən yeni maliyyələşdirmə əməliyyatlarını Paris Sazişinin məqsədlərinə uyğunlaşdırmağı öhdəsinə götürüb. Bank 2023-cü il iyulun 1-dən  özünün bütün maliyyələşdirmə əməliyyatları bu öhdəliyə uyğun olduğunu  qeyd edib.

Sözügedən maliyyə qurumunun  məlumatına görə, DB-nin baş ofisində İqlim Dəyişikliyi ilə Mübarizə üzrə Maliyyə Nazirləri Koalisiyasının katibliyi fəaliyyət göstərir. 86 ölkənin maliyyə nazirliyini və 26 institusional tərəfdaşı birləşdirən bu koalisiya 2023-cü ildə bankın növbəti yaz  toplantısında yaradılıb. Koalisiya yaradılarkən qarşıya qoyulan əsas məqsəd iqlim dəyişikliyi və ədalətli keçidin iqtisadi gündəmdə əsas yer tutmasını gerçəkləşdirmək, ölkələrin üzləşdiyi strateji problemləri müzakirə etmək və strategiyaların həyata keçirilməsində səmərəli təcrübəni bölüşmək olub.   

Koalisiya artıq maliyyə nazirliklərinin iqlim fəaliyyətinə üstünlük verməyə kömək göstərmək üçün yeni tövsiyələr dərc edib. Siyasi qərarlar qəbuluna cavabdeh şəxslər, həmçinin ən çox çirkləndirici sənaye və fəaliyyətləri karbonsuzlaşdırmağı hədəfləyən “keçid maliyyəsi”ni də müzakirə edib və potensialın artırılması,  eləcə də yeni “yaşıl” siyasət və proseslərin həyata keçirilməsi üçün proqramları genişləndirib. 

DB-nin Azərbaycanla əməkdaşlığına gəldikdə isə, bu məsələdə sosial-iqtisadi sahələrlə yanaşı, “yaşıl eneji” siyasətinin gerçəkləşdirilməsi də ön planda saxlanılır. Məsələn, 2022-ci ildə keçirilən Bakı Enerji Forumunda Azərbaycanın Energetika Nazirliyinin Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Dünya Bankı ilə birgə hazırladığı “Dəniz külək enerjisinin inkişafı üzrə Yol Xəritəsi” 2040-cı ilədək ölkəmizin Xəzər şelfində ümumi gücü 7,2 QVt olan dəniz külək stansiyalarının quraşdırılması  nəzərdə tutur. Ekspertlərin fikrincə, bu, Azərbaycanın dekarbonizasiya və davamlı inkişaf sahəsindəki prioritetlərə uyğun gəlir. 

Bildirilir ki, respublikamızda dəniz külək enerjisinin quraşdırılmış gücü ölkənin enerji təchizatının 37 faizini təmin edə bilər. Bundan əlavə, Azərbaycanda dəniz külək enerjisinin tədrici    inkişafı nəticəsində 2040-cı ilədək quraşdırılmış gücünün 1,5 QVt-a çatacağı və 7 faiz karbonsuz enerji istehsalına nail olunacağı proqnozlaşdırılır.  

Yol Xəritəsində dəniz külək enerjisinin potensialından istifadəyə dair tövsiyələr də var. Bunlara 2030-cu və 2036-cı illər üçün hədəflərin müəyyən edilməsi, 200 MVt gücündə pilot layihənin və daha sonra daha böyük layihələrin işlənib hazırlanması, dənizdə yeni külək enerjisi imkanlarının açılması, infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinin cəlb edilməsi üçün qabaqcıl qlobal təcrübələrin tətbiqi, eləcə də   dayanıqlı dəniz külək layihələri üzrə bir sıra tədbirləri həyata keçirmək məqsədilə dövlət təşkilatlarının əməkdaşlarının bilik və bacarıqlarının artırılması daxildir.

Azərbaycan hökuməti respublikamızda  daxili istehlak və ixrac məqsədilə bərpaolunan enerjinin inkişaf etdirilməsi, şəbəkənin gücləndirilməsi və modernləşdirilməsi, həmçinin regional “yaşıl enerji” dəhlizinin həyata keçirilməsi ilə bağlı genişmiqyaslı fəaliyyətdə DB-nin iştirakını  yüksək qiymətləndirir.  

Bildirilir ki, Dünya Bankının AYİB və digər potensial tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyalarının enerji sisteminə inteqrasiyası məqsədilə şəbəkənin gücləndirilməsi prosesinin intensivləşdirilməsi və bu məqsədlə maliyyə dəstəyinin tezləşdirilməsi ölkəmizin bərpaolunan enerji ilə bağlı hədəflərinin reallaşdırılması üçün mühüm əhəmiyyət daşıyır. “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizinin, növbəti illərdə dənizdə külək enerjisi potensialının artırılması üzrə əməkdaşlığın isə Azərbaycanın “yaşıl enerji”nin təchizatçısı olması dəstəklənir. 

Hazırda 4 ölkəni əhatə edən dəhlizin texniki-iqtisadi əsaslandırlmasının hazırlanması, Birgə Müəssisənin yaradılması, həmçinin Mərkəzi Asiyadan bu dəhliz vasitəsilə yaşıl enerjinin ötürülməsi ilə bağlı məlumatlar diqqətdə saxlanılır və müvafiq layihələr gerçəkləşdirilir.  

Sonda qeyd edək ki, DB-nin məlumatına görə,  bu maliyyə qurumunun  iqlim maliyyələşdirməsi 2023-cü ildə rekord həddə çataraq 29,4 milyard ABŞ dolları təşkil edib.

V.BAYRAMOV
XQ

 



Ekologiya